Ağsuda sosial-iqtisadi inkişaf yeni mərhələyə qədəm qoyur

 

Dövlət proqramlarında nəzərdə tutulan işlərin icrası, infrastruktur layihələrinin gerçəkləşdirilməsi nəticəsində Ağsu rayonunda da əhəmiyyətli işlər görülür. Yeni müəssisələr fəaliyyətə başlayır, yerləri açılır, əhalinin məşğulluğu artır, həyat səviyyəsi, güzəranı daha da yaxşılaşır. Tikinti-quruculuq, abadlıq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə edir.

Qeyd etmək yerinə düşər ki, görülən işlərdə sahibkarlıqla məşğul olan sakinlər fəal iştirak edirlər. Bu da rayonda sahibkarlığa yaradılan şəraitlə, dövlətin göstərdiyi yüksək qayğı ilə şərtlənir. İl başlayandan Ağsuda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 89 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 4 milyon 873,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına investisiya layihələrinin gerçəkləşdirilməsi nəticəsində 158 yeni yerinin yaradılması nəzərdə tutulur.

Rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsi, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati bina, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib. Ağsu şəhərinin mərkəzi küçələrinin tamamilə yenidən qurulması istiqamətində işlər davam edir. Sakinlərə məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimaiinzibati binaların görkəmi yaxşılaşdırılır, səkilər, yaşıllıqlar salınır. Mişar daşı ilə milli ornamentdə yeni hasarlar çəkilir, mövcud hasarlar yenilərə uyğunlaşdırılır. Dekorativ üzlük daşları ümumi görünüşü daha da gözəlləşdirir. Küçələrə, yollara asfalt döşənir. Yol kənarlarında torpaq yamaclar tikilir, yaşıllıqlar salınır, gül kolları və bəzək ağacları əkilir.

Şəhərin M.Ə.Rəsulzadə küçəsi ilə Şamaxı-Yevlax yolunun kəsişdiyi ərazidə yeni park salınıb, müasir fəvvarə quraşdırılıb.

Baş plana əsasən Ağsu şəhərinin cənub hissəsindən çəkilməsi nəzərdə tutulan dairəvi yolun 0,9 kilometrlik hissəsi yenidən qurulmaqla 3,4 kilometrlik hissəsi tikilib istifadəyə verilib.

Rayonun Pirhəsənli kəndində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 500 tonluq soyuducu anbar tikilir. 100 yerlik uşaq bağçası, baytarlıq idarəsi, diaqnostik kabinet üçün yeni binaların, aqrar-sənaye kombinatının, YAP Ağsu rayon təşkilatı üçün inzibati binanın, idman kompleksinin və digər obyektlərin tikintisi davam edir. Bu sırada sosial obyektlərin təmiri və yenidən qurulması istiqamətində görülən işləri də qeyd etmək olar.

İlin əvvəlindən bəri yeni və bərpa edilmiş müəssisələrdə, abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 390 nəfər çalışıb. Bu yerlərinin də 324-ü daimidir.

Ağsuda olarkən qazlaşdırma işlərinin gedişi ilə də maraqlandıq. Bildirilir ki, cari ilin 9 ayı ərzində 146 fərdi mənzili əhatə edən Çaparlı və 75 fərdi mənzildən ibarət Qiyaslı kəndlərində 4200 metrdən artıq daşıyıcı, 18 min metrə yaxın yerüstü paylayıcı qaz kəmərinin çəkilişi başa çatdırılıb. Qazlaşdırılan bütün mənzillərə “İtrontipli qaz sayğacları quraşdırılıb və təbii qaz verilib. Bundan əlavə, Ərəbmehdibəy, Xəlilli, Mustafalı, Dədəli və Qasımbəyli kəndlərində də qazlaşdırma işləri başa çatdırılıb, sayğaclar quraşdırılıb. Təbii qazın verilməsi üçün hər şey hazırdır.

Gursulu və Nəmirli kəndlərində qazlaşdırma üçün tikinti-quraşdırma işləri başa çatdırılıb. Kəlağaylı və Bənəcikdə işlər davam edir. İlin sonuna çəkiliş işləri aparılan bütün kəndlərə təbii qaz verilməsi nəzərdə tutulub. Rayonun daha 9 kəndinin təbii qazla təmin edilməsi üçün Hacıqabul MQKS-nin Kəndoba qazpaylayıcı stansiyasında əsaslı təmir işləri də başa çatmaq üzrədir.

Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri İkinci Regional Dövlət Proqramına əsasən Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində aparılır. İndiyədək çox görülsə də, şəbəkənin tikintisi Ağsu şəhərinin bütün ərazisini əhatə etməyib. Layihələndirmə sənədləri hazırlanarkən yeni salınan yaşayış massivləri nəzərə alınmayıb. Layihə üzrə işlər başa çatdırılmadığına görə hazırda tikinti işləri dayandırılıb.

Ağsu şəhərinin yenidən qurulan su təchizatı şəbəkəsində ev birləşmələrinin sayğaclaşdırılması istiqamətində işlərin icrasının tezləşdirilməsinə, yeni salınan yaşayış massivlərinin layihəyə daxil edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac var. Ümumilikdə şəhərin su təchizatı bu məsələlərin həllindən çox asılıdır.

Ağsuda tikinti-quruculuq işləri sırasında təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binaların tikintisiniqeyd etmək olar. Rayonun Keşdiməz kənd ümumi, Dilman və Muradlı kənd tam orta məktəblərinin yeni binaları builki dərs ilində istifadəyə verilib. Yerli büdcə vəsaiti hesabına Qaravəlli kənd ümumi orta məktəbində əsaslı, Hacıuşağı və Gəgəli kənd ümumi orta məktəblərində cari təmir işləri görülüb. Bundan əlavə, “Qərənfil” uşaq bağçasının da əsaslı təmir işlərinə başlanılıb.

145 çarpayılıq Ağsu Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir. Cari ildə Qəşəd kənd həkim məntəqəsində əsaslı, Kalva kənd sahə xəstəxanasında cari təmir işləri aparılıb. Digər səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 30 noyabr.- S.4.