Azərbaycan aclıqla mübarizə istiqamətində qlobal təşəbbüslərə mühüm töhfələr verir

 

Azərbaycan aclıqla mübarizə, ərzaq və qida təhlükəsizliyinin təmin olunması istiqamətində qlobal təşəbbüslərə mühüm töhfələr verir.

Bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano da Silva AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Romada keçirilmiş II Beynəlxalq qidalanma konfransı haqqında məlumat verən FAO-nun baş direktoru bildirib ki, tədbirə 170-dən çox ölkənin nümayəndələri qatılıb. Azərbaycanın da belə bir tədbirdə təmsil olunması təsadüfi deyil. “Ölkəniz “Minilliyin İnkişaf Məqsədləri” bəyannaməsində xüsusi vurğulanan aclığın qarşısının alınması hədəfinə nail olunması istiqamətində fəal işlər görən ilk dövlətlərdəndir” – deyə baş direktor qeyd edib.

Jose Qratsiano da Silva diqqətə çatdırıb ki, Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi ilə bağlı danışıqlar artıq yekun mərhələyə qədəm qoyub. FAO rəsmisi Prezident İlham Əliyevlə görüşünü xatırladıb və bu məsələdə dövlətimizin başçısının böyük dəstəyini hiss etdiyini bildirərək deyib: “Ölkənizdə qeyri-neft sektorunun sürətli inkişafı müşahidə olunmaqdadır. Azərbaycan yaxın zamanda kənd təsərrüfatı məhsullarının ixracı üzrə çox önəmli ölkəyə çevrilə bilər”.

 

Maqsud Dadaşov

AzərTAc-ın xüsusi müxbiri,

Roma

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.6.