İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi

 beyin mərkəzlərinin II Bakı Forum-konfransı işə başladı

 

Oktyabrın 1-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin II Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbir İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr olunub.

AzərTAc xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, “EcoMod Network” şirkətinin və “EKO” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilata üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri, elm adamları iştirak edirlər. Forum-konfransa 21 ölkədən nümayəndə gəlib və 26 ölkədən 200-dək məqalə təqdim olunub. İştirakçılar iqtisadi beyin mərkəzləri arasında elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi imkanlarını araşdırırlar.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verdi ki, oktyabrın 2-də yaranmasının 50 illiyi tamam olan İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk elmi-tədqiqat müəssisəsidir. İnstitutda aparılan tədqiqatlar iqtisad elminə, eləcə də ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verib, yüzlərlə alim və dövlət xadimi müxtəlif vaxtlarda bu elmi-tədqiqat müəssisəsində çalışıb.

Nazir qeyd etdi ki, bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqatlar aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in iqtisadi tədqiqatlar üzrə daimi işçi qrupunun yaradılmasının, beyin mərkəzləri forumunun təsis olunmasının əsas təşəbbüskarlarından biridir.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük önəm verdiyini vurğulayan Ş.Mustafayev bildirdi ki, İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə konseptual istiqamətlər müəyyənləşdirilib. Azərbaycan İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə bir sıra sazişlər imzalayıb. Bu da Azərbaycanın təşkilata üzv ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradır.

Tədbir iştirakçılarına Azərbaycanın son 10 ildə nail olduğu sosial-iqtisadi inkişaf barədə də məlumat çatdırıldı. Qeyd olundu ki, həmin müddətdə ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Bu dövr ərzində ölkə iqtisadiyyatına 170 milyard dollardan çox investisiya qoyulub, 1,2 milyon iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə endirilib. Əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faiz təşkil edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı təmin etmək məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri Mail Rəhimov və Azər Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən bəhs etdilər, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndirdilər.

Üç gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar keçiriləcək, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair “dəyirmi masa”lar təşkil olunacaq.

 

Azərbaycan.-2014.- 2 oktyabr.- S.2.