İsmayıllı hərtərəfli inkişaf edir

 

Bir neçə il əvvələ qədər İsmayıllıda görülən işlərin miqyası belə geniş deyildi. Bölgə müxbiri olaraq qəzetimizə material hazırlayanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bir cümlə yazanda, beş cümlə də rayonun füsunkar təbiətindən, payız dumanının dərələrdə sürünməyindən, bəyaz bulud karvanlarının yaşıl ormanların üzərində “dincini almağından” və sair gözə xoş gələn özəlliklərdən bəhs etməli olurduq. İndi İsmayıllıda tikinti-quruculuq, abadlıq istiqamətində o qədər görülür ki, yazının həcmli və ya dolğun çıxması üçün təbiət gözəlliklərinə üz tutmağa ehtiyac qalmır.

Sentyabrın 22-də ölkə Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Heydər Əliyev adına Mədəniyyət Sarayının, rayon Mərkəzi Xəstəxanasının (əsaslı təmirdən sonra), Yeni Azərbaycan Partiyası İsmayıllı rayon şöbəsi üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının, Uşaq əyləncə və istirahət parkının açılışlarında iştirak edib. Dövlət başçısının rayonda görülən işlərlə bağlı razılığını bildirməsi sakinləri daha böyük uğurlara ruhlandırıb.

İsmayıllı bələdiyyəsinin, rayon təhsil şöbəsinin inzibati binalarının əsaslı təmiri başa çatdırılıb. Şəhərin elektrik təsərrüfatının yenidən qurulması, Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi davam edir. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülüb, yaşayış evlərinin və ictimai obyektlərin dam örtükləri dəyişdirilib, fasadlar müasir memarlıq üslubunda yenilənib. M.F.Axundov küçəsində doqquzmərtəbəli iki yaşayış evinin tikintisinə başlanılıb. Nizami küçəsində “Soyqırımı” abidəsi qoyulub, abidənin ətrafı abadlaşdırılıb.

İsmayıllıda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında 360 yerlik Qalınçaq kənd orta, hər biri 80 yerlik Şəbiyan ümumi ortaKüllülü kənd ibtidai məktəbləri üçün yeni binaların tikilib istifadəyə verilməsini qeyd etmək olar. Sumağallı kəndində istifadəyə verilən 40 yerlik uşaq bağçası körpələri sevindirib.

Keyvəndi kəndində 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam edir. Bir sıra obyektin inşası isə başa çatmaq üzrədir.

Son dövrlər İsmayıllıda yol infrastrukturunun yenilənməsinə diqqət artırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 kilometr olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılıb. Yolun Vəng kəndinə gedən hissəsi isə yerli imkanlar hesabına abadlaşdırılıb. Bundan əlavə, İsmayıllı-Lahıc avtomobil yolunda da tikinti işləri aparılır. Asfalt salınması üçün yolun əsası hazırlanıb, 15 kilometrlik hissəyə asfalt döşənib, yolkənarı arxlar tikilib. Hazırda 4 kilometrlik dağlıq hissədə tikinti işləri gedir.

Rayonun Diyallı kəndinin giriş yolu da təmir olunub, 1,6 kilometr asfalt çəkilib. Ümumilikdə ilin əvvəlindən 34 küçədə abadlıq, tikintiasfalt işləri görülüb.

Rayonda olarkən öyrəndik ki, BMT-nin İnkişaf Proqramı əsasında icra edilən, “Azərbaycan Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” və “Fermerlərin imkanlarının yerli innovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihələri çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılıb və həmin istixanalarda artıq tərəvəz məhsulları istehsal edilir. Topçu kəndində “Fermer mağazası” açılıb.

Ötən il istifadəyə verilmiş İsmayıllı Quşçuluq Fabrikində hazırda 50 nəfərə yaxın işlə təmin olunub. Sahibkarlığın inkişafı üçün rayonda yetərincə şərait yaradılıb. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 70 sahibkara 1 milyon 215 min manat kredit verilib. Görülən tədbirlər nəticəsində yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun və əhəng sexinin fəaliyyəti bərpa olunub, velosiped istehsalı zavodunun tikintisinə başlanılıb. Qalınçaq kəndi ərazisində illik istehsal gücü min ton olan hindtoyuğu fabrikinintikinti işləri öz qaydasındadır.

İsmayıllıda kənd rayonları arasında ilk olaraq 2014-cü ilin avqust ayından “Təmiz şəhərdə yaşadevizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanılması da təqdirəlayiqdir. Artıq layihə çərçivəsində xeyli görülüb.

İsmayıllı şəhərindəki Heydər Əliyev Parkında Yay filarmoniyasının, onun yaxınlığında çövkan oyunlarının keçirilməsi üçün meydançanın tikilməsi sakinlərin, xüsusilə də gənclərin böyük marağına səbəb olub. Gənclərdən söz düşmüşkən, dövlət gənclər siyasəti rayonda uğurla həyata keçirilir. İsmayıllı Gənclər və İdman İdarəsinin fəaliyyətində son dövrlər xeyli irəliləyiş hiss olunur. Çeviklik, müasir yanaşma tərzi, gənclərlə yeni ünsiyyət formaları uğuru şərtləndirən amillər sırasındadır. Bu ilin əvvəlindən gənclərlə sahəsi üzrə rayon miqyaslı 37 tədbir keçirilib. İsmayıllı gəncləri 6 zona, 14 respublika tədbirində iştirak edib. İsmayıllı həm də idman yurdu kimi tanınır. 2014-cü il ərzində idmanla bağlı rayonda keçirilən 100 tədbirdən 19-u respublika, 13-ü beynəlxalq miqyaslı olub. Gənclər və İdman İdarəsi zona, respublika və beynəlxalq yarışlarda qalib olan idmançılarla gənclərin görüşlərini təşkil edir, bu isə idmanın kütləviliyinə, vətənpərvərlik ruhunun artmasına təsirsiz ötüşmür.

İsmayıllının bugünkü inkişaf tempi rayon sakinlərinin ürəyincədir. İsmayıllı tikilir, abadlaşır, müasir bölgəyə çevrilir. İnsanların bəlli yerləri, məşğuliyyətləri var. Gənclərin təhsilə, zəhmətə həvəsi daha da artıb. Rayonun kiçik sakinlərinin yolunu isə səhərlər bağçalar-körpələr evləri gözləyir. Halal gününün sonunda isə gözəl istirahət parkları daha qələbəlik olur. Belə vaxtlarda, şübhəsiz ki, təbiətin gözəlliklərindən, dağdan-daşdan, ümumiyyətlə, nədən danışsan, insana mənəvi rahatlıq, könül xoşluğu gətirir.

 

Telman NƏZƏRLİ,

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.7.