Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının

 nümayəndə heyəti Yunanıstanda olub

 

Noyabrın 18-20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstan Əmək Konfederasiyasının dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ölkənin ən iri həmkarlar ittifaqı təşkilatı olan Yunanıstan Əmək Konfederasiyasında olub.

Görüşdə təşkilatın sədri Yiannis Panaqoraulas Yunanıstandakı sosial-iqtisadi vəziyyət, ölkənin son illərdə qarşılaşdığı iqtisadi böhran haqqında danışıb. O, qeyd edib ki, iqtisadi böhran nəticəsində ölkə iqtisadiyyatına böyük ziyan dəyib, minlərlə yeri bağlanıb, işsizlikyoxsulluq səviyyəsi artaraq 28 faiz olub. Əmək haqlarının vaxtında verilməməsi ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb olub.

Əmək Konfederasiyasının sədri məlumat verib ki, bu vəziyyətlə əlaqədar son dövrlər ölkədə həmkarlar ittifaqı təşkilatının işi çətinləşib. Həm üzvlük haqlarının yığılmasında problemlər meydana gəlib, həm də yerlərinin bağlanması ilə əlaqədar kollektiv müqavilələrin imzalanmasında əngəllər yaranıb.

Y.Panaqoraulas Azərbaycan nümayəndə heyətinin Yunanıstana səfərini yüksək qiymətləndirib, S.Mehbalıyevi  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.

 Görüşdə S.Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanda həmkarlar ittifaqı hərəkatının 1 əsrdən artıq tarixə malik olduğunu, tarixdə ilk kollektiv əmək müqaviləsinin məhz Bakıda imzalandığını diqqətə çatdırıb. Həmçinin son illər Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlərdən, bu sahədə qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb. AHİK sədri ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın genişlənəcəyinə və daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Noyabrın 19-da AHIK-in nümayəndə heyəti Yunanıstanın əmək naziri Yiannis Vroutsis ilə görüşüb. Nazir 1992-ci ildə Azərbaycana səfərini xatırlayıb və deyib ki,  Azərbaycanın son illərdəki güclü inkişafı onu sevindirir. Qeyd edib ki, 2 ay öncə Yunanıstanın Baş nazirinin Azərbaycana səfəri zamanı çəkilən şəkillərə baxdıqda bu inkişafın bir daha şahidi olub.

Y.Vroutsis ölkəsindəki böhranın artıq nizamlandığını, iqtisadiyyatın bir çox sahələrinin tənəzzülünün qarşısının alındığını diqqətə çatdırıb. O, indiki hakimiyyətin qısa müddətdə ölkədə tərəqqi əldə olunmasını təmin edəcəyinə inandığını bildirib, Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əlaqələrin bütövlükdə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə AHİK-in sədri S.Mehbalıyev Azərbaycandakı sosial-əmək münasibətləri haqqında məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti Yunanıstanın ətraf mühit, enerjiiqlim dəyişiklikləri nazirinin müavini Asimakis Papageorgiou ilə də görüşüb. Nazir müavini dəfələrlə Azərbaycanda olduğunu, Yunanıstan və Azərbaycan hökumətləri arasında sənədlərin hazırlanması ilə əlaqədar çoxsaylı görüşlər keçirdiyini söyləyib, ölkələrimizin əlaqələrinin inkişafını yüksək qiymətləndirib. 

 

 

Azərbaycan.-2014.- 22 noyabr.- S.5.