BTQ Azərbaycanın iradəsi və qətiyyəti hesabına reallaşan layihədir

 

21 noyabr Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulduğu gündür

 

Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu işə salmaq indi əsas vəzifələrimizdən biridir və buna nail olacağıq. Belə olan halda, həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yükdaşımalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işğalçı dövlət - Ermənistan bütün bu layihələrdən kənarda qalacaqdır.

 

İlham ƏLİYEV

 

Əlverişli coğrafi məkanda yerləşməsi Azərbaycana bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində fəal iştirak etməyə imkan verir. TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərindən sonra artıq neçə ildir yeni - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi gündəmdədir. Azərbaycan bu yeni layihənin təşəbbüsçüsü və əsas iştirakçısı olmaqla gələcəyə hesablanmış mühüm bir addım atmışdır. Bakı-Tbilisi-Qars gətirə biləcəyi bütün iqtisadi dividendlərlə yanaşı, tranzit daşımaların mərkəzinə çevrilən ölkəmizin regionda söz sahibi olmasını da bir daha təsdiqləyir. Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyədən savayı, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də, xüsusən Avropa ilə sıx nəqliyyat əlaqələri qurmalarına böyük imkanlar açır.

Layihənin reallaşması prosesinə xronoloji ardıcıllıqla nəzər salaq: bu barədə danışıqlara hələ 1993-cü ilin iyulunda Ankarada keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır. 2002-ci ilin iyulunda İstanbulda keçirilmiş Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin iclasında isə layihənin reallaşması barədə imzalanan protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin iyununda Gürcüstana rəsmi səfəri zamanı qonşu ölkənin dövlət başçısı ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və ölkəmizin də bu layihədə iştiraka hazır olduğunu bildirmişdi. Həmin ilin avqustunda Ankarada keçirilən Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və sözügedən layihə üzrə danışıqlara həsr olunan görüşdə tərəflər, ilk növbədə, mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşdırılması layihəsinin hazırlanması barədə razılığa gəlmişlər. Bundan bir müddət sonra, 2004-cü il noyabrın 14-də Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilmiş Nəqliyyat Nazirlərinin Konfransında layihənin vacibliyiregional xarakter daşıması barədə Azərbaycan, Türkiyə və Gürcüstan birgə bəyanat imzalamışlar. Və nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il fevralın 21-də “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd olunurdu: “Azərbaycan Respublikasında aparılan uğurlu sosial-iqtisadi quruculuq işlərinin nəticəsində ölkədə iqtisadi inkişafın yüksək artım tempinə nail olunmuşdur, dövlətimizin iqtisadi qüdrəti gücləndirilmişdir və bu istiqamətdə fəaliyyət ardıcıl surətdə davam etdirilir. Heydər Əliyev neft strategiyasının tarixi bəhrələri olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ərzurum Cənubu Qafqaz Boru Kəmərinin istismara verilməsi və bununla da Azərbaycanın dünya bazarına neftqaz ixrac etmək imkanı əldə etməsi Avropa Qonşuluq Siyasəti çərçivəsində səmərəli əməkdaşlığı daha da genişləndirir, dövlət müstəqilliyi və suverenliyimizin möhkəmlənməsini təmin edir... Eyni zamanda Azərbaycanın geosiyasi vəziyyəti dünyanın müxtəlif istiqamətlərini birləşdirən ticarət yollarının kəsişməsində yerləşməsi ilə əlaqədar ölkəmiz tarixi İpək yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından biri olmuşdur... Nəqliyyat infrastrukturunun diversifikasiyasında, beynəlxalq yük daşımalarının Azərbaycan ərazisindən tranzitin daha da artırılmasında, regional əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcək yeni nəqliyyat dəhlizinin yaradılması məqsədi ilə təşəbbüsümüzlə Azərbaycan Respublikasının, Gürcüstanın və Türkiyə Respublikasının prezidentləri tərəfindən Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu bağlantısını nəzərdə tutan “Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı” barədə birgə Bəyanat imzalanmışdır”.

Təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu Bosfor boğazında dəmir yolu tunelinin inşasını, Trans-AvropaTrans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çıxışını təmin etməsini nəzərdə tutan layihədir. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsaiki gün yarıma İstanbula getmək mümkün olacaq.

Mütəxəssislərin fikrincə, BTQ Bakı-Tbilisi-Ceyhan xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Belə ki, BTQ region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Layihənin iqtisadi səmərəlilik və siyasi dividend, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından da böyük əhəmiyyəti var. Gələcəkdə AvropaAsiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodalkonteyner daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir. Yeri gəlmişkən qeyd edək ki, BTQ-nin istifadəyə verilməsindən sonrakı ilk illərdə Azərbaycanın təkcə tranzitdən minimal illik gəlirinin 50 milyon dollar olacağı gözlənilir.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan istifadəyə verilməsi yaxın vaxtlarda gözlənilən bu layihədən danışarkən onu “Dəmir İpək yolu” adlandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev isə sözügedən layihə barədə demişdir: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars. Yəni Bakı ilə Tbilisi və Türkiyənin üç şəhəri. Bu onu göstərir ki, üç ölkə arasında olan əməkdaşlıq öz konkret nəticələrini verir. Onu göstərir ki, bizim strateji xəttimiz, siyasətimiz uğurludur. Bu, bir daha bizim siyasətimizin təntənəsinin əlamətidir”.

 

 

Azərbaycan.-2014.- 21 noyabr.- S.9.