Sevgi qazanmağın bir yolu var

 

O da halallıqdan, zəhmətdən keçir

 

Onu çoxdan tanıyıram. Televiziya ekranlarında özünü, qəzet-jurnal səhifələrində şəklini görmüşəm, haqqında yazılar oxumuşam. Amma 86 yaşlı Ömər Ağayevlə - Sosialist Əməyi Qəhrəmanı ilə görüş təkcə xatirələri, ötən günləri yada salmırdı, həm ömür tarixçəsində bir əmək salnaməsi yazan qəhrəmanın özünü tanıdırdı. Kimdir Ömər Ağayev?.. Özü demişkən, sadə kəndli balası olub. Şamaxının Təklə kəndində doğulub boya-başa çatıb. Cahangir kişinin, Çimnaz xalanın ocağında böyüyüb. Elə anası Çimnaz da qəhrəman ana olub. Övladlarına deyərmiş ki, qədər böyüsəniz , ucalsanız da, kəndi-kəsəyi unutmayın, bir-birinizə həyan olun...

Ömər Ağayev o illəri xatırlayanda kövrəlir. Müharibənin zədələrini, ağrı-acısını yada salır: - Onda çox çətin idi. Müharibənin gətirdiyi fəlakət bütün qapıları sorğu-sualsız döyürdü. Hitlerin başladığı dava bizim nəslimizdən beş kişini apardı. qədər gözləsək , onlardan bir soraq gəlmədi...

Aclıq, qıtlıq çox bəlalar gətirdi. Amma dözürdük, bizi belə böyütmüşdülər. Ömrü boyu ona cəhd edirdik ki, bizi böyüdən, ərsəyə gətirənlərin ümidlərini, inamlarını doğruldaq. Sübut edək ki, bizə güvəndiklərinə görə qətiyyən yanılmayıblar...

Müharibədən sonra Şamaxıdakı Sabir adına Pedaqoji Texnikumu bitirdim, bir neçə il doğma kəndimizdə müəllimlik etdim.

Ömər Ağayev öz bioqrafiyasından danışanda yenidən o illərə qayıdır. Özü hər şeyi yerli-yerində xatırlayır. Dedi ki, əsgərlikdən sonra - 1952-ci ildə Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə kimi işə başladım. O illəri heç vaxt unuda bilmərəm. Həm adamlardan qayğı gördüm, həm inkişafıma, yüksəlişimə təkan verdilər. yaxşı ki, əhatəmdə xeyirxah, zəhmətə dəyər verən adamlar vardı. Elə bu gün o adamlara - öz xeyirxahlarıma borcluyam.

Ömər dayı danışdıqca kövrəlirdi, çətin günləri dönə-dönə xatırlayırdı. Amma adamlardan gördüyü xeyirxahlığı, xoş ünsiyyəti yadına salanda elə bil ona güc-qüvvət verirdilər. Deyir ki, mənim yüksəlişimə, əməyimə dəyər verildiyi illər ötən əsrin 70-ci illərindən başladı. 1974-cü ilin yanvar ayının 3-də Sovet İttifaqının ən yüksək əmək təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüm. Sən demə, bu fəxri ad təkcə sahibinə şöhrət gətirmirmiş, həm məsuliyyət, tələbkarlıq, etimada cavabdır. Dərk edirdim ki, bu adın ağır çəkisi, sanbalı var. Sonralar öyrəndim ki, məni bu yüksək mükafatla təltif etmək istəyəndə yeddi arxa dönənimə qədər ələyib ələkdən keçiriblər. Təsadüfi heç yox idi. Ömər dayı deyir ki, o dövrün qanunları belə idi: gərək hər şeyi ölçüb-biçəydilər, layiqsənsə, səni o mərtəbəyə yüksəldirdilər. Ömər dayı onu da deyirdi ki, həmişə o ucalıqdan enməyi özümə ən ciddi təhlükə saymışam. Axı mənim arxamda böyük bir nəslim dayanır. Ən azı üç qızım, bir oğlum, 13 nəvəm, 12 nəticəm mənim uğurlarımla, ad-sanımla öyünürlər, fəxr edirlər. Ona görə haqqım yoxdur ki, mənə inanan, güvənən adamların etimadına, inamına zərrə qədər xal düşməsinə imkan verim. Biz belə böyümüşük. Fəxr edirəm ki, mən o nəslin nümayəndəsiyəm.

Ömər Ağayev, həqiqətən , xoşbəxt bir nəslin dəyərli ağsaqqalıdır. Özü deyir ki, toy-düyündən başım açılmır. Nəvələrim, nəticələrim bir yana, o qədər köməksiz, imkansız adamlara dayaq olmuşam ki... Neçə-neçə cavanın xeyir işinə ağsaqqallıq etmişəm. Bu gün onların övladları mənəÖmər babadeyir. Elə bilirəm ki, dünyada bundan böyük xoşbəxtlik ola bilməz...

Ömər Ağayev dəyərli ömür yolundan bir epizod da xatırlatdı: “Zavodumuzun fəhlələri üçün yaşayış evi tikilirdi. 70-ə qədər fəhlə ailəsi bu binadan mənzil gözləyirdi. O vaxtlar Bakı Şəhər İcraiyyə Komitəsi bir qayda yaratmışdı ki, tikilən evlərin azı 15 faizi onların balansında saxlanılsın. Respublika sarayında keçirilən görüşdə ulu öndər Heydər Əliyev iştirak edirdi. Çıxışımda dedim ki, biz siyahıdan kimlərinsə adını çıxarsaq, ən azı 10-15 fəhlə ailəsi evsiz qalacaq. Onda Heydər Əliyev məsələyə dərhal münasibət bildirdi: “Növbədə kimlərin adı varsa, evləri onlara verin. Heç kəsin haqqına, hüququna toxunmayın. Zavodumuzda bunu, az qala, bayram kimi qarşıladılar. Axı onlarca ailə mənzilə sahib olmuşdu”. Ömər Ağayev belə xeyirxah işlərə ağsaqqallıq etməkdən yorulmayıb. İndi Səbail Rayon Veteranlar Şurasının sədri kimi fəaliyyət göstərir.

Az qala əsrin yaşıdına çevrilən əmək qəhrəmanı adamların haqqını, hüququnu qorumaq üçün ən mötəbər qapıları döyüb. Azərbaycan Ali Məhkəməsinin xalq iclasçısı kimi ədalətli mövqeyi, haqq səsi ilə seçilib. Köməyə, yardıma ehtiyacı olanlara dayaq olub.

Ömrünün unudulmaz anları çox olub. Yüksək vəzifəli məmurlarla, dövlət başçıları ilə görüşlərindən çox fəxrlə danışır: “Moskvada Kremlin Qurultaylar sarayında Kuba Kommunist Partiyasının Baş katibi Fidel Kastro ilə səmimi söhbətimiz oldu. Məni öz vətəninə dəvət edirdi. Deyirdi ki, belə əmək qəhrəmanlarının bioqrafiyası bizim üçün də maraqlıdır. Keçmiş Sovet İttifaqının rəhbərləri ilə də görüşlərim olub. Nikita Sergeyeviç Xruşşovla, Leonid İliç Brejnevlə dəfələrlə görüşmüşəm. Üç dəfə Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarına nümayəndə seçilmişəm. Keçirdiyim görüşlər, unudulmaz xatirələr bir yana, amma ulu öndərlə - Heydər Əliyevlə görüşlərimi, səmimi söhbətlərimi heç vaxt unuda bilmərəm. Bu gün yaşadığım evi 1980-ci ildə Heydər Əliyevin köməyi ilə almışam. 2003-cü ildə 75 yaşım tamam olanda Heydər Əliyev evimizə zəng vurub məni həm yubiley, həm də yeni il münasibətilə təbrik etdi. Mən yanvar ayının 1-də doğulmuşam. Elə bilirəm ki, rəhbərin bundan böyük diqqəti, qayğısı ola bilməz. Qazandığım bütün uğurların əsl səbəbkarı Heydər Əliyev olub. Ulu öndər zəhmət adamına, halallıqla ucalan insanlara böyük dəyər verirdi”.

Söhbət əsnasında Ömər Ağayev ötən günlərə tez-tez qayıdır. Haqqı da var. Axı o illərdə onun ömrünün dəyərli çağları qalıb: “1992-ci ildə eşitdim ki, Heydər Əliyev Naxçıvana qayıdıb. Ulu öndərin görüşünə getdik. Bizi çox səmimi qarşıladı. Gedəndə kiçik bir hədiyyə - şahmat aparmışdıq. Bilirdik ki, şahmat həvəskarıdır. Hədiyyəni məmnuniyyətlə qəbul etdi. Amma zarafatından da qalmadı: “Nə deyirsən, Ömər, hələ çox oyunçularla üzləşəcəm?” Dedim ki, siz bütün siyasi oyunlarda diplomatik gedişlərinizlə o qədər liderləri mat qoymuşunuz ki... Bu gün də Azərbaycan xalqı sizdən kömək umur, sizə ümid yeri kimi baxır. Səmimi görüşümüz uğurlu sonluqla başa çatdı. Cəmi bir il sonra arzularımız çin oldu... Ulu öndərlə sonralar da dəfələrlə görüşmüşəm. Hər dəfə eyni səmimiyyət, xoş rəftar görmüşəm”.

Elə bil öz keçmişini xatırlayanda cavanlaşırdı. Prezident İlham Əliyevlə son görüşünü xatırladı. “Ağsaqqallarla görüşlərinin birində cənab Prezident mənə müraciətlə: - Hə, necəsən? - deyə hal-əhval tutdu. Dedim ki, biz ulu öndərin tövsiyələri ilə çalışmışıq, uğur qazanmışıq. Ona görə də estafeti sona qədər qorumalıyıq”.

Ömər Ağayev dedi ki, xalqın, elin, obanın sevgisini, etimadını qazanmağın bir yolu var. O yol halallıqdan, zəhmətdən keçir. Mən o yolu seçmişəm. Yoxsa bu qədər yaşaya bilməzdim.

Söhbətimizin sonunda nisgilini də gizlətmədi: “Torpaqlarımızın işğaldan azad olunmasını da görmək istəyirəm. İstəyirəm ki, Şuşaya, Xankəndiyə gedə bilim. O yerlərlə bağlı o qədər xatirələrim var ki... İnanıram ki, o gün tezliklə gələcək”.

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 21 noyabr.- S.10.