Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

 

Sentyabrın 30-da Daxili İşlər Nazirliyində (DİN) “Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası” sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

Müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirən nazir ilin doqquz ayının artıq arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, göstərilən istiqamətlər üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırıb. Eyni zamanda, istər qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğu da qeyd olunub.

Nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edib. O bildirib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər görülüb, idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanıb icraya yönəldilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı və 2011-ci illərdə imzaladığı sərəncamlar əsasında görülən işlər qanunçuluğun, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətin keyfiyyətcə yeni müstəviyə keçməsinə, polisin nüfuzunun yüksəlməsinə, hüquq mühafizə və digər dövlət orqanları, o cümlədən Ombudsman təsisatı ilə işgüzar əlaqələrin genişlənməsinə, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət edib. Belə ki, vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət və hadisələrə çevik reaksiya verilməsi, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili məqsədilə yaradılmış “102” xidməti, “Təhlükəsiz şəhər” sistemi, “Qaynar xətt”lər, elektron poçt ünvanı müvafiq sahədə qarşıda duran vəzifələrin uğurlu icrasını təmin etməkdədir.

Qeyd olunub ki, ərazi polis orqanları üçün beynəlxalq standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri tikilib, 24-ü əsaslı təmir olunub. Hökumət və qeyri-hökumət təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmalarına lazımi şərait yaradılıb. Təkcə cari ilin 9 ayında onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri keçirilib. Digər tərəfdən xidməti fəaliyyətin nəticələri barədə əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılması, vətəndaşların ayda iki dəfə həm respublikanın regionlarında, həm də nazirlikdə qəbul edilməsi qanunçuluğuninsan hüquqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edən məsələlər olaraq davamlı surətdə aparılır.

Bildirilib ki, BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Miqrasiya təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də onların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə nazirlikdə insan hüquq və azadlıqlarının müdafiəsi məsələlərinə dair çoxsaylı görüşlər keçirilib. Son 10 ildə daxili işlər orqanlarının 5 mindən çox əməkdaşı müvafiq məsələlərə həsr olunmuş seminarlarda, treninqlərdə iştirak edib. Həyata keçirilən bu və digər tədbirlər qanunçuluğun möhkəmlənməsinə, fəaliyyətin müvafiq istiqamətində müsbət nəticələrin əldə olunmasına xidmət edib. Son iki ilə yaxın müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalıb, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb. Cari ilin ötən dövründə isə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz azalıb. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 30 nəfər xidmətdən xaric edilib, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub, bir nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

Gündəlikdəki ikinci məsələ barədə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, son illər insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən tədbirlər yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə xidmət sahəsini də əhatə edib.

Ölkədə aparılan hüquqi islahatlar çərçivəsində “Uşaq hüquqları haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar da qəbul olunub, Azərbaycan uşaqların hüquqlarının qorunmasına dair müxtəlif beynəlxalq konvensiyalara qoşulub, bu sahəyə dair digər normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilib. Yeniyetmələr arasında hüquqpozmaların və baxımsızlığın profilaktikası, uşaq hüquqlarının müdafiəsi, habelə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların problemlərinin həlli yönündə aidiyyəti dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr genişləndirilib, birgə fəaliyyətin səmərəsi daha da yaxşılaşdırılıb.

UNİCEF-in Azərbaycan nümayəndəliyi, BMT-nin Beynəlxalq Əmək və Səhiyyə təşkilatları, ATƏT-in Bakı Ofisi və digər beynəlxalq qurumlarla birgə 30-dan artıq konfrans keçirilib, bir neçə mərhələdə 400-ə yaxın əməkdaşın cəlb olunduğu treninqlər təşkil edilib.

Diqqətə çatdırılıb ki, yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reydyoxlama keçirilib, hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və “dəyirmi masa” təşkil olunub. Eyni zamanda, yerli icra hakimiyyətləri yanında komissiyaların, səhiyyə, sosial müdafiə qurumlarının, kütləvi informasiya vasitələrinin 100-dən çox təmsilçisinin cəlb olunduğu, eləcə də 20 minə yaxın yeniyetmənin və onların valideynlərinin qatıldığı tədbirlərdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sosial-mənəvi aspektləri və hüquqi məsuliyyəti müzakirə edilib.

Bütövlükdə, son bir il altı ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Bununla yanaşı, 117 cinayət törətmiş yetkinlik yaşına çatmayan 124 nəfərdən ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

İclasda çıxış edənlər müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışıb, çatışmazlıqların qısa müddətdə aradan qaldırılacağını bildiriblər.

Kollegiya iclasına yekun vuran nazir əldə olunmuş uğurlardan arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayıb, konkret tapşırıq və tövsiyələrini verib.

Ramil Usubov ilk növbədə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş əmr, kollegiya qərarları və göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını, əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan müraciətlərin vaxtında obyektiv baxılmasına, cinayət işlərinin istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, cinayət prosesi iştirakçılarının qanunla qorunan hüquq və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın artırılmasını, müvafiq qanunvericilik aktlarından, Dövlət proqramlarından, nazirliyin kollegiya qərarlarından, əmr və göstərişlərindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini, xidmətlərarası qarşılıqlı əlaqələrin səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.

Nazir, eyni zamanda, azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi tədbirlərin görülməsinin, bu sahədə aparılan işlərin daxili normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisasali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.

Ramil Usubov, həmçinin bu il sentyabrın 24-də Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən yüksək səviyyədə icrasının, cəbhə bölgəsinin əhalisi arasında fəal izahat və maarifləndirmə işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

General-polkovnik Ramil Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsinə və daha ciddi tədbirlərin görülməsinə cəlb edib. Xüsusi qeyd olunub ki, hər bir əməkdaş üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı, vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli, polis-vətəndaş münasibətlərini dövlətimizin başçısının tələb etdiyi yüksək səviyyədə təmin etməlidir.

Daxili işlər naziri kollegiya iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq, ili daha yüksək nəticələrlə başa vuracaqdır.

 

Azərbaycan.-2014.- 1 oktyabr.- S.5.