ADA-da konfrans: Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın

 gələcəyi elmi tədqiqatlar tələb edir

 

Noyabrın 28-də ADA Universitetində “Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın gələcəyi” mövzusunda konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, ikigünlük konfransda Orta və Cənubi Asiya ölkələrindən nəqliyyat məsələləri üzrə mütəxəssislər və alimlər iştirak edirlər.

Konfransın açılışında çıxış edən ADA-nın rektoru Hafiz Paşayev bildirdi ki, universitet 2012-ci ildə “Azərbaycan Avrasiyada regional nəqliyyat mərkəzi kimi” adlı tədqiqat layihəsi həyata keçirib və eyniadlı kitab nəşr etdirib. Bugünkü konfrans da həmin layihənin davamıdır. Konfransda Şərq-Qərb nəqliyyat dəhlizinin inkişaf istiqamətləri və digər aktual məsələlər Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, İran, Əfqanıstan, Özbəkistan, Türkmənistan, ABŞ, Qazaxıstan və Hindistan nümayəndələrinin iştirakı ilə araşdırılacaq.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını deyən H.Paşayev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əhəmiyyətindən də bəhs etdi. Vurğulandı ki, gələn il işə düşəcək bu dəmir yolu ölkə iqtisadiyyatına öz mühüm töhfəsini verəcək, daşımaların həcmini daha da artıracaq. Konfransın keçirilməsində məqsəd bu nəqliyyat dəhlizlərinin perspektivlərinə hesablanmış elmi-tədqiqat işlərinin aparılması və Avrasiya ölkələrinin rifahına töhfə verəcək qərarlar qəbul etməkdən ibarətdir.

Baş nazirin müavini Abid Şərifov Azərbaycanda nəqliyyat sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını vurğulayaraq, BTQ layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu dəmir yolunun Azərbaycan üçün ölçüyəgəlməz dərəcədə böyük əhəmiyyəti var. “Əvvəllər heç kim düşünməzdi ki, Azərbaycan nə vaxtsa Avropa ölkələri ilə birbaşa nəqliyyat əlaqəsinə malik olacaq. Ancaq bu gün BTQ layihəsi reallaşmaq üzrədir. Bu dəhlizin yaradılmasının təşəbbüsçüsü və banisi Prezident İlham Əliyevdir” - deyə A.Şərifov qeyd etdi.

Türkiyə və Gürcüstan hökumətlərinin dəstəyi ilə həyata keçirilən BTQ layihəsində vaxt və qiymətin ən önəmli məsələlərdən olduğunu diqqətə çatdıran Baş nazirin müavini Bosfor boğazında dəmir yolunun tikintisinin dəhlizin əhəmiyyətini daha da artırdığını bildirdi. Hələ üç il bundan əvvəl ayrı-ayrı ölkələrin BTQ-yə qoşulmaları ilə bağlı istəklərini bildirdiklərini deyən Baş nazirin müavini dedi ki, bu dəmir yolu ilə əvvəlcə yüklərin daşınması təmin olunacaq. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, müasir infrastrukturun yaradılması çox önəmlidir və dövlətimizin başçısının tapşırığı ilə bu sahədə lazımi addımlar atılır.

Nəqliyyat nazirinin müavini Musa Pənahov çıxışında vurğuladı ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan onun nəqliyyat və logistika mərkəzi kimi önəmini artırır. Odur ki, bu sahədə elmi araşdırmalara ehtiyac yaranıb. BTQ dəmir yolunun Türkiyə sərhədinədək olan hissəsində tikinti işlərinin ilin sonunadək başa çatacağını, gələn il isə yolun tam istifadəyə veriləcəyini bildirən M.Pənahov qeyd etdi ki, Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşımaların yüksək səviyyədə həyata keçirilməsi üçün dəmir yollarının yenidən qurulması və digər sahələrdə böyük işlər görülüb. Hazırda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat bağlantısının yaradılması da müzakirə mövzusudur. Bütün bunlar Şərq-Qərb nəqliyyat dəhlizinin səmərəliliyinin artırılmasına hesablanıb və bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması vacibdir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov müəllifi olduğu “Azərbaycan Avrasiyada regional nəqliyyat mərkəzi kimi” adlı tədqiqat kitabı barədə məlumat verdi. Bildirildi ki, 2008-2010-cu illərdə aparılan tədqiqatlarda Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsi üçün böyük potensialının olduğu göstərilib. Baş direktor dedi ki, hazırda dünyada ticarətin böyük hissəsi Çin ilə Avropa arasında dəniz yolu vasitəsilə həyata keçirilir. Strateji mövqedə yerləşən Azərbaycan da yüklərin çatdırılmasında öz rolunu oynaya bilər. Məsələn, Çindən Azərbaycana gətirilən yüklər buradan digər ölkələrə, o cümlədən Fars körfəzi ölkələrinə, Finlandiyaya ötürülə bilər.

 

“Xəzəryanı ölkələr olan Azərbaycan, Türkmənistan və digər dövlətlər bu sahədə təkbaşına hərəkət edə bilməzlər. Çünki bizim yaxşı limanlarımız olsa da, dəhlizin keçdiyi bütün ölkələrdə infrastruktur heçmüasir tələblərə cavab vermir. Ona görə də kompleks aparılmalıdır ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr bundan faydalana bilsinlər”, - deyə T.Ziyadov diqqətə çatdırdı.

Sonra konfrans işini panel sessiyalarla davam etdirdi.

 

Azərbaycan.-2014.- 29 noyabr.- S.3.