İlyas Əfəndiyev ideologiyaya yox, sənətə və ədəbiyyata xidmət edib

 

Bu il yanvarın 16-da Azərbaycan Respublikası Prezidenti tərəfindən “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Ondan sonra Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada İlyas Əfəndiyevlə əlaqədar tədbir keçirilməsin. Mən bütün ailə adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.

AzərTAc xəbər verir ki, bu sözləri görkəmli ədibin yubiley mərasimində oğlu, Xalq Yazıçısı Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində deyib.

Diqqətə çatdırıb ki, İlyas Əfəndiyevin yubileyi təkcə respublikamızda deyil, onun sərhədlərindən kənarda da qeyd olunub. Həmçinin TÜRKSOY Ankarada İlyas Əfəndiyevin 100 illiyini qeyd edəcək.

Məndə belə bir təəssürat var ki, onun ikinci bir həyatı başlayır. İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də vəfat edib. Ondan sonra onun ikinci bir yazıçı ömrü başladı ki, bu müddətdə haqqında nə qədər kitablar, eləcə də özünün əsərləri dəfələrlə çap olunub, pyesləri tamaşaya qoyulub. Yaradıcılığının böyük bir hissəsi sovet dövrünə təsadüf etsə də, əsərlərinin aktuallığı onu göstərir ki, İlyas Əfəndiyev ideologiyaya yox, sənətə və ədəbiyyata xidmət edib. Bu isə xalqa xidmət deməkdir.

 

Azərbaycan. - 2014.- 23 noyabr.-  S.5.