Helen Klark: Azərbaycanın İKT sahəsində mütərəqqi

təcrübəsi digər ölkələrə də yayılmağa layiqdir

 

Azərbaycanda səfərdə olan BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark oktyabrın 2-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Əli Abbasov qurumla Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sektorunda qarşılıqlı əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Ölkəmizdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr barədə danışan nazir BMT tərəfindən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə göstərilən dəstəyi yüksək qiymətləndirib.

BMT-nin İnkişaf Proqramının rəhbəri tərəflər arasında qurulan əməkdaşlıq nəticəsində gələcəkdə reallaşacaq geniş miqyaslı layihələrin əsasının qoyulduğunu bildirib. Azərbaycanın iqtisadi inkişafında informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi qəbul olunduğunu vurğulayan Helen Klark Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” də “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycanın 7 pillə irəliləyərək, 49-cu yerdə qərarlaşmasını yüksək dəyərləndirib.

Ölkəmizdə İKT sahəsində həyata keçirilən uğurlu layihələrin mütərəqqi təcrübə kimi digər ölkələrə də yayılmağa layiq olduğunu vurğulayan BMT rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyəti barədə məlumat verib.

Görüşdə İKT sahəsində BMT Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2014.- 3 oktyabr.- S.7.