Musiqi xalqları birləşdirən dildir

 

Dünya musiqi xəzinəsinin bənzərsiz inciləri məhz bu gün səsləndirilir

 

Musiqi nəhayətsiz, heç bir ölçüyə sığmayan gücə malikdir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd olsun. Bir çox məşhur bəstəkarlar daxili dünyalarını, duyğularını ifadə etmək üçün musiqidən istifadə ediblər. Onların adı məhz musiqinin qüdrəti sayəsində tarixə və nəsillərin yaddaşına yazılıb. Ona görə deyirlər ki, musiqi heç zaman qocalmır. İnsanlara bəxş edilən bu nadir nemət bəşəriyyət var olduqca yaşayacaq, yeniləşəcək, gəncləşərək seviləcək.

Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilən qayaüstü rəsmlərdə əlində musiqi aləti tutan insanlar təsvir edilib. Onlara bənzər təsvirlərin Qobustandakı qayaların üzərinə həkk olunduğu da yaxşı məlumdur.  2000-ci ildə isə Çin arxeoloqları iki min illik tarixi olan musiqi alətləri muzeyini aşkar ediblər.

UNESCO-nun qərarı ilə Beynəlxalq Musiqi Günü 1975-ci il oktyabrın 1-də təsis edilib.  Bu bayram  hər il bütün dünyada ən yaxşı musiqiçi və incəsənət kollektivlərinin iştirak etdiyi möhtəşəm konsert proqramları ilə qeyd olunur. Beynəlxalq Musiqi Günündə dünya xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.

Azərbaycan musiqiçiləri də bu tarixi, əlamətdar günə daim öz töhfəsini verir. Xalqımızın milli-mənəvi sərvətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması, eyni zamanda bəşəriyyətə layiqincə təqdim edilməsi istiqamətində bir çox layihələrin müəllifi olan Heydər Əliyev Fondunun təşəbbüsləri və onları gerçəkləşdirməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Onu da qeyd etməliyik ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli mədəniyyətin dünya miqyasında təbliği və qorunması naminə həyata keçirdiyi nəcib missiya son illərlə məhdudlaşmır. Fondun birbaşa himayəsi ilə Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində çox böyük layihələrə imza atılıb.

Hələ  2009-cu ilin mart ayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin və musiqisinin təbliği istiqamətində ən möhtəşəm tədbirlərdən biri kimi yadda qaldı. Həmin tədbirdə dünyanın 17 ölkəsindən  musiqisevər qonaqlar iştirak edirdilər. Son illərin  mədəniyyət tarixinə nəzər salsaq deməliyik ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  2005, 2007, 2009, 2011 və 2013-cü illərdə keçirilən muğam müsabiqələri də Azərbaycanın milli-mənəvi sərvətlərinin təbliğinə layiqli töhfədir. Bakıda - Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi fondun qlobal mədəniyyət layihələri sırasında mühüm yer tutur. Dünyada ilk dəfə olaraq "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı da məhz bu mədəniyyət mərkəzində keçirildi.

Bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən növbəti VI Qəbələ Beynəlxalq Musiqi Festivalının yaratdığı xoş təəssüratlar isə iştirakçıların və tamaşaçıların yaddaşından uzun  illər silinməyəcək.  Üzeyir bəy Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının da nəinki Azərbaycanın,  iştirakçı ölkələrin mədəniyyət tarixinə yazılması şəksizdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu il iyulun 23-dən avqustun 1-dək Qəbələdə keçirilən festivalda dünyanın 30-dan artıq ölkəsinin musiqiçiləri iştirak etdi. Xatırladaq ki,  birinci festival 6 il öncə keçirilmişo zaman həmin musiqi bayramında dünyanın cəmi16 ölkəsi təmsil olunmuşdu. Budəfəki musiqi festivalında dünyanın ən məşhur musiqi kollektivlərindən olan Yohannesburqun Filarmonik orkestrinin, İsrailin "Bross kvintet"inin, "Kiyev solistləri" milli kamera orkestrinin, Təl-Əviv balet qrupunun, Oksana Yablonskayanın, Dmitri Yablonskinin, Cen Zimbalistanın və  digərlərinin ifaları yalnız Qəbələni əhatə edən dağlarda deyil, dünyada əks-səda verdi.

Fondun dəstəyi və layihələri əsasında keçirilən silsilə beynəlxalq  mədəniyyət və incəsənət tədbirləri sırasına Hamburq və Kölndəki "Azərbaycan gecəsi", Münhendəki "Azərbaycan mədəniyyəti gecəsi", Romadakı "Azərbaycan: mədəniyyət ruzigarı", İtaliyada  Avropa Parlamentinin mənzil-qərargahındakı "Azərbaycan mədəniyyəti günləri", Florensiyada Azərbaycan incəsənət ustalarının konserti, "San-Remo festivalının ulduzları Bakıda", Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, "Evrovision" mahnı müsabiqəsi, UNESCO-da olan "Azərbaycanın gənc istedadları" konsert proqramı, Beynəlxalq Aşıq Festivalı və s. möhtəşəm mədəniyyət tədbirlərini də əlavə etməliyik.

Sentyabrın 27-də Afinanın  beş min tamaşaçı tutumu olan qədim məkanlarından biri - "İrodio" Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib.

Afina tamaşaçılarının qarşısına əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıblar.

Konsert ölkəmizin həm milli dəyərlərə, həm də müasir meyillərə eyni dərəcədə hörmətlə yanaşdığını nümayiş etdirib. Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss ediblər.

Konsertdə Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğam da səslənib.

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunub.

Daha bir möhtəşəm musiqi tədbiri isə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin Sen-Sülpis meydanında təşkil olunan "Azərbaycan şəhərçiyi"nin doqquzuncu günündə muğam qrupunun ifasında milli musiqimizin şah əsərlərindən olan muğamlarxalq mahnılarının səsləndirilməsi  idi.

Tədbirdə bildirilib ki, Azərbaycan müəyyən dövrlərdə istilalara məruz qalsa da, xalqımız bir çox mədəni dəyərlərini, milli musiqisini,  o cümlədən muğamlarını qoruyub saxlaya bilib. Azərbaycanda muğam musiqisi geniş yayılıb və xalqımız tərəfindən həmişə sevilib. Muğam 2008-ci ildə UNESCO tərəfindən şedevr əsər kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Yeri gəlmişkən, fondun təbliği nəticəsində Fransada da muğam yaxşı tanınır və fransızlar tərəfindən sevilir. Sentyabrın son günlərində Parisdə təşkil olunan muğam gecəsi də  bunu bir daha sübut etdi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 1 oktyabr.- S.10.