Müdriklik və müasirlik

 

Akademik Məmməd Arif Dadaşzadə-110

 

 

Azərbaycan elminin və ictimai fikrinin inkişafında böyük xidmətləri olan Məmməd Arif Dadaşzadənin obrazını, portretini canlandırarkən bütöv şəxsiyyət, təmkinli tənqidçi ifadələrinə daha çox üstünlük verilir, onun görkəmli ədəbiyyatşünas olması birmənalı şəkildə qəbul edilir. Azərbaycan elmi və ictimai fikri Məmməd Arif Dadaşzadədən həmişə ustad, müəllim səviyyəsində söz açmışdır. Akademik Məmməd Arif Dadaşzadə görkəmli alim və böyük şəxsiyyət kimi yeni nəsillər üçün də nümunə sayılır.

Fikrimizcə, Məmməd Arif müəllimin zəngin və ibrətamiz həyat yolunu və çoxcəhətli elmi-pedaqoji fəaliyyətini müdriklik və müasirlik sözləri daha dəqiq və ümumiləşmiş şəkildə ifadə edir. Müdriklik və müasirlik akademik Məmməd Arif Dadaşzadənin həyatının və fəaliyyətinin, elmə, ədəbiyyata, sənətə, zamana və insanlara münasibətinin bütün mahiyyətini özündə cəmləşdirir. Fikrimizcə, seçdiyi "Arif" təxəllüsü də təsadüfi olmayıb, onun müdrikliyə, təfəkkürə, müasirliyə ağırlıq verdiyini göstərən ən əhəmiyyətli faktlardan biridir. Məmməd Məhərrəm oğlu Dadaşzadə 1925-ci ildə qəbul etdiyi "Arif" təxəllüsünə bütün ömrü boyu sadiq qalmışdır. O qədər xarakterinə və davranışına uyğundur ki, çoxları "Arif" sözünün təxəllüs olduğunu bilmir, Məmməd Arifin onun adı olduğunu zənn edir. Həqiqətən də Azərbaycan cəmiyyəti onu Məmməd Arif kimi qəbul etmişdir.

O, işi, əməlləri, xarakteri və davranışı ilə "arifanə" - müasircəsinə yaşayıb ucalmağın əsl nümunəsini göstərmişdir. Ömrü boyu həmişə ən çətin, məsuliyyətli, hətta tarixi məqamlarında da müdrik davranmağa üstünlük vermiş, müasirlik anlayışının genişliyi içərisində ən məqbul olan təmkinli yolu müəyyən etməyi bacarmışdır. Fikrimizcə, akademik Məmməd Arif Dadaşzadə əsərləri ilə Azərbaycan elmi-ədəbi mühitində, akademik düşüncədə də müdrikliklə müasirliyin mükəmməl vəhdətinə nail olmağın canlı örnəklərini təqdim etmişdir. Məmməd Arif Dadaşzadəyə görə müdriklik "varlığı quru, sxematik şəkildə deyil, bədii və fəlsəfi idrak yolu ilə dərk etməyə çalışan ağıllı və tərəqqipərvər adam" olmaq deməkdir.

Keçdiyi həyat yolunun keşməkeşli hadisələri və zəngin elmi irsi aydın surətdə göstərir ki, Məmməd Arif Dadaşzadə yaşadığı cəmiyyəti dərindən dərk edən, həyata və insana münasibətlərində geniş düşüncəni, dərin və əsaslı qavrayışı, ədalətli mövqe tutmağı mühüm prinsiplər olaraq qəbul etmişdir. Keçmiş sovet cəmiyyətinin repressiya dövründə də, şəxsiyyətə pərəstiş illərində də o, ictimai-siyasi hadisələrin mürəkkəbliyi içərisində həmişə müvazinətini qoruyub saxlamışdır. Hətta namərd zamanın təzyiqi ilə 1950-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının zalında Mərkəzi Komitənin təşkil etdiyi respublika ziyalılarının yığıncağında Türkiyəyə və Şamil hərəkatına müsbət meylinə görə akademik Heydər Hüseynovun məsələsi müzakirə olunarkən bağışlanmaz hadisə hesab edilən, bitərəf mövqe tutduğuna görə "ev dustağı" kimi cəzalandırılaraq tutduğu vəzifədən çıxarılmış, partiya sıralarından uzaqlaşdırılmışdır. Ölkə rəhbərliyi səviyyəsində zamanına görə çox sərt olan "türk şpionu, Heydər Hüseynovdan da betər" kimi ağır ittihamlarla damğalanan Məmməd Arif Dadaşzadə zahirən nəzərə çarpmayan içindəki dərin mənəvi iradə ilə belə böyük sarsıntılardan çıxa bilmişdir. Məmməd Arif Dadaşzadə ölkədə ideoloji mühit dəyişdikdən sonra heç vaxt bu hadisədən "konyuktur" kimi istifadə etməmiş, həmin hadisənin gündəmə gəlməsində maraqlı olmamışdır. Bütöv, təmkinli, müdrik şəxsiyyətini və uca adını, ləyaqətini qorumaq və yaşatmaq, elmdə də, həyatda da ədalətli mövqenin tarazlığını saxlamaq Məmməd Arif Dadaşzadə üçün həmişəlik meyara çevrilmişdir.

Tənqidçi və ədəbiyyatşünas kimi də akademik Məmməd Arif Dadaşzadə elmi fəaliyyətində, təhlillərində və qiymətləndirmələrində obyektivliyi, ədaləti, gerçəkliyi qoruyub saxlamışdır. Dövrün ideoloji mühitindən gələn siyasi tələblərin sədlərini gözləməli olsa da, elmə, ədəbiyyata, yazıçıya yanaşmalarında süni tənqidin, qərəzli münasibətin, əsassız tərifin tərəfində dayanmamışdır. Çətin ideoloji maneələrin meydanda olduğu bir zamanda hakim ideologiyanın ümumi prinsiplərinə əsasən əməl etməklə həm də yazıçıdan, ədəbiyyatdan həyatilik, millilik, tənqidçidən ədəbi gerçəkliyə sədaqət tələb etməyin yollarını, üsullarını tapmaq böyük müdriklik, geniş dünyagörüş, ayıq yanaşma tələb edir. Bu mənada Məmməd Arif müdrikliyi, ədaləti və obyektivliyi özündə cəmləşdirən bütöv və mükəmməl şəxsiyyət idi.       

Bu məqamda Məmməd Arif Dadaşzadənin simasında müdriklik və ədalət meyarı ilə müasirlik düşüncəsi bir-birini tamamlayır. Akademik Kamal Talıbzadənin yazdığı kimi o, "öz tənqidlərini səbrlə, sakit və konkret şəkildə söyləməyi sevir, onları inadla, lakin inandırıcı şəkildə sübut etməyə çalışır. Tez hökm vermək, təhlilsiz və sübutsuz nəticə çıxarmaq, yersiz həyəcana qapılmaq onun qələminə yaddır. Ədəbiyyata vətəndaşlıq qürurundan doğan bir məhəbbət və bu məhəbbətdən yaranan həqiqi qayğı Məmməd Arifin tənqidi məqalələrinin pafosunu təşkil edir". Bu mənada xalq şairi Səməd Vurğunun akademik Məmməd Arif Dadaşzadəni "tənqidimizin vicdanı" kimi dəyərləndirməsi ümumi ictimai fikrin ifadəsinə çevrilmişdir. Sözün böyük mənasında akademik Məmməd Arif Dadaşzadə cəmiyyətdə XX əsr Azərbaycan ədəbi tənqidinin nüfuzunu ucaldan, məsuliyyət meyarlarını müəyyən edən alim-şəxsiyyət kimi mötəbər sima hesab edilmişdir. Görkəmli alimin həm əsərlərinə, həm də şəxsiyyətinə cəmiyyətdə xüsusi ehtiram göstərilmişdir. Məmməd Arif Dadaşzadənin tənqidçilik meyarının da, hər şeydən əvvəl, nüfuz üzərində qurulması onun şəxsiyyəti ilə elmi-fəaliyyətinin, əməli ilə nəzəri fikrinin bütövlüyünü nümayiş etdirir. Məmməd Arifin fikrincə, "avtoritet nüfuz, etibar tənqidçi üçün mühüm şərtlərdən biridir. Nüfuzsuz tənqidçi ümumiyyətlə tənqidin etibarını aşağı saldığı üçün çox zərərlidir. Nüfuzun birinci şərti - vicdanlı və prinsipial olmaqdır".

Fikrimizcə, Məmməd Arif Dadaşzadənin 1941-ci ildə irəli sürdüyü bu tezisləri keçmiş sovet hakimiyyəti illərində meydana qoymaq da, gerçəkləşdirmək də asan iş deyildi. Ancaq Məmməd Arif Dadaşzadə həmin tənqidçilik prinsiplərini hamıdan çox özünün fəaliyyətində nümunə olaraq yüksək səviyyədə əməl edib yaşatmağın mümkünlüyünü göstərməklə bütövlükdə ədəbi-elmi mühitin nüfuzunu qoruyub saxlamağı bacarmışdır.

Azərbaycan ədəbiyyatşünaslığında daim tədqiqat mövzusu olmuş yazıçı-tənqidçi münasibətlərinin də mükəmməl elmi konsepsiyası akademik Məmməd Arif Dadaşzadəyə məxsusdur. Ədəbi tənqidin bu vacib problemi haqqında çox yazılmasına, müxtəlif yönlərdən dəyərləndirmələrin mövcud olmasına baxmayaraq, tənqidçiyə, yaxud da yazıçıya ağırlıq vermək mənasında ortaq meyarın müəyyən edilməsi baxımından Məmməd Arif Dadaşzadənin ölçüləri elmi prinsip kimi qəbul edilməyə layiqdir: "Məncə, yazıçı ilə tənqidçi arasındakı ziddiyyət əsas etibarilə iki səbəbdən ibarət ola bilər: birinci haqsız və vicdansız tənqiddən, ikinci də tənqidi qəbul etmək mədəniyyətinin azlığından. Yəni əslinə baxsan, bu səbəblərin də hər ikisi mədəniyyətin azlığından irəli gəlir. Biz tənqidçilərimizi vicdanlı, prinsipial və cəsarətli olmağa çağırarkən, yazıçıları da doğru və haqlı tənqidə dözümlü olmağa, tənqidçinin faydalı göstərişlərini qəbul etmək vərdişini mənimsəməyə çağırmalıyıq".

Aforizm səviyyəsində səslənən bu fikirlər ümumiyyətlə yazıçı-tənqidçi münasibətlərinin düsturu kimi qəbul edilməyə layiq mülahizələrdir. Məmməd Arif Dadaşzadə yazıçıya, ədəbiyyata münasibətdə yüksək səviyyədə tənqidçi mədəniyyəti nümunəsi göstərmişdir. Bu isə öz növbəsində yazıçıların da ədəbi tənqidə münasibətində müəyyən tarazlığın yaranmasını şərtləndirmişdir. Tənqidçi-yazıçı münasibətlərinin Məmməd Arif Dadaşzadə düsturu bu sahədə qarşılıqlı münasibətlərin tənzimlənməsinin elmi həllinin mükəmməl nəzəri şərhini meydana qoyur. Bu cəhətdən xalq yazıçısı Süleyman Rəhimovun akademik Məmməd Arif Dadaşzadənin tənqidçilik fəaliyyəti haqqındakı aşağıdakı etirafı yazıçı-tənqidçi münasibətlərində hər iki tərəfin müdrikliyini, xüsusən də ədəbiyyatşünas alimin obyektivliyini və nüfuzunu aydın şəkildə təsəvvür etməyə imkan verir: "Məni təqdir etdiyi zamanlarda xoşhal olmuşam, demişəm, zarafat deyil, Məmməd Arif Dadaşzadə belə deyir. Ancaq onun məni tənqid edən qeydlərini oxuyunca nə deyim, göynəmişəm. Sonralar düşünüb-daşınmışam, balam, kişi doğru deyir". Məmməd Arif Dadaşzadəyə ünvanlanmış bu kəlamlar tənqidçi-yazıçı münasibətləri haqqında atalar sözü təsirinə malikdir və ədəbi-elmi mühitin bu günü üçün də, sabahı üçün də məqbuldur. Məmməd Arif Dadaşzadə böyük bir mərhələdə elmi-ədəbi mühitin ağsaqqalı funksiyasını ləyaqətlə həyata keçirmişdir. Görkəmli alimin əsərləri və elmi ideyaları müasir ədəbi-nəzəri fikrin inkişafına da işıq sala bilir.

Akademik Məmməd Arif Dadaşzadənin ədəbi tənqiddə müdriklik və obyektivlik meyarlarının müasirlik düşüncəsi ilə sintezi həmin ölçülərin, prinsiplərin sadəcə ümumi tezislər olmayıb, canlı, hərəkətdə olan, əməli fəaliyyətlə təsdiqlənən, ədəbi təcrübədə sınaqlardan çıxaraq ədəbiyyatı da, ədəbiyyat haqqında elmi də irəli aparmaq gücünə, imkanlarına malik sistemli bir təlimin ifadəsi olunduğunu düşünməyə şərait yaradır. Böyük alimin elmə, ədəbiyyata dair fikirləri, baxışları bütün hallarda müasirliklə üzvü əlaqədə ifadə edilmişdir. Müdriklik və obyektivliklə müasirliyin vəhdəti Məmməd Arif Dadaşzadənin ölçülərində tərəzinin hər iki tərəfinin tarazlığını qoruyub saxlayan əsas meyardır. Görkəmli elm xadiminin ədəbiyyatda müasirlik anlayışı da pafosdan, göstərişdən, tapşırıqdan uzaq olub, dövrün reallıqlarını da nəzərə almaqla gerçəkliyin yüksək bədii səviyyədə təqdiminə əsaslanır. O, doğru olaraq müasirliklə bədii ümumiləşdirməni biri digərini tamamlayan prinsiplər kimi eyni səviyyədə nəzərə almağı zəruri saymışdır. Məmməd Arif Dadaşzadə qəti olaraq bu fikirdə idi ki, "müasir həyatın və hadisələrin ümumiləşdirilmiş təsvirini yaratmaq böyük bir səy, diqqət və araşdırma tələb edir. Yazıçılarımız müasir həyata kənardan baxmağı, həm zaman, həm də məkan etibarilə uzağa çəkilib oradan hadisələrə nəzər salmağı bacarmalıdırlar. Hadisələri saf-çürük etmək üçün bu, əsas şərtdir. Bunu öz yaradıcılığında bir qanun halına salmayan yazıçı gündəlik hadisələrin axını içərisində itə bilər və bu gün yazdığını sabah pozmaq məcburiyyəti qarşısında qalar".

Ədəbiyyatın böyük meyarları haqqında dəyərli fikirlərin müəllifi akademik Məmməd Arif Dadaşzadə yarım əsrdən çox bir dövr ərzində Azərbaycan və dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik və müasirlik nümunəsi ola biləcək elmi düşüncə ilə təhlillər və müqayisələr aparmışdır. Bunlar Məmməd Arifin elmi əsərlərinin müdriklik və müasirlik nümunəsi olmasına işıq salmışdır. Akademik Məmməd Arif Dadaşzadənin elmi ədəbi-tənqidi məqalələri təkcə yazıldığı dövrdə deyil, ondan sonra da, indi də yaşayan, istinad edilən, güclü müasirlik imkanlarına malik olan mənbələrdir. Azərbaycan ədəbiyyatının tarixinə və müasir inkişafına, görkəmli klassiklərinə və yeni nəsil yazıçılarına həsr edilmiş elmi məqalələri, icmal tənqidi nümunələri olan ümumiləşdirilmiş yazıları həsr olunduğu konkret yazıçı, ədəbi mərhələ, bədii əsər haqqında geniş və aydın, obyektiv və əsaslı elmi qənaətləri formalaşdırır. Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mir Cəlal, Əbülhəsən, Mikayıl Müşviq, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Osman Sarıvəlli və başqa yazıçılara həsr edilmiş sanballı məqalələri Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinə tarixi xidmətdir. Yeni ədəbi nəslin axtarışlarını, xüsusən də "altmışıncılar"ın ədəbiyyatını ədəbi-elmi mühitdə dəstəkləmək və dəyərləndirmək baxımından da Məmməd Arif Dadaşzadə müdriklik nümunəsi göstərmişdir. O, Azərbaycan ədəbiyyatını tam, bütöv halda dərindən öyrənən və elmi əsaslarla tədqiq edib ümumiləşdirən görkəmli alim şöhrəti qazanmışdır. Məmməd Arif Dadaşzadə Azərbaycan ədəbiyyatşünaslığının klassikidir.

Məmməd Arif Dadaşzadə monumental ədəbiyyatşünaslıq sahəsində də Azərbaycan elminə böyük töhfələr vermişdir. Ədəbiyyatşünas alimin XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası ölkəmizdə konkret bir sənətkardan bəhs edən geniş həcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Əvvəla, əsərin yazıldığı keçən əsrin iyirminci illərində görkəmli yazıçılar haqqında böyük, ümumiləşdirilmiş monoqrafiyalar çox az idi. "Cəfər Cabbarlının yaradıcılıq yolu" XX əsr Azərbaycan ədəbiyyatşünaslığında ilk geniş həcmli elmi əsərlərdən biridir. İkincisi isə həmin illərdə yazıçı və şairlər haqqında yazılan monoqrafiyalarda əsasən sənətkarların dövrü, tərcümeyi-halları, əsərlərinin yazılma tarixinin göstərilməsi, mövzusu və ideyasının sosioloji cəhətdən təhlili ilə kifayətlənilirdi. Beləliklə, yazıçılar birtərəfli qaydada müəyyən bir sxem əsasında öyrənilir, əsərlərinin bədii xüsusiyyətləri, poetikası diqqətdən kənarda qalırdı. Məmməd Arif Dadaşzadənin "Cəfər Cabbarlının yaradıcılıq yolu" monoqrafiyasında sənətkarın ömür və sənət yolunun tədqiqi ilə onun yaradıcılığının bədii özünəməxsusluqları da birlikdə öyrənilərək bütöv bir sistem kimi təqdim olunmuşdur. "Cəfər Cabbarlının yaradıcılıq yolu" monoqrafiyası yazıçının həyat yolunu onun yaradıcılığını ideya-bədii xüsusiyyətləri ilə bir yerdə öyrənməyin Məmməd Arif Dadaşzadə modelidir. Bu qiymətli elmi əsəri yaratmaqla Məmməd Arif Dadaşzadə həm də ədəbiyyatşünaslıq elmi mühitində sənətkarı bir monoqrafik tədqiqatda bütün yönləri ilə tam olaraq təqdim etmək ənənəsini formalaşdırmış və möhkəmləndirmişdir. "Cəfər Cabbarlının yaradıcılıq yolu" monoqrafiyası Azərbaycan cabbarlışünaslıq elminin məbədidir. Alimin Cəfər Cabbarlı haqqında yazdığı məqalələri və xatirələri qiymətli monoqrafiyasını daha da zənginləsdirən əsərlərdir.

XX əsrdə "Səməd Vurğunun dramaturgiyası" mövzusunu da ilk dəfə monoqrafiya səviyyəsində akademik Məmməd Arif Dadaşzadə ədəbiyyatşünaslıq elmi mühitinə gətirmişdir. 1964-cü ildə tamamlanmış "Səməd Vurğunun dramaturgiyası" monoqrafiyası ilə böyük xalq şairi Səməd Vurğunun yaradıcılığının monoqrafik miqyasda öyrənilməsinin bünövrəsi qoyulmuşdur. Eyni zamanda, Azərbaycan dramaturgiyasının inkişafında Səməd Vurğuna məxsus olan xüsusiyyətlər, keyfiyyətlər birinci dəfə olaraq Məmməd Arif Dadaşzadənin təqdimatında konkret elmi ifadəsini tapmışdır. Məsələn: "Realizm ilə romantizm ümumiyyətlə Səməd Vurğun yaradıcılığının, xüsusən də dramaturgiyasının mühüm cəhətini təşkil edir... Səməd Vurğunda romantizm çox qüvvətlidir, inqilabi romantika onun yaradıcılığında xüsusi bir keyfiyətdə təzahür edir. Bununla belə, biz görürük ki, müəllif real həyatı, realizmi də unutmur. Nəinki unutmur, bəlkə həmişə ona əsaslanır... Bu da ictimai-tarixi hadisələrin qiymətləndirilməsində ictimai münasibətlərin və insan xarakterlərinin bədii cəhətdən dolğun verilməsində müəllifə kömək edir".

Monoqrafiyada Səməd Vurğunun dramaturgiyasındakı ideya-məzmun xüsusiyyətləri ilə birlikdə poetika məsələləri də öz elmi təhlilini tapmışdır. Səməd Vurğun haqqında bir çox gerçəkliklər ilk dəfə bu əsərdə geniş ictimaiyyətin diqqətinə çatdırılmış, müəyyən mübahisələrə elmi baxımından aydınlıq gətirmişdir. "Səməd Vurğunun dramaturgiyası" Məmməd Arif Dadaşzadənin mükəmməl bir monoqrafiyası, Azərbaycan oxucusu üçün isə Səməd Vurğun yaradıcılığına etibarlı elmi bələdçidir. Səməd Vurğunun "Muğan" poeması haqqındakı araşdırmaları, xüsusən də "Aygün və müasirlik" adlı məqaləsi ədəbiyyatşünaslığın tarixində izi qalan əsərlərdir. Məlum olduğu kimi, "Aygün" poeması çap olunanda bu əsərə qarşı müəyyən əks kampaniya həyata keçirilmiş və Səməd Vurğuna haqsız hücumlar olmuşdu. Akademik Məmməd Arif Dadaşzadə elmdən çox ideoloji mahiyyət daşıyan və bir çox hallarda da Səməd Vurğunun böyük istedadına və şöhrətinə paxıllıqdan doğan həmin qeyri-elmi müzakirələrdən kənarda qala bilmişdi. Məmməd Arifin bir qədər sonra, 1958-ci ildə yazdığı "Aygün və müasirlik" adlı məqaləsində əsərin bəzi "zəif cəhətləri" göstərilməklə bərabər, bütövlükdə poemaya yüksək elmi qiymət verilmişdir: "Aygün" poemasında qoyulan həyati məsələləri şair quru öyüd-nəsihət tərzində deyil, canlı insan xarakterlərinin, təbii və real hadisələrin təsviri yolu ilə əks etdirmişdir. ...Aygünün simasında şair özünün qadın və ana haqqındakı ən yaxşı duyğularını ifadə etmək istəmişdir. Aygün bizim qarşımızdan bir ana, bir vətəndaş, bir sənətkar kimi keçir, öz yüksək əxlaqı, insaniyyəti və nəcabəti ilə rəğbətimizi qazanır. Əsər müasir məsələləri həyatımızın inkişaf meyilləri əsasında düzgün əks etdirmiş, sağlam, işıqlı və yaradıcı qüvvələrin qanunauyğun qələbəsini göstərmişdir. ...Yəni, sağlam ailə məsələlərini yüksək məfkurəvi istiqamətdə və bədii surətlərdə əks etdirmək sahəsində "Aygün" şairlərimiz üçün bir çağırış rolunu oynadı".

Konkret ədəbi şəxsiyyətlərə qiymət verərkən Məmməd Arif Dadaşzadə dövrün ədəbi və ictimai proseslərini nəzərə almış, yazıçının xidmətlərini ədəbiyyatın və cəmiyyətin ümumi fonunda dəyərləndirmək meyarını əsas kimi qəbul etmişdir. Eyni zamanda, o, bir neçə sanballı ümumiləşdirici əsərlərin müəllifi kimi də ədəbiyyatşünaslıq elminin tarixində özünə layiq şərəfli yer tutur. Məmməd Arif Dadaşzadənin Moskvada "Nauka" nəşriyyatında rus dilində nəşr edilmiş "Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyası ədəbiyyatımızın çoxəsrlik inkişaf yolunu yüksək elmi səviyyədə ümumiləşmiş şəkildə əks etdirən qiymətli elmi-tədqiqat əsəridir.

Göründüyü kimi, Məmməd Arif Dadaşzadə həyatın, cəmiyyətin və elmi fəaliyyətin bütün sahələrində təmkinli bir müdriklik və müasirlik nümayiş etdirmişdir. O, dünya xalqlarının ədəbiyyatı haqqında elmi qənaətlərini ifadə edərkən də bu meyarları nəzərə almışdır. Onun rus ədəbiyyatı klassiklərindən ədəbi tənqidin böyük ustadı Vissarion Belinskiyə rəğbəti açıq hiss olunur. Dərin elmi-nəzəri fikirlərinə, demokratik görüşlərinə görə Azərbaycan ədəbiyyatşünasları, o cümlədən Məmməd Cəfər Cəfərov, Əkbər Ağayev, Yaşar Qarayev və başqaları da Vissarion Belinskiyə dəfələrlə istinad etmişlər. Məmməd Arif Dadaşzadə "ədəbiyyat cəbhəsinin yorulmaz mübarizi" adlandırdığı Vissarion Belinskinin timsalında "geniş ədəbi-ictimai fəaliyyətinin hər sahəsində xalqa sədaqətlə xidmət edən, onun ictimai şüurunu və bədii zövqünü tərbiyələndirən" böyük mütəfəkkiri görmüşdür. Fikrimcə, Vissarion Belinskinin rus ədəbiyyatı və ictimai fikri üçün gördüyü böyük işi Azərbaycanda görkəmli elm xadimi Məmməd Arif Dadaşzadə və Məmməd Cəfər Cəfərov həyata keçirmişlər.

Məmməd Arif Dadaşzadə rus ədəbiyyatının görkəmli klassiklərindən Aleksandr Puşkin, Lev Tolstoy, Aleksandr Qriboyedov, Mixail Lomonosov, Anton Çexov, Maksim Qorki, Vladimir Mayakovski, Nikolay Ostrovski və başqaları haqqındakı məqalələrində də bu böyük yazıçıların azadlıq, vətənpərvərlik və maarifçilik baxışlarını Azərbaycan ictimaiyyətinə çatdırmağa ciddi diqqət yetirmişdir. Bundan başqa, onun rus və dünya ədəbiyyatı klassiklərinə həsr edilmiş məqalələrində mütləq Azərbaycan ədəbiyyatı və ictimai fikri ilə əlaqə məsələlərinin araşdırmasına müəyyən yer ayrılmışdır. Məmməd Arif Dadaşzadənin "Lermontov və Səhhət", "Krılov və Azərbaycan ədəbiyyatı", "Rus klassiki Azərbaycan səhnəsində", "Nekrasov və Abbas Səhhət", "Maksim Qorki və Azərbaycan" adlı elmi məqalələri isə adlarından da göründüyü kimi, konkret olaraq ədəbi əlaqələrin tədqiqinə həsr olunmuşdur. Ədəbi əlaqələri öyrənərkən Məmməd Arif Dadaşzadə ədəbi-tarixi gedişatdakı oxşar prosesləri, tipoloji yaxınlığı, ədəbi ənənənin bənzərliklərini də əsas kimi qəbul etmişdir.

Məsələn, o, İvan Krılovun təmsillərinin Azərbaycanda geniş yayılmasının, ayrı-ayrı şairlər tərəfindən təkrar-təkrar tərcümə edilməsinin səbəbini aşağıdakı kimi izah etmişdir: "Məlum olduğu kimi, Şərq xalqlarının ədəbiyyatı təmsillərlə çox zəngindir. Təmsil Azərbaycan ədəbiyyatında da qədim və çox yayılmış ədəbi növlərdəndir. Şərqin məşhur "Kəlilə və Dimnə" kitabı, Sədi və Cəlaləddin Rumi kimi təmsilçi sənətkarların əsərləri bizə yaxşı məlumdur. Nizaminin əsərlərində də biz təmsil növünə rast gəlirik. Azərbaycan xalqının nağılları, həkimanə məsəl və atalar sözləri əsasında ədəbiyyatımızda bu ədəbi növ çoxdan inkişaf etmiş və müvəffəqiyyətli nümunələr yaradılmışdır. Krılovun təmsilləri hələ ilk zamandan Azərbaycanda böyük bir həvəslə qarşılanmış və sevilmişdir. Bunun əsas səbəbi... Krılovun təmsillərində işlətdiyi bədii surətlərin, ayrı-ayrı xasiyyət və səciyyələrin canlı və şairanə olmasındadır".

Deməli, ədəbi əlaqələri araşdırarkən xalqların və ədəbiyyatların keçdiyi proseslərin yaxınlığını, sadəlik, canlı və şairanə təsvirlərin təbiiliyini nəzərə almaq Məmməd Arif Dadaşzadənin əsaslandığı prinsiplərdir. Məsələyə Azərbaycan xalqının və ədəbiyyatının mövqeyindən yanaşmaq, azərbaycanlı oxucunu maarifləndirmək Məmməd Arif tərəfindən ədəbi əlaqələrin öyrənilməsinin zəruri vacib şərti hesab edilmişdir. Bu isə ədəbi təsirdən daha çox qarşılıqlı əlaqələrdən bəhs etmək demək idi ki, o zaman üçün bu tip yanaşma ustad işi sayılmağa layiqdir.

Məmməd Arif Dadaşzadə bədii tərcümə məsələlərinin təhlil edilib qiymətləndirilməsində də mənsub olduğu xalqın maraqlarına, milli ədəbiyyatın qanunauyğunluqlarına, tərcüməçinin ruhuna uyğun gəlməsinə əsas prinsip kimi baxmışdır. O, Azərbaycanda bədii tərcümə məktəbinin böyük yaradıcısı sayılmağa layiq olan görkəmli romantik şair Abbas Səhhətin tərcüməçilik istedadını dəyərləndirərkən bu amilləri xüsusi olaraq qeyd etməyi vacib saymışdır. "Şair hər şeydən əvvəl öz ruhuna yaxın olan şeirləri seçməyə çalışmış və eyni zamanda rus poeziyasının xarakterik cəhətlərini nəzərdən qaçırmamışdır. Səhhətin tərcümə etdiyi əsərlərdə əsas motiv ictimai motivdir... Səhhətin məqsədi öz xalqının mədəni səviyyəsini, ədəbiyyatını daha yüksək pilləyə qaldırmaq və başlıca olaraq "qəlbləri donduran" həqiqətləri öz dövrünün adamlarına eşitdirmək idi... Rus şairlərindəki sadəliyi və təbiiliyi Səhhət Azərbaycan şeirinə gətirməyə çalışırdı".

Bədii tərcümə ilə məşğul olduğu zaman Məmməd Arif özü də tərcümə işinə milli maraqlar baxımından yanaşmağı əsas götürmüşdür. O, rus və dünya ədəbiyyatı klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edərkən böyük idealların, zəruri ictimai-tarixi proseslərin, maarifçi ideyaların xalqa çatdırılmasına diqqət yetirmişdir. Rus və dünya ədəbiyyatının nəhənglərindən olan Lev Tolstoyun "Hərb və sülh" epopeyasının iki cildinin Azərbaycan dilində nəşri onun tərcüməçilik fəaliyyətinin zirvəsində dayanır.

Məmməd Arif Dadaşzadə gənc yaşlarından başlayaraq ömrünün axırınadək həm də təşkilatçılıq sahəsində çalışmışdır. Müdriklik, müasirlik, obyektivlik və məsuliyyət onun elmi-tədqiqatçılıq işində olduğu kimi, təşkilatçılıq fəaliyyətində də əsas meyar olmuşdur. Bu mənada görkəmli alim-pedaqoq Məmməd Ariflə yüksək vəzifələrdə də böyük məsuliyyətlə çalışmış Məmməd Arif Dadaşzadə bir-birini tamamlayır. Əsasən ədəbiyyat, maarif yönümlü yüksək vəzifələrdə çalışdığı üçün onun təşkilatçılıq fəaliyyəti də elmin, ədəbi-ictimai fikrin inkişafına xidmətə həsr olunmuşdur. Bu iki istiqamət bir-birinə dayaq olmuş, ümumilikdə hər iki sahənin, daha çox isə elmin xeyrinə olmuşdur. Bakı Dövlət Universitetinin kafedra müdiri, "Vətən uğrunda" jurnalının redaktoru, xalq maarif komissarının müavini, Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, İctimai Elmlər Bölməsinin akademik katibi, vitse-prezident vəzifələrində çalışarkən Məmməd Arif Dadaşzadənin elmin, ədəbiyyatın, ictimai fikrin maarif və mədəniyyətin inkişafı sahələrində apardığı ardıcıl və səmərəli iş ölkənin və xalqın inkişafına uğurla xidmət etmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olduğu illərdə (1939-1950; 1957-1959) iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" və üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin hazırlanması və nəşr edilməsi işinə rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1946-cı ildə Ədəbiyyat İnstitutunun "Ədəbiyyat məcmuəsi" adlı elmi əsərlər jurnalı təsis edilmiş və Məmməd Arif bu jurnalın ilk baş redaktoru olmuşdur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıqla əlaqədar elmi-tədqiqatların aparılması, tərcümə və nəşr işlərinin təşkilində Ədəbiyyat İnstitutu əsas qərargah funksiyasını yerinə yetirmişdir.

Azərbaycan Ali Sovetinin sədri, Dostluq Cəmiyyəti sədrinin müavini, Terminologiya Komitəsinin sədri, Zaqafqaziya Xalqlarının Mədəni əlaqələri üzrə Koordinasiya Şurasının sədri kimi də Məmməd Arif Dadaşzadə geniş iş aparmışdır. Elm sahəsindəki xidmətlərinə və geniş ictimai fəaliyyətinə görə Məmməd Arif Dadaşzadə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, yüksək orden və medallarla təltif olunmuşdur. "Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyasına görə Məmməd Arif Dadaşzadə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır.

Bir neçə nəslin müəllimi, elmi rəhbəri və məsləhətçisi, əsərlərinin elmi redaktoru olan akademik Məmməd Arif elmdə də, ədəbiyyatda da yeni nəsli və yeniləşmə proseslərini həmişə dəstəkləmişdir. Xalq yazıçısı Mirzə İbrahimovun haqlı olaraq yazdığı kimi o, ali məktəblərdə dərs deməklə yanaşı, həm də "oxucunun da müəllimi" olmuşdur.

Məmməd Arif Dadaşzadə Azərbaycan tənqid və ədəbiyyatşünaslıq elminin ağsaqqalıdır. Məmməd Arif Dadaşzadə elmi və ədəbi-ictimai fikrimizin tarixinə müdriklik və müasirlik nümunəsi kimi daxil olmuşdur. Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin yeni mərhələsinin, müasir ictimai fikrimizin də inkişaf yoluna işıq salır. Hələ 1974-cü ildə akademik Şəfahət Mehdiyevin "Ən görkəmli elm və mədəniyyət xadimlərindən biri kimi" yüksək qiymətləndirdiyi Məmməd Arif Dadaşzadəyə müraciətlə yazdığı aşağıdakı sətirlər aradan uzun illər keçməsinə baxmayaraq, bu gün üçün də müasir səslənir: "Keçdiyiniz şərəfli yol bizim üçün də ibrətamizdir. Sizdən təkcə ədəbiyyatşünaslığı və mahir tənqidçiliyi deyil, bəlkə daha artıq həyatın keçilməmiş təlatümlü yollarında səbr və nəzakətlə, gələcəyə böyük inamla addımlamağı da öyrənmək olar. Mən, ideal insan obrazı haqqında düşünəndə qarşımda sizin təvazökar, incə təbəssüm saçan simanızı görürəm. Kim böyüklüklə sadəliyin vəhdətini görmək istəyirsə, Sizə baxmalıdır, Sizdən ibrət almalıdır".

Siyasi-ideoloji cəhətdən oxşar tale yaşamış böyük vətəndaş alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanovun görkəmli ədəbiyyatşünas alim haqqındakı fikirlərində də ömür və axtarış yollarının ibrətamizliyi diqqət mərkəzinə çəkilmişdir: "Sizin həyat yolunuz bizim elmi nəslin ən yaxşı nümayəndələrinin xüsusiyyətlərini özündə əks etdirən bir aynadır. Həyat Sizi gülər üzlə qarşılamamışdır, keçdiyiniz yollara asfalt döşəməmişdir. Siz öz həyat yolunuzu külünglə açmısınız. Yolunuzun üstündəki daşların ən kiçik qırığını qoparıb kənara atmaq üçün saysız-hesabsız külüng vurmalı olubsunuz. Bu cəhətdən Sizin həyatınız gənclərimiz üçün ən gözəl nümunədir... Mənfur 37-ci ili Siz bir neçə dəfə yaşamışsınız... Nələr çəkmədiniz!.. Lakin Siz özünüzdə mənəvi qüvvə, mətin iradə tapıb, bütün bu dəhşətli çətinliklərə qalib gəldiniz, keşməkeşlərdən alnı açıq çıxdınız. Bu, asan iş deyildi... "Bizim Sizə ehtiyacımız çoxdur".

Göründüyü kimi, akademik Məmməd Arif Dadaşzadənin müdrikliyi, daxili təmkini, mənəvi dəyanəti müasirləri tərəfindən onun öz sağlığında da cəmiyyətə nümunə kimi təqdim olunmuşdur.

Böyük tənqidçi və ədəbiyyatşünas Məmməd Arifin nəvəsi, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadənin böyük məsuliyyətlə toplayıb tərtib etdiyi, çapa hazırladığı "Məqalələr və xatirələr" kitabı görkəmli alimin həyat və yaradıcılığını bütün mahiyyəti ilə təqdim edən qiymətli mənbədir. Məmməd Arif Dadaşzadənin şəxsiyyətinə və çoxcəhətli fəaliyyətinə müxtəlif istiqamətlərdən işıq salan bu əhəmiyyətli kitab onun haqqında geniş və sistemli elmi tədqiqatların aparılmasına meydan açan mötəbər bir məxəz olaraq da dəyərlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqındakı 15 aprel 2014-cü il tarixli sərəncamı geniş mənada ölkəmizdə elmin və milli ziyalılığın, ictimai fikrin inkişafına göstərilən dövlət qayğısının parlaq əməli ifadəsidir. Azərbaycan ədəbiyyatşünaslıq elmi haqqında dolğun elmi-siyasi təsəvvür yaradan bu sərəncamda akademik Məmməd Arif Dadaşzadənin çoxcəhətli xidmətləri ümumiləşmiş şəkildə aşağıdakı kimi səciyyələndirilir: "Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşması və inkişaf etdirilməsində böyük rol oynamışdır. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə töhfələrini əsirgəməmişdir".

Prezident sərəncamı, eyni zamanda, Azərbaycan tənqid və ədəbiyyatşünaslıq elminin görkəmli yaradıcılarından olan akademik Məmməd Arif Dadaşzadənin xidmətlərinə və xatirəsinə böyük ehtirama da bir nümunədir. Yubiley münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan yeni araşdırmalar, çap olunan əsərlər akademik Məmməd Arif Dadaşzadənin müdriklik və müasirlik nümunəsi olan həyatı və yaradıcılığının işığında ədəbiyyatın, elmi və yeni nəsillərin inkişafına öz töhfələrini verir.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

 akademik, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 1 oktyabr.- S.9.