Azərbaycanlılara qarşı soyqırımı tarixinin öyrənilməsində yeni mərhələ

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akt zalında AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi” komissiyasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyasının işini müasir tələblər səviyyəsində təşkil etmək üçün bu qurumun nəzdində ayrı-ayrı istiqamətlər üzrə elmi bölmələrin yaradılmasının zəruriliyindən söz açıb. Müzakirələrdən sonra “Azərbaycanlılara qarşı soyqırımıların tarixi” (rəhbəri müxbir üzv Yaqub Mahmudov), “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” (rəhbəri professor Musa Qasımlı), “Azərbaycanlıların deportasiyası tarixi” (rəhbəri tarix elmləri doktoru Kərim Şükürov), “Azərbaycanlılara qarşı soyqırımıları tarixi sənədlərdə” (rəhbəri professor Ataxan Paşayev), “Azərbaycanlılara qarşı soyqırımıları ədəbiyyatda və incəsənətdə” (rəhbəri akademik İsa Həbibbəyli), “Azərbaycanlılara qarşı soyqırımılar internetdə” (rəhbəri akademik Rasim Əliquliyev) bölmələrinin yaradılması qərara alınıb.

Bundan başqa, iclasda “Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi” komissiyasının 2015-ci il üçün fəaliyyət planının müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Müzakirələr əsasında 2015-ci ildə Milli Elmlər Akademiyasında “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilməsi qərara alınıb. Eyni zamanda, AMEA-nın elmi-tədqiqat institutlarında azərbaycanlılara qarşı soyqırımılara, Dağlıq Qarabağ, Xocalı soyqırımı, Naxçıvanda və Qubada soyqırımıların tarixinə dair nəşr olunmuş kitabların müzakirələrinin keçirilməsi təklif edilib. “Azərbaycanlılara qarşı soyqırımıları sənədlərdə” adlı arxiv sənədlərini, fotoşəkilləri və dövri mətbuat materiallarını əks etdirəcək çoxcildli nəşrin hazırlanması məsələsi də nəzərdən keçirilib.

Komissiya qaçqınların məskunlaşdığı rayonlardadöyüş bölgələrində elmi konfranslar və görüşlər keçirməyi də qərara alıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2014.- 28 noyabr.- S.5.