Azərbaycan ilə Türkiyə əlillərin cəmiyyətə

 inteqrasiyası sahəsində sıx əməkdaşlıq edir

 

Noyabrın 29-da Bakı Biznes Mərkəzində Türkiyənin “Beyazay” dərnəyinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan əlillərinin dostluğu günü” mövzusunda beynəlxalq əlillər simpoziumu keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə parlamentlərinin deputatları, qardaş ölkələrimizin hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri və s. iştirakı ediblər.

Tədbirin məqsədi əlillərin cəmiyyətə inteqrasiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, Türkiyənin bu istiqamətdə təcrübəsinin öyrənilməsidir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə türkiyəli əlil insanların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra “Beyazay” dərnəyinin fəaliyyəti ilə bağlı videoçarx göstərilib, qardaş ölkənin əlillərindən ibarət “Duyğu” musiqi ansamblı konsert proqramı ilə çıxış edib.

“Beyazay” dərnəyinin baş direktoru Lokman Ayva çıxış edərək bildirib ki, 1988-ci ildə Türkiyədə bir qrup gözdən əlil şəxs tərəfindən yaradılmış dərnəyin hazırda qardaş ölkədə 70-dən çox, xaricdə isə 4 filialı fəaliyyət göstərir. Dərnək Türkiyədə və xaricə sağlamlıq imkanları məhdud şəxslərin təhsil və həyat səviyyələrinin yüksəldilməsi üçün müxtəlif layihələr həyata keçirir. Azərbaycanın və Türkiyənin qardaş ölkə olduqlarını vurğulayan L.Ayva qeyd edib ki, daim bir-birinin yanında yer alan xalqlarımız əlillərin cəmiyyətə inteqrasiyası, onların təhsil alması və işlə təmin olunması məsələsində də birgə fəaliyyət göstərməli, ortaq layihələr həyata keçirməlidir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əlil vətəndaşlarımızın cəmiyyətin müxtəlif sahələrində yüksək fəallıqlarını qeyd edib. Deputat əlillərin təhsil alıb cəmiyyətə inteqrasiya etmələrinin əhəmiyyətini xüsusi vurğulayaraq Azərbaycan dövlətinin bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanda əlillərin sosial müdafiəsi, o cümlədən onların məşğulluğu, reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, sosial təminatı ilə bağlı görülən işlərdən danışıb. O, Azərbaycanda bu sahədə çoxlu sayda qanunun qəbul edildiyini, ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu bildirib. Bu istiqamətdə Türkiyənin müvafiq təşkilatları ilə sıx əlaqələrin olduğunu vurğulayan nazir müavini iki ölkə arasında sosial siyasət sahəsində əməkdaşlıqla bağlı müqavilələrin imzalandığını bildirib, “Beyazay” dərnəyin fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edər azərbaycanlı və türkiyəli deputatlar, o cümlədən səfir İsmayıl Alper Coşqun iki ölkə arasında əlaqələrin inkişafından danışıb, əlillərin sosial müdafiəsi sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Əlil insanların təhsil almalarının zəruriliyini xüsusi qeyd edən natiqlər Azərbaycan dövlətinin əlillərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər.

 

Azərbaycan.-2014.- 30 noyabr.- S.6.