ABŞ konqresmenləri Prezident
Barak Obamanı
Azərbaycanı
dəstəkləməyə çağırıblar
ABŞ
Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit
Qalleqo və Skott Perri Prezident Barak Obamaya məktublarla
müraciət edərək Azərbaycanı dəstəkləməyə
çağırıblar.
AzərTAc
xəbər verir ki, konqresmenlər ABŞ-ın Azərbaycan
ilə tərəfdaşlığını davam etdirməsinin
çox vacib olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan
müstəqilliyini bərpa etdikdən bəri strateji
baxımdan önəmli bir regionda Birləşmiş
Ştatların sınanmış və vacib müttəfiqidir.
Bildirilib ki, ABŞ-ın xarici siyasətinin təhdidlərlə
üzləşdiyi bir məqamda bu ölkənin öz
müttəfiqlərinin dostluğuna və dəstəyinə
ehtiyacı var. ABŞ Avropa və Asiya arasında əlverişli
coğrafi mövqedə yerləşən Azərbaycan ilə
terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin
təmininə qədər müxtəlif sahələrdə
güclü tərəfdaşlıq qurub. 2001-ci il
sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrdən
sonra Azərbaycan terrorizmə qarşı qlobal mübarizədə
rəsmi Vaşinqtona köməyini təklif edən ilk
ölkələr arasında olub.
Məktublarda
Azərbaycanın ABŞ-ın və NATO-nun Əfqanıstanda
və İraqda həyata keçirdiyi əməliyyatlara hərtərəfli
dəstək göstərdiyi, bu ölkənin Alyansın
“Sülh naminə Tərəfdaşlıq” Proqramının fəal
iştirakçısı olduğu diqqətə
çatdırılıb.
Konqresmenlər
bildiriblər ki, regionda ABŞ-ın təhlükəsizlik
maraqlarını dəstəkləyən, qlobal enerji təhlükəsizliyində
vacib tərəfdaş olan Azərbaycanın rəsmi
Vaşinqton ilə əlaqələri Xəzərin enerji
resurslarının Amerika şirkətləri tərəfindən
işlənməsi ilə daha da möhkəmlənib. Onlar bu
baxımdan 1994-cü ildə imzalanmış “Əsrin
müqaviləsi”nin əhəmiyyətini xüsusi qeyd ediblər.
Vurğulanıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzərin
karbohidrogen ehtiyatlarının ABŞ-ın Avropadakı
müttəfiqlərinə çatdırılması, Cənubi
Qafqaz regionunun inkişafı baxımından mühüm əhəmiyyətə
malikdir. Konqresmenlər Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinə böyük töhfələr verəcək
“Cənub” qaz dəhlizinin reallaşmasında da Azərbaycanın
mühüm səylərini qeyd ediblər. Bildiriblər ki, bu
layihənin həyata keçməsi ilə Azərbaycan
ABŞ-ın Avropadakı müttəfiqlərinin təbii
qazla təchizatında əsas rol oynayacaq.
Məktublarda
Azərbaycanın iqtisadi baxımdan dünyanın ən
sürətlə inkişaf edən ölkələrindən
biri olduğu, ümumi daxili məhsulun artdığı, Cənubi
Qafqazın iqtisadiyyatının 80 faizini bu ölkənin
iqtisadiyyatının təşkil etdiyi, yoxsulluğun səviyyəsinin
5 faizə düşdüyü diqqətə
çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Cənubi
Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından
biridir.
Azərbaycanın
qədim etnik və dini tolerantlıq tarixinin olduğunu bildirən
konqresmenlər əhalisinin əksəriyyətini müsəlmanların
təşkil etdiyi bu dünyəvi ölkədə əsrlərdir
xristian və yəhudi icmalarının sülh şəraitində
yaşadıqlarını qeyd ediblər. Konqresmenlər
ekstremizmə qarşı mübarizədə də
ABŞ-ın vacib tərəfdaşı olan Azərbaycanı
tolerantlıq baxımından bir çox ölkələr
üçün nümunə kimi səciyyələndiriblər.
Konqres
üzvləri Prezident Barak Obamanı ABŞ ilə Azərbaycan
arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə
dəstək verməyə çağırıblar.
Azərbaycan.-2014.- 27 noyabr.- S.3.