Milli Məclisin payız sessiyası öz işinə başladı

 

Deputatlar Avropa Parlamentinin qətnaməsinə etirazlarını bildirdilər

 

Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edən və onlara fəaliyyətlərində uğurlar arzulayan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə parlamentin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı məlumat verdi. Bildirdi ki, Milli Məclis 2014-cü ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Bu dövrdə parlamentin 12 iclası keçirilib, 131 qanun və qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib. 

Bu dövrdə parlamentin beynəlxalq əlaqələri də inkişaf etdirilib. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Yaz və növbədənkənar sessiyalar zamanı və sonrakı dövrdə 38 ölkəyə 75-dən çox  səfər həyata keçirilib, Milli Məclisin deputatları Türkiyədə prezident seçkilərini, Serbiyada parlament seçkilərini müşahidə ediblər. Bu dövrdə 40-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 67 nümayəndə heyəti Milli Məclisdə olub. Həmçinin Milli Məclisin xətti ilə 6 beynəlxalq təşkilatın mötəbər toplantıları keçirilib. Bakı şəhəri Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclaslarına, Türkdilli Ölkələrin Parlament Assambleyasının 5-ci plenar iclasına, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarına, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasına uğurla ev sahibliyi edib.

Oqtay Əsədov dedi ki, payız sessiyasında bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, xüsusən Azərbaycan Prezidenti tərəfindən təqdim ediləcək. Bir sıra layihələr isə qanunvericilik işləri planında nəzərdə tutulur. Payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul  ediləcək. Milli Məclisin payız sessiyasının səmərəli olacağına əminliyini bildirən Oqtay Əsədov deputatlara uğurlar arzuladı.

Gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl Milli Məclisin rəhbərliyi və deputatlar Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və qeyri-obyektiv qətnaməyə dair fikirlərini bildirdilər. Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Avropa Parlamentində hansısa qüvvələrin təzyiqi ilə Azərbaycana dair qərəzli qətnamələrin qəbulu adət halını alıb. "Bu, Azərbaycanla bağlı qəbul edilən dördüncü qətnamədir" - deyən Oqtay Əsədov əlavə etdi ki,  qətnamənin "Cənub" qaz dəhlizinin təməlinin qoyulması və Avropa Şurası Parlament Assambleyası sədrinin Azərbaycana səfəri ərəfəsində qəbul edilməsi Avropa Parlamentinin əsil məqsədinin nə olduğunu göstərir. Milli Məclisin Sədri dedi: "Avropa Parlamentinin qətnaməsinin qəbul edilməsində cəmi 46 nəfər iştirak edib. Bunlardan 45 nəfəri Azərbaycanda heç vaxt olmayıb. Bir nəfər isə vaxtilə Slovakiyanın xarici işlər naziri olmuşdur. Onun nazir olduğu vaxt Slovakiya Ermənistana hərbi təyyarələr satmışdı. Belə qətnamələrin qəbulunda əsas məqsəd Azərbaycana təzyiq etməkdir.  Azərbaycana təzyiq etmək isə mümkün deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çox düzgündür. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini yürüdəcək. Heç bir kənar qüvvə bu siyasətə təsir edə bilməz.

Milli Məclisin Sədri Oqtay Əsədov onu da bildirdi ki, Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur: "Bizim yalnız əməkdaşlığımız var. Əlaqələri genişləndirmək üçün "Avronest" Parlament Assambleyasını yaratdıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri inkişaf etdirmək əvəzinə öz qurumlarını da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir. Biz bu məsələyə öz münasibətimizi bildirməliyik".

İclasda Oqtay Əsədovun təklifi ilə Mill

i Məclis Sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə komissiya yaradıb Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq qərara alındı.

Milli Məclisin Sədr müavini, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov adıçəkilən təşkilatın ikili standartlarla çıxış etdiyini dedi. O bildirdi ki, həmin təşkilatın siyasəti Qarabağı bizə unutdurmağa yönəlib: "Qurumun digər sənədlərində də münaqişə ilə bağlı bildirilir ki, icmalar görüşməlidir, vətəndaş cəmiyyətlərinin əlaqələri qurulmalıdır və s. Yəni onu demək istəyirlər ki, bu vəziyyətdə dostlaşın və Qarabağı unudun". Valeh Ələsgərovun sözlərinə görə, qarşı tərəf Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işinə də laqeyd yanaşır.

Təşkilatın iyun ayında Bakıda keçirilən sonuncu iclasına komitənin həmsədri və bir avropalı deputat gəlmişdi. Biz onlara bu haqda etirazımızı bildirdik. "Biz növbəti toplantımızda məsələni konkret qoymalıyıq. Əgər qarşı tərəf bu cür münasibəti davam etdirəcəksə, biz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində və "Avronest" PA-da fəaliyyətimizə yenidən baxmalıyıq"- deyə vitse-spiker vurğuladı.

 "Mən beynəlxalq təşkilatlarda iştirak edən və ən yüksək rəsmi şəxslərlə görüşən biri olaraq deyə bilərəm ki, orada qırmızı xəttlə keçən bir fikir var ki, Azərbaycan özündən razı siyasət yeridir. Onlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər və kiçik dövlət kimi cəzalandırmaq istəyirlər". Bunu isə Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi. Onun sözlərinə görə, Azərbaycanın tutduğu yolun doğruluğuna heç kimin şübhəsi olmamalıdır: "Əgər şübhə olacaqsa, o zaman biz onların torlarına düşmüş olacağıq. Eyni zamanda beynəlxalq dairələrin və oradakı zərərli fəaliyyətlə məşğul olan bir sıra təşkilatların əlində alətə çevrilmiş olacağıq ki, bunu da nə xalqımız, nə də ölkəmiz istəmir".

Ölkədəki QHT-lərin maliyyə məsələləri barədə hesabat verməsinin zəruri olduğunu deyən Bahar Muradova bildirdi ki, biz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bu və ya digər nöqsanların aradan qaldırılmasında ancaq səbr və təmkin nümayiş etdiririk. Təmkinli siyasətimizi isə bizə qarşı olan təzyiqə dözüm kimi qələmə vermək düzgün deyil.

Bahar Muradova daha sonra dedi: "Biz Avropa Parlamenti və onun tərkibində cəmləşmiş Azərbaycanda marağı olan dairələrin əlində alət olan parlamentarilərin təsiri ilə öz mövqeyimizi dəyişə bilmərik. Açıqlıq, şəffaflıq, hesabatlılıq naminə cəmiyyətimizə və dövlətimizin həyatında bizə mane olan cəhətlərin aradan qaldırılmasında sona qədər məsuliyyətli olmalıyıq. Bunu bizdən Azərbaycanın mənafeyi və qarşımızda duran vəzifələr tələb edir. Ona görə sifarişli qərarlar qəbul edən qərəzli təşkilatların şəffaflığın qorunması istiqamətində bizim səylərimizi heçə endirməsinə, bu təzyiqləri ilə Azərbaycanda bəzi QHT-ləri və onların rəhbərlərini cinayətkar elementlərə çevirmələrinə qarşı çıxmalıyıq".

Bahar Muradova onu da əlavə etdi ki, mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq, bəyanatımız kifayət qədər sərt tonda olmalıdır.

"Bu kimi məsələlər Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Son bir aya nəzər salsaq görərik ki, Azərbayacana qarşı müxtəlif  təzyiq metodları - bəyanatlar, müraciətlər qəbul edilir. Hətta "Human Rights Whatch" adlı qeyri-hökumət təşkilatı növbəti qərəzli hesabatını yayıb. Axı bu kimi təşkilatlara kim mandat verib ki, ölkələrdəki vəziyyətlə bağlı hesabat yaysın". Bunu isə Milli Məclisin deputatı Siyavuş Novruzov bildirdi.  Onun sözlərinə görə, bir ölkənin ərazisində olan qeyri-hökumət təşkilatı ayrı-ayrı dövlətlər haqqında hesabat yayaraq şərtlər qoyur. Düzgün olmayan informasiya əsasında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən hesabatlar dərc edirlər. Bu baxımdan da mövqeyimizi sərt şəkildə ortaya qoymalıyıq.

Siyavuş Novruzov çıxışında beynəlxalq təşkilatların fəaliyyətindəki ikili standartlardan bir misal da gətirdi: "Avropa Şurası PA-nın sədrinə sual verdim ki, Rusiyanın səsvermə hüququnu dayandırmısınız, ancaq Ermənistana qarşı bu sanksiya tətbiq olunmur. Mənə cavabı belə oldu: "Ermənistan Azərbaycanın ərazilərini işğal etdikdə 1992-ci il idi. Azərbaycan isə Avropa Şurasının üzvlüyünə 2001-ci ildə daxil olub". Bu məntiqlə hara qədər gedə bilərik?".

Siyavuş Novruzov da sərt bəyanatın qəbul edilməsinin vacibliyini bildirdi. Onun sözlərinə görə, harada görünüb ki, hər hansı bir QHT haqqında böyük təşkilatlar bəyanat yaysınlar: "Biz heç kimi girov götürməmişik ki, onlar qeyri-şərtsiz azad olunsun. Girovu qeyri-şərtsiz azad edərlər. Hesab edirəm ki, "Qeyri hökumət təşkilatları haqqında" qanuna da bir daha baxmaq lazımdır. Xaricdən alınan qrantların böyük əksəriyyəti dolayısı yolla siyasi partiya və ya bəzi mətbuat orqanlarına göndərilir. Hesab edirəm ki, gələcəkdə bu kimi işlərin qarşısı qanunvericiliklə alınmalıdır".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, iclasın gündəliyinə salınan məsələlərdən bəziləri Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlığa aiddir: "Beləliklə görürük ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə sıx əməkdaşlıq edir. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-obyektiv qərar qəbul edir. İclasda həmkarlarımın səsləndirdiyi kimi, qətnamənin qəbul edilməsində iştirak edən şəxslərin əksəriyyəti nəinki Azərbaycanda olmayıblar, hətta onlar fəaliyyətə yeni başlayıblar. Amma kimlərinsə göstərişi ilə Azərbaycanın adına qərarlar qəbul edirlər. Bu onun göstəricisidir ki, əslində Avropa Parlamentarizmi çökməkdədir".

Əli Hüseynli onu da qeyd etdi ki, Azərbaycanla bağlı qərarların arxasında erməni lobbisi, digər hallarda isə Avropadan olan bəzi qüvvələr durur: "Avronest" Parlament Assambleyası ilə əməkdaşlığımıza yenidən baxmalıyıq. Çünki, biz işləri tamamilə başqa şərtlər çərçivəsində başlamışdıq. Digər qeyd etmək istədiyim məsələ isə həm ABŞ rəhbərliyi tərəfindən, həm də Avropa Parlamentində Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı səsləndirilən qeyri-adekvat fikirlərdir. Bunların bir hissəsi QHT-lərlə bağlıdır. Belə çıxır ki, Qərb dairələri barışıq adı altında Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərən və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən qeyri-hökümət təşkilatlarını dəstəkləyir. Bu dözülməz haldır".

 Deputatlardan Zahid, Oruc, Qüdrət Həsənquliyev  Fəzail Ağamalı da bu məsələ ilə bağlı fikirlərini bildirərək eyni mövqedən çıxış etdilər.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının layihəsi müzakirə edildi. Qanunvericilik işləri planına əsasən, payız sessiyasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında",  "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Kənd təsərrüfatında informasiya - məsləhətvermə xidməti haqqında", "Elm haqqında", eləcə də Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrin yekununda Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olundu.

*  *  *

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, dövlətimiz bir çox ölkələrlə Birgə Bəyannamələr, ikitərəfli sazişlər imzalayıb və həmin sənədlər təsdiq olunması üçün parlamentə göndərilib.

Sənədlərlə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli və İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdilər.

Bu sənədlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının Prezidentinin və Fransa Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında,  "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi barədə,  "Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri idi.

İclasda "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın  proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu"nun təsdiq edilməsi barədə, "Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya"nın təsdiq edilməsi haqqında,  "Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun layihələri də təsdiqləndi.

Deputatlar həmçinin "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə müsbət münasibət bildirirək qəbul etdilər.

Bu sənədlər təsdiq edildikdən sonra spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə olan 23 qanun layihəsinə ediləcək dəyişikliklər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğunlaşdırma ilə əlaqədardır. Bu dəyişikliklərə əsasən, sahibkarlıq fəaliyyəti üzərində qanunsuz yoxlamalar aparan, o cümlədən yoxlamalar zamanı qaydaları pozan məmurlar cərimələnəcək, eləcə də sahibkarlara əlavə imtiyazlar, güzəştlər ediləcək. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmayan yoxlamanın keçirilməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 5 min manata qədər cərimə olunacaqlar. Həmçinin bu yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də, cərimə müəyyənləşdirilir. Yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə də vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə olunacaqlar. Yoxlayıcı orqan və yoxlayıcı tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1500 manata qədər cərimə ediləcəklər.

Sonra iclasda "Poçt haqqında", "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında", "Fitosanitar nəzarəti haqqında", "Baytarlıq haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında", Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında,  "Sahibkarlıq fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Sığorta fəaliyyəti haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Standartlaşdırma haqqında", "Texniki təhlükəsizlik haqqında", "Valyuta tənzimi haqqında", "Yanğın təhlükəsizliyi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişikliklər edildi. Adları çəkilən qanun layihələrinin hamısı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunla uyğunlaşdırıdı.

Gündəliyin 36-cı məsələsi isə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə idi. Dəyişikliyə əsasən, bundan sonra bir şəxs bir və ya bir neçə partiyaya yardım edə biləcək. Lakin bu yardım ildə bir dəfədən artıq olmayacaq və 10 min manatla məhdudlaşacaq. Sənədlə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, siyasi partiyaların şəffaflığı məsələsi gündəmdədir: "Qanunun 19.7 maddəsində nəzərdə tutulan dəyişikliyə əsasən, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianənin yuxarı həddi on min manatdan artıq ola bilməz. Qanunun 21.2 maddəsinə edilən dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər ilin aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir. 21.6 maddəsinə edilən dəyişikliyə əsasən, siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməlidir."

Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bu dəyişikliyi dəstəklədi və bildirdi ki, siyasi partiyaya bu miqdardan artıq maliyyə vəsaiti ayrıldıqda həmin o qurumun tapşırıqları yerinə yetirilir və burada dövlət maraqları arxa plana keçir. Deputat İqbal Ağazadə isə ayrılan vəsaitin məbləği ilə razılaşsa da hesabatın MSK-ya verilməsini qanunauyğun hesab etmədi. Onun fikrincə, hesabat Maliyyə Nazirliyinə təqdim edilməlidir. Çünki dövlət tərəfindən ayrılan vəsaitlə bağlı dövlət qurumuna hesabat verilməlidir. Deputat İlyas İsmayılov da həmkarının fikirlərini təsdiqlədi.  YAP icra katibinin müavini Siyavuş Novruzov isə bildirdi ki, digər partiyalardan fərqli olaraq YAP özünün maliyyə vəziyyəti haqqında illik hesabatlarını açıqlayır: "Əsas məqsəd ondan ibarətdir ki, partiyanın maliyyə dövriyyəsində şəffaflıq olsun. İanələrin məbləğinə limit qoyulması tamamilə düzgün tələbdir. Ümumiyyətlə, ianələr bank vasitəsilə köçürülməli və ianəni köçürdən şəxs 18 yaşına çatmalıdır".

Bu məsələ ilə bağlı çıxış edən deputat Aydın Mirzəzadə, Zahid Oruc, Sədaqət Vəliyeva, Xanhüseyn Kazımlı dəyişikliyi müsbət qiymətləndirərək onun partiyaların fəaliyyətində daha şəffaflıq yaradacağını vurğuladılar.

İclasda Milli Məclisin Sədri Oqtay Əsədov bununla bağlı bəzi məsələlərə də aydınlıq gətirdi. Bildirdi ki, bu məsələ gündəmə gələrkən beynəlxalq təşkilatların tövsiyələri dinlənilib. Həmin qurumlar təklif ediblər ki, siyasi partiyalara ayrılan vəsaitə dövlət qurumu nəzarət etməsin. Səbəb isə bəzi dairələrin hökümətin partiyalara verdiyi vəsaitə dövlət qurumları vasitəsi ilə nəzarət etməsi ilə bağlı fikirlər söyləməsinə imkan yaradılmaması idi. MSK isə dövlət qurumu deyil.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul oludu. İclasda həmçinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə də  təsdiqləndi.

Gündəlikdəki məsələlərin müzakirəsi bitdikdən sonra xüsusi komissiyanın üzvü Məlahət İbrahimqızı Milli Məclisin Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz bəyanatını səsləndirdi. Bəyanat qəbul edildi. (Bəyanat qəzetdə dərc edilir). Bununla da Milli Məclisin payız sessiyasının ilk plenar iclası başa çatdı.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2014.- 1 oktyabr.- S.1-2.