Dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-ın Nyu York şəhərində səfərdə olmuşdur. Səfərin məqsədi Nyu York şəhəri Bruklin inzibati rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması idi.

ABŞ-da səfər çərçivəsində Səbail rayonunun nümayəndə heyəti Nyu York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adamsla görüşüb. Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, Türkiyə Respublikasının Nyu Yorkdakı Baş konsulu Ertan Yalçın və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.

Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan Erik Adams Nyu Yorkun Bruklin ilə Bakının Səbail rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun yaddaşında çox zəngin təəssüratlarla qaldığını bildirib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqilliyimizin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu bildirib. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini vurğulayıb və həmsöhbətini bu tədbirə dəvət edib.

Ölkəmizin Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq barədə məlumat verib. Qeyd edilib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı-Nyu York birbaşa uçuşları həm Azərbaycanın ümumi inkişafının, həm də ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir. Ölkəmizin zəngin demokratik dövlətçilik ənənələrinə malik olduğunu və Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığı diqqətə çatdırılıb. Ölkəmizin zəngin tolerant ənənələrini vurğulayan diplomat ABŞ-da olduğu kimi, Azərbaycanda da çoxsaylı etnik qrupdini icmaların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.

Görüşdən sonra Nyu Yorkun Bruklin inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.

 

Azərbaycan.-2014.- 22 noyabr.- S.9.