Marka mədəniyyətə və tarix elminə töhfədir Bakıda “BAKIFİLEKSPO” IV Milli filateliya sərgisi açılıb

 

Noyabrın 7-də “Four Seasons” mehmanxanasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “BAKIFİLEKSPO” IV Milli filateliya sərgisinin açılışı olub.

AzərTAc xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti ilə Azərbaycan Filatelistlər İttifaqı tərəfindən təşkil olunan sərginin açılış mərasimində Baş nazirin müavini, böyük marka kolleksiyasının sahibi Elçin Əfəndiyev çıxış edərək bildirib ki, 1840-cı ildə İngiltərədə “Qara penni” adlı ilk marka buraxılıb. Həmin gündən etibarən marka insanların bir-biri ilə ünsiyyət saxlaması üçün sərhədlər tanımayan gözəl vasitəyə çevrilib. E.Əfəndiyev deyib: “İnsanlar marka sayəsində tarix, tanınmış ictimai fikir adamları, florafauna haqqında informasiya əldə ediblər. Markanın əhəmiyyəti böyükdür. Onun sayəsində biz bir tərəfdən dünyanı öyrənirik, digər tərəfdən öz ölkəmizi dünyada təbliğ edirik”. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra ölkəmizdə filateliya sürətlə inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan filateliyası bütün dünyada böyük nüfuz və hörmət qazanıb.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov açılış mərasimində çıxış edərək deyib ki, Dövlət Bayrağı Gününə həsr olunan filateliya sərgisi Azərbaycan cəmiyyətinin həyatında mühüm hadisədir. Müstəqil Azərbaycan filateliyasının əsası 1992-ci ildə qoyulub. Bu günə qədər təqribən 1140 poçt markası, təqribən 250 Birinci gün zərfi, yüzlərlə buklet və digər filateliya məhsulu buraxılıb. Onların çoxu Azərbaycan Respublikasının dövlət simvollarına, onun tarixi nailiyyətlərinə, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevə həsr olunub. Markaları mədəniyyətə və tarix elminə töhfə adlandıran nazir Əli Abbasov qeyd edib ki, filateliya həm də sahibkarlıq fəaliyyətidir. Hazırda dünyada 100 milyondan çox filatelist var. O, filateliyanı ensiklopedik biliklər əldə etmək üçün gözəl vasitə adlandırıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” şirkətinin prezidenti İntiqam Bağırlı, Azərbaycan Filatelistlər İttifaqının İdarə heyətinin sədri, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Azərbaycan Filatelistlər İttifaqı İdarə heyəti sədrinin müavini Rövşən Əhmədov da açılış mərasimində iştirak ediblər.

İkigünlük sərgidə “Azərbaycanın ümummilli lideri Heydər Əliyev poçt markalarında”, “XX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycan ərazisində dövriyyədə olan poçt markaları və poçt göndərişləri”, “1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin poçt dövriyyəsi”, “SSRİ-ninbaşqa xarici ölkələrin Azərbaycana həsr olunmuş poçt markaları və zərfləri”, “Azərbaycanın görkəmli şəxsiyyətləri poçt markalarında” və s. stendlər, habelə müxtəlif mövzularda şəxsi numizmatika kolleksiyaları nümayiş etdirilir. Tarix elmləri doktoru, professor Əli Rəcəblinin “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” kitabı da sərgiyə çıxarılıb.

Sonda IV Milli filateliya sərgisi üçün xüsusi hazırlanmış zərfə xatirə ştempelinin vurulması mərasimi keçirilib. Zərfə ştempeli Baş nazirin müavini Elçin Əfəndiyev vurub.

Sərgi çərçivəsində keçirilən müsabiqənin qaliblərinə medaldiplomlar təqdim olunub.

Sərgidə “Azərmarka” şirkətinin və “Num.azQSC-nin köşkləri fəaliyyət göstərir, filateliyanumizmatika üzrə aksesuarların satışı təşkil olunub.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S. 2.