Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin

 təhsil nazirləri bir sıra vacib məsələləri müzakirə ediblər

 

Noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilib.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyublar.

Daha sonra qonaqlar şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyublar.

Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən proqramislahatlardan, əldə edilən uğurlardan danışıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının əsas məsələlərdən olduğunu diqqətə çatdıran nazir qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

M.Cabbarov bildirib ki, TDƏŞ-nin üzvü olan ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətləri iştirak edir. Beynəlxalq təşkilat kimi təşəkkül tapmış bu qurum üzv ölkələr arasında müxtəlif sahələrdə dialoq və əməkdaşlığın formalaşması istiqamətində uğurlu addımlar atır.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli Sərəncamının gələcək üçün təhsilin əsas prioritetlərini müəyyən edən mühüm sənəd olduğunu qeyd edib. Bildirilib ki, Dövlət Strategiyasının əsas hədəfi ölkəmizin müasirləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdir. Dövlət Strategiyası, həmçinin “qara qızılı insan kapitalına çevirmək” fəlsəfəsini qarşıya əsas vəzifə kimi qoyub. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək 3 mindən çox gəncin təhsil aldığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub (məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Görüşdə TDƏŞ-nin baş katibi Ramil Həsənov çıxış edərək şuranın fəaliyyətinə göstərdiyi daimi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. R.Həsənov Şuranın üzvü olan ölkələrin təhsil nazirliklərinin sıx əməkdaşlıq edəcəyinə, bundan sonra da dövlətlərimizin ümumi maraqlarına xidmət edən yüksək nəticələr əldə olunacağına əminliyini bildirib.

Türkiyənin təhsil naziri Nəbi Avcı toplantının ölkələrimiz üçün faydalı və önəmli olacağını bildirib. O deyib ki, gələcəyimizin təminatı olan gənclər arasında ortaq düşüncələrin inkişafı çox vacib məsələdir. Bu tədbirdə ümumitam orta təhsil sahəsində ortaqlıq, ortaq tarix və ədəbiyyat kitabları, ortaq televiziyanın yaradılması müzakirə ediləcək. Bu gün dərin intellektə malik gənc nəsillər yetişdirməyə daha çox ehtiyacımız var.

Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliyə Qalimova və başqaları görüşün ölkələrimiz arasında təhsil sahəsində faydalı olacağına əminliklərini ifadə edib, onun işinə uğurlar arzulayıblar. Natiqlər tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə edilib.

Sonda Protokol qəbul olunub.

 

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.3.