Xalqın partiyası

 

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ili tamam olur. Milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən irəli gəlirdi. Başqa sözlə, 1992-ci il noyabrın 21-də xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın siyasi meydana çıxması respublikamızdakı gərgin siyasi-ictimai situasiyanın yaratdığı tələbatdan qaynaqlanan mühüm tarixi hadisə idi. İnsanların arzularının və siyasi iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.

Siyasi meydana çıxmasından sonra insanlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təbii ki, bu, o zamankı hakimiyyət dairələrini narahat etməyə bilməzdi. Amma yaradılan əngəllər, təzyiqlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Təsadüfi deyil ki, təsis konfransından cəmi bir neçə ay sonra YAP-ın on minlərlə üzvü var idi və təşkilat artıq “ana müxalifət partiyası” statusunu daşıyırdı. YAP müxalifət partiyası kimi yaranmışdı, amma bəzi indiki dağıdıcı müxalifət partiyalarından fərqli olaraq Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına müxalifətdə deyildi. YAP o vaxt hakimiyyətə silah yolu ilə gələn, ölkəni anarxiyaxaosa sürükləyən, yeni qazanılmış dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qoyan dairələrə qarşı müxalifətdə idi.

1992-1993-cü illərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə, tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxardı. Azərbaycan xalqı YAP-ı həm də Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat ümummilli liderin siyasiideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi.

Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkədə hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramda qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyətinə, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.

YAP-ın tarixində əlamətdar günlər çoxdur. Bu sırada YAP-ın qurultaylarını xüsusilə qeyd etməliyik. Ölkəmizin siyasi həyatında maraqla qarşılanan hər bir qurultayda YAP-ın qarşıya qoyduğu vəzifələrin icrası müzakirə olunmuş, yeni qərarlar qəbul edilmişdir. Hər bir qurultay partiyanın və bütövlükdə cəmiyyətin həyatında bayram olmaqla yanaşı, böyük siyasi hadisəyə çevrilmişdir.

1999-cu ilin dekabrında keçirilən YAP-ın I Qurultayında partiyanın hakimiyyətdə olduğu 1993-1999-cu illərdə dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, milli maraq və mənafelərin qorunması, ölkənin hərtərəfli inkişafı naminə gördüyü böyük işlər müsbət dəyərləndirildi, qarşıda duran prioritet vəzifələr müəyyən edildi. Qurultayın ulu öndər Heydər Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışını dinləyərək qəbul etdiyi qətnaməsində xüsusi vurğulanırdı ki, 1992-ci ildə tarixi zərurətdən yaranan YAP ötən yeddi il ərzində özünün nizamnamə və proqram müddəalarına, bəyan etdiyi prinsip amallara tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxmışdır.

YAP-ın I Qurutlayının qəbul etdiyi və partiyanın bütövlükdə fəaliyyətinə təsir göstərən tarixi qərarlarından biri ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin YAP sədrinin müavini vəzifəsinə seçilməsi idi. Bu tarixi seçim partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynadı. Həmin qurultayda çıxış edən cənab İlham Əliyevin fikirləri bu gün üçünöz aktuallığını saxlayır:Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxilixarici siyasətini xalq bəyənir və dəstəkləyir”.

Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin yaşamasında müstəsna xidmətləri olmuş bir siyasi qüvvə artıq yeni dövr üçün özünün ideoloji doktrinasını məhz bu qurultayda elan etdi. Bu, bütövlükdə ölkənin ictimai-siyasi həyatında böyük hadisə idi. Qurultaydan bir il sonra - 2000-ci ilin noyabrında keçirilən parlament seçkiləri YAP-ın qələbəsi ilə başa çatdı. Bu, YAP-ın cəmiyyətdəki nüfuzunun göstəricisi idi. Bu qələbə həm də I Qurultayın qərarlarının praqmatik siyasi düşüncənin nəticəsi olduğunu söyləməyə əsas verdi.

Bu gün YAP sıralarında cəmiyyətin bütün zümrələrini - gəncləri, qadınları, elm, mədəniyyət, ədəbiyyat xadimlərini, texnokratları birləşdirir. Əhəmiyyətli məqamlardan biriodur ki, YAP nailiyyətlərinin davamlılığını təmin etmək məqsədilə vaxtilə gənclər arasında apardığı siyasi maarifçilik işi qısa müddətdə uğurlu nəticəsini vermişdi. Hələ 1995-ci ildə YAP-ın namizədi kimi parlament seçkilərində qələbə qazanmış cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdi. YAP-ın I Qurultayında təşkilatın çoxminli üzvünün istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini seçilməsindən sonra isə gənclərin YAP-a axını daha geniş vüsət aldı.

I Qurultaydan sonra hakim partiyanın cəmiyyətdəki mövqeləri daha da gücləndi, II Qurultaya qədər üzvlərinin sayı 70 min artaraq 230 minə çatdı. İqtidar partiyası kimi qarşıya qoyduğu bir sıra mütərəqqi islahatları uğurla həyata keçirərək Azərbaycanda sosial-iqtisadi inkişaf meyillərinin sürətlənməsinə, xalqın maraqlarına cavab verən tarazlı xarici siyasət yeritməyə, respublikanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsinə nail oldu.

Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabrın 21-də keçirilən II Qurultayı da təşkilatın həyatında taleyüklü qərarlar qəbul etməsi ilə yadda qaldı. Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edildi, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. Cənab İlham Əliyevin partiya sədrinin birinci müavini seçilməsi də ilk qurultayın qəbul etdiyi qərarların uğurlu nəticəsinin bariz göstəricisi idi.

Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.

2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin ölkə başçısı seçilməsi xalqın YAP-a etimadının növbəti dəfə əyani təcəssümü idi. Azərbaycan xalqı Heydər Əliyev missiyasını layiqincə davam etdirən cənab İlham Əliyevi Prezident seçməklə ulu öndərin ideyalarına səs verdi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev YAP-ın III Qurultayındakı çıxışında bu barədə belə demişdir: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu günbiz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririkçox uğurla davam etdiririk”.

Elə bu qurultayda partiya üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi. YAP sıralarında birləşən yüz minlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin siyasəti əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək yeni Azərbaycanın quruculuğunda fəal iştirak edəcək. Özünü tam doğruldan bu inam YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Cənab İlham Əliyev 2003-cü ildən sonra Prezident kimi fəaliyyəti dövründə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Prezident İlham Əliyevin ilk günlərdən çoxşaxəli, vətənpərvər, praqmatik fəaliyyətinə nəzərən, Azərbaycan cəmiyyətində onun ulu öndərin təməlini qoyduğu səmərəli islahatlar kursunu davam etdirməyə və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə qadir alternativsiz lider olduğu qənaəti qətiləşdi.

Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP-ın IV Qurultayı da böyük ruh yüksəkliyi və inamla keçirildi. Bu qurultayda bütün iştirakçılar 2008-ci ildə keçirilən prezident seçkilərində Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs vermişdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edirdi. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə namizəd olaraq dövlət başçısı İlham Əliyevin irəli sürülməsini nəinki istəyir, hətta tələb edirdi.

2013-cü ilin iyun ayında keçirilən YAP-ın V Qurultayına da partiya nümayəndələrini bir araya toplayan, onların növbəti qələbələrə köklənmiş ovqatını formalaşdıran bir səbəb vardı - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsi. Əslində YAP-ın qəbul etdiyi həmin qərarı xalq çoxdan qəbul etmişdi. Çünki Azərbaycan xalqının seçkiqabağı ovqatı cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənmişdi. Cənab İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görür, ulu öndərin layiqli siyasi davamçısını müasir inkişafın arxitektoru sayırdı. Bu mənada 2013-cü ilin prezident seçkiləri xalqımızın siyasi iradəsinin nəticəsi olmaqla, həm də YAP-ın növbəti möhtəşəm zəfəri idi.

Ümumiyyətlə, YAP yaranandan keçirilən bütün seçkilərdə qələbə qazanmış və hakim partiya statusunu saxlamışdır. Daha konkret ifadə etsək, ötən 21 ildə ölkəmizdə keçirilən 5 prezident, 4 parlament, 3 bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşlar. Ona görə də özündə 639 min insanı birləşdirən YAP ölkəmizin əsas aparıcı siyasi qüvvəsidir. Bu gün həm təşkilati göstəricilərə, həm də ictimai nüfuzuna görə respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur.

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan YAP-ın bütün seçkilərdə mütləq qələbə qazanaraq cəmiyyətdə lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Hər bir seçki Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən və zənginləşdirən Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirmişdir. Xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.

Azərbaycan tarixində indiyə qədər 639 min üzvü olan siyasi təşkilat olmayıb. Bu rəqəmə sadəcə statistika nöqteyi-nəzərindən baxılmamalıdır. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir. YAP üzvlərinin fəal surətdə ölkəmizdə həyata keçirilən ictimai-siyasi proseslərdə iştirak etdiklərini nəzərə alsaq, bu həm də partiya sədrinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi və həmin siyasətin həyata keçirilməsində fəal iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 22 noyabr.- S.7.