Bakıda TÜRKPA-ya üzv ölkələrin sosial siyasət

 komitələrinin 2-ci birgə toplantısı işə başlayıb

 

Noyabrın 21-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin sosial siyasət komitələrinin 2-ci birgə toplantısı işə başlayıb.

AzərTAc xəbər verir ki, “TÜRKPA-ya üzv ölkələrin miqrasiya problemləri və imkanları” mövzusunda keçirilən toplantıda Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli müzakirə edilən mövzunun hazırda dünyada çox aktual olduğunu söyləyib. Məsələnin siyasi, iqtisadi, sosials. tərəfləri var. Bir çox ölkələr, o cümlədən türkdilli dövlətlər miqrasiya problemindən əziyyət çəkirlər. Dünyada qanunsuz miqrantların sayı ildə 250 milyonu keçir.

Miqrasiya probleminin bəzi ölkələrdə və beynəlxalq təşkilatlarda qaçqın-köçkün problemi ilə eyniləşdirildiyini deyən komitə sədri bunların tamamilə fərqli mövzular olduğunu bildirib. O, Azərbaycanın 20 ildən çoxdur ki, bu problemdən əziyyət çəkdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, miqrasiya məsələlərində Azərbaycan üçün ilk illər qaçqın-köçkün problemindən sonra ən vacib mövzu əmək miqrantları idi. Beləliklə, Azərbaycanda “Əmək miqrasiyası haqqında” Qanun qəbul edildi. Ölkəmizdə o zaman miqrasiya mövzusu gündəmə gəldi. 

Türkiyə Böyük Millət Məclisinin sağlamlıq, ailə, sosial məsələlər komitəsinin sədri Necdet Ünüvar bildirib ki, burada aparılan müzakirələr, miqrasiya problemlərinin həllinə yönələn fikrilər nəinki türkdilli ölkələr, eyni zamanda, digər dövlətlər üçün də faydalı ola bilər.

Qazaxıstan Məclisi sosial və mədəni məsələlər komitəsinin üzvü Kamal Burhanov Orta Asiyada mövcud miqrasiya problemlərindən danışıb. O, Qazaxıstanın da miqrasiya problemindən əziyyət çəkən bir ölkə olduğunu söyləyib.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda miqrantların hüquqlarının qorunması, onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra böyük miqrasiya axınına məruz qaldı. Bu, Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi zərurətini yaratdı. Ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu çətin dövrü qısa müddət ərzində aradan qaldıra bildi. Azərbaycandakı sürətli iqtisadi inkişaf, siyasi sabitlik əcnəbi vətəndaşların da diqqətinə səbəb oldu. Beləliklə, ölkəyə miqrantların axını başladı. Belə bir şəraitdə miqrasiya problemlərinin dövlət səviyyəsində tənzimlənməsi zərurətindən Dövlət Miqrasiya Xidməti yaradıldı.  Qısa müddətdə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlindi.

Bildirilib ki, bu gün ölkəmizə gələn əməkçi miqrantların və onların ailələrinin hüquqları yüksək səviyyədə qorunur. Azərbaycanda əməkçi miqrantların qəbul edilməsi və onlar üçün müvafiq şəraitin yaradılması Miqrasiya Məcəlləsinə əsasən tənzimlənir. Məcəlləyə edilən sonuncu dəyişikliklərdən sonra bu proses daha da sadələşdirilib.

Diqqətə çatdırılıb ki, ki, aparılan islahatlarla yanaşı, miqrasiya sahəsində bir sıra problemlər də var. Dövlət Miqrasiya Xidməti digər dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə bu problemlərin aradan qaldırılması istiqamətində birgə aparır.

Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Serhan Aktoprak bildirib ki, miqrasiya məsələləri ilə bağlı problemlərin yaşanmaması üçün düzgün tənzimləmə və  səmərəli idarəçilik mexanizmləri vacib şərtdir. Birgə səylər nəticəsində buna nail olmaq mümkündür.

Beynəlxalq Miqrasiya Təşkilatının beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq departamentinin direktoru xanım Jill Helke miqrasiya problemlərinin həlli üçün regional əməkdaşlığın vacib olduğunu söyləyib.

Toplantı noyabrın 22-də başa çatacaq.

 

Azərbaycan.-2014.- 22 noyabr.- S.5.