Elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

Azərbaycan alimlərinin I qurultayı qarşısında

 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlətin sosial-iqtisadi qüdrəti, müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı müxtəlif amillərlə yanaşı, həm də elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Elm və texnologiyanın inkişafının, qabaqcıl innovasiya sisteminin nəzəri, metodoloji və tətbiqi elmi əsaslar üzərində formalaşdırılması müasir dünyada sivil inkişaf yolunu müəyyənləşdirmiş hər bir ölkə kimi Azərbaycan Respublikasının da dövlət siyasətinin strateji məqsədlərindəndir.

Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanda elmin zəngin tarixi və ənənələri var. Bu mənada xalqımızın həm tarixi ənənələri, həm də ölkəmizin yüksəliş yolunda olması elmin inkişafının sürətləndirilməsi istiqamətində mühüm addımların atılması və ürəkaçan nəticələrin əldə olunması ilə müşahidə edilir. Son illərdə dövlət siyasətinin əsas prioritetlərindən biri olan elm sahəsində ardıcıl işlər davam etdirilib, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elm, təhsil, iqtisadiyyat birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər aparılmalıdır: “Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini veriblər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində elmi potensialın güclənməsinə böyük ehtiyac var”.

Prezident İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası elmin inkişafına böyük təkan verməklə fundamental dəyişikliklərə gətirib çıxarması günümüzün reallığıdır. Son illərdə elmi tədqiqatların artırılması, elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasından xəbər verir.

Elmin İnkişaf Fondunun yaradılması da ölkəmizdə elmin inkişafına qayğının tərkib hissəsidir. Elm adamları bildirirlər ki, perspektivi olan tədqiqat istiqamətlərini, Azərbaycan üçün vacib olan elmin buya digər sahələrini maliyyələşdirmək məqsədilə qrant sisteminə keçmək lazımdır. Qrant sistemi dünyada mövcuddurbundan xüsusilə AvropadaAmerikada geniş istifadə olunur. Yəni, bu amil elmin inkişafına güclü təkan verən bir məsələdir. Bu mənada, Elmin İnkişaf Fondunun yaradılması və bu sahəyə qrantların ayrılması, pilot layihələrin həyata keçirilməsi elmin inkişafına olduqca müsbət təsir göstərən amillərdən biridir.

Son illər Azərbaycanda müşahidə olunan tendensiyalardan biri gənclərin elmə marağının yüksəlməsidir. Artıq ölkəmizdə gənc fəlsəfə doktorlarının sayı artır. Gənc alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfranssimpoziumlarda Azərbaycanı layiqincə təmsil edir, dünya elminə töhfələr verirlər.

Azərbaycanda ilk dəfə keçirilən Bakı Elm Festivalı və digər bu kimi tədbirlər ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşımaqla bərabər, gənc alimlərin elmi nailiyyətlərinin təbliğində və fəaliyyətlərinin stimullaşdırılmasında önəmli yer tutur. 10 noyabr - Dünya Elm Gününə təsadüf edən festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaq idi. Xüsusən gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr festival iştirakçılarında böyük maraq doğurdu. Bu festivalın ənənə halını alması, hər il keçirilməsi elmimizin inkişafına dəstək verəcək.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən qarşıdakı dövrdə elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdiriləcək və dünya elminə inteqrasiya prosesi davam etdiriləcək. Başqa sözlə, elmi infrastruktur təkmilləşdiriləcək, onun maddi-texniki bazası müasirəşdiriləcək və bu sahədə informasiya təminatı sistemlərinin elektronlaşdırılması təmin ediləcək. Həmçinin, innovativ iqtisadiyyatın yaradılması üçün elmlə istehsal arasındakı əlaqələr gücləndiriləcək, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğun aparılması üçün mexanizmlər yaradılacaq.

AMEA Azərbaycan alimlərinin I qurultayının keçirilməsi haqqında qərar qəbul edib. Qurultayın keçirilməsi Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, elm, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlir. Əminik ki, 19 dekabrda keçirilməsi nəzərdə tutulan qurultay fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatlara dəstək vermək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemləri müzakirə edib həlli yollarını müəyyənləşdirmək kimi qarşıda duran mühüm vəzifələrin reallaşması işinə böyük töhfələr verəcək.

XXI əsr yüksək elmi-texniki potensiala, kapitala malik, elmə önəm verən cəmiyyət və dövlətlərin əsridir. Bu reallığı düzgün dəyərləndirən və mühüm qərarlar qəbul edən ölkə rəhbərliyinin elmin inkişafına qayğısı, bütün məziyyətləri ilə yanaşı, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsidir.

 

Ramil NAMAZOV,

iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 30 noyabr.- S.6.