Bakıda Avropa Şurasının qonşu regionlar üzrə siyasətinə dair beynəlxalq konfrans işə başlayıb

 

Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində noyabrın 7-də Bakıda Avropa Şurasının qonşu regionlar üzrə siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, iki günlük konfransın keçirilməsində məqsəd Avropa Şurasının qonşu regionlar üzrə siyasəti çərçivəsində əldə edilən nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Tədbir Avropa Şurasının, quruma üzv dövlətlərin və qonşuluq siyasəti proqramında iştirak edən ölkələrin yüksək səviyyəli nümayəndələrini bir araya gətirib.

Konfransın açılışında çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin fərqli mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşdiyini, müxtəlif etnikdini icmalar arasında sülh şəraitində birgə mövcudluğun əsrlərlə davam edən ənənələrinə malik olduğunu söyləyib. “Bu səbəbdən biz mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğini xarici siyasətin prioritetləri səviyyəsinə qaldırmışıq”, - deyə nazir əlavə edib. E.Məmmədyarov Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi bir sıra beynəlxalq humanitar tədbirlərin təşəbbüskarı və ev sahibi olduğunu, 2016-cı ildə ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini diqqətə çatdırıb.

Nazir deyib ki, bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkəmizin payına düşür. Əhəmiyyətli neftqaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir.

Artan iqtisadi gücü ilə Azərbaycan dünyada yardıma ehtiyacı olanlara kömək etməyi özünün mənəvi məsuliyyəti kimi hiss edir. Bu ruh bizi donor ölkə olaraq Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə yardım etməyə yönləndirir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi hazırda 20-dən çox ölkədə müxtəlif yardım proqramları həyata keçirir”, - deyə E.Məmmədyarov bildirib.

Nazir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin - Dağlıq Qarabağonun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən qanunsuz işğalı və 1 milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, ölkəmiz və region daha çox nailiyyətlər əldə edə bilərdi. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını təsdiq edən və işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, tam və qeydi-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsi məyusedicidir.

Nazir deyib: “Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimizlə təşkil olunmuş sonuncu əsas iclasdır. Mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm”.

Nazir Azərbaycanın hər kəsin mənafeyi naminə konsensual nəticəyə nail olmaq üçün dialoqkompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişafı istiqamətində nəzərəçarpacaq cəhdlər nümayiş etdirdiyini vurğulayıb. O, ötən müddətdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə, müxtəlif mədəniyyətli cəmiyyətlərin, gənclərin təhsilinin inkişafı, sosial həmrəyliyin möhkəmləndirilməsi daxil olmaqla bir sıra sahələrə diqqət yetirildiyini söyləyib. E.Məmmədyarov Azərbaycanda təşkil edilmiş 18 tədbirin hər birinin Avropa Şurasının səyləri üçün təcrübi nöqteyi-nəzərdən faydalı olduğuna inandığını bildirib. O, Azərbaycanın Avropa Şurasının siyasətinin qonşu regionlarda daha yaxından tanıdılması istiqamətində sədrliyin ona verdiyi üstünlüklərdən yararlana bildiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Azərbaycan qonşuluq siyasətinin əhatə etdiyi bir çox dövlətlərlə tarixi dostluq münasibətləri olan ölkə kimi başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından biridir.

E.Məmmədyarov deyib: Biz həm də mədəniyyətlərarası dialoqla bağlı fəaliyyətlərin qonşuluq siyasəti tərəfindən müəyyən edilmiş bütün məqsədlərə əlavə dəyər verə biləcəyi məsələsi ətrafında müzakirələr apara bilərik”.

Avropa Şurasının xarici əlaqələr üzrə direktoru Zoltan Taubner konfransda nailiyyətlərin nəzərdən keçiriləcəyini və gələcəyə baxışların müəyyənləşdiriləcəyini söyləyib. O, üç ildir həyata keçirilən qonşuluq siyasəti ilə bağlı müsbət dəyişikliklərin baş verdiyini bildirib, bu proqramda iştirak edən dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Z.Taubner qonşuluq siyasətinin daha uğurla həyata keçirilməsi üçün tərəfdaşların dəstəyinin zəruri olduğunu diqqətə çatdırıb.

Konfrans işini sessiyalarla davam etdirir.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.3.