“XXI əsrdə sənayeləşmə:
sənaye siyasətində əsas trendlər, müasir
yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına
Hörmətli
konfrans iştirakçıları!
Sizi
salamlayır və “XXI əsrdə sənayeləşmə: sənaye
siyasətində əsas trendlər, müasir yanaşma və
təcrübələr” Beynəlxalq Konfransının öz
işinə başlaması münasibətilə təbrik
edirəm.
Hazırkı
dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik,
səmərəlilik və ekoloji təhlükəsizlik
meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə
yönəlməli, elmi araşdırmalarla üzvi surətdə
bağlı olmalı, müasir çağırışlara
cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır.
Konfransınızın
zəngin sənaye ənənələri ilə seçilən,
böyük iqtisadi potensiala malik Azərbaycanda keçirilməsi
təsadüfi deyil. Sürətlə modernləşən
ölkəmizdə sənayenin inkişafına xüsusi diqqət
yetirilir və 2014-cü il respublikamızda “Sənaye ili” elan
edilmişdir.
Zamanın
tələblərinə uyğun olaraq aparılan islahatlar,
uğurla həyata keçirilən dövlət
proqramları, genişmiqyaslı infrastruktur layihələri,
biznes və investisiya mühitinin davamlı surətdə
yaxşılaşdırılması, özəl sektora
dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik
ölkədə güclü sənayenin
formalaşdırılması üçün əlverişli
şərait yaradır.
İqtisadiyyatın
şaxələndirilməsi indiki mərhələdə
iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir. Bu vəzifənin
reallaşdırılması sənayenin inkişaf etdirilməsini,
bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi
və tətbiqini tələb edir.
Əminəm
ki, konfransınız sənaye siyasətində əsas meyillərlə
bağlı səmərəli fikir mübadiləsinin
aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin
qurulmasına təkan verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 noyabr
2014-cü il.
Azərbaycan.-2014.- 27 noyabr.- S.1.