IRIB-in elektron variantında Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən Baş Assambleyası haqqında xəbər yerləşdirilib

 

İranın IRIB teleradio şirkətinin Azərbaycan xidmətinin elektron variantında Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası haqqında xəbər yerləşdirilib.

Xəbərdə AzərTAc-ın tədbirlə bağlı materialından istifadə olunmaqla Prezident İlham Əliyevin fikirlərinə yer verilib. Bildirilib ki, Prezident İlham Əliyev tədbirdə çıxış edərək 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycanın Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçildiyini deyib. Ölkədə siyasidemokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb. Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkədə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya oyunlarında qazandığı uğurlar müstəqil ölkənin dünyada daha yaxşı tanıdılmasına imkan verir. Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib.

 

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.6.