Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə

 Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş cədvələ uyğun olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 20-də Sumqayıtda vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, Xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binasında keçirilən qəbulda Abşeron və Qubadlı rayonlarının, həmçinin Sumqayıt sakinlərinin müraciətlərinə baxılıb.

Müraciətlər əsasən Xidmətin Sumqayıt şəhər idarəsi və Abşeron rayon şöbəsində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan şəxslərin ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə köməklik göstərilməsinə dair olub.

Qəbulda irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

Azərbaycan.-2014.- 21 noyabr.- S.7.