Rumıniyanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Klaus İohannisə

 

Hörmətli cənab İohannis,

Rumıniyanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və Rumıniyanı möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Ümidvaram ki, xalqlarımızın rifahı naminə istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 noyabr 2014-cü il.

Azərbaycan.-2014.- 20 noyabr.- S.1.