Milli Məclisdə Azərbaycan-İspaniya əlaqələri müzakirə olundu

 

 

Oktyabrın 2-də Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupunun rəhbəri Fəzail Ağamalı İspaniya parlamentinin İspaniya-Azərbaycan dostluq qrupunun rəhbəri Xose Maria Çikio ilə görüşüb. Görüşdə Azərbaycan-İspaniya əlaqələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fəzail Ağamalı cənab Çikionun cari ilin fevral ayında Azərbaycan parlamentində olduğunu xatırladaraq həmin vaxt onunla yüksək səviyyədə görüş keçirildiyini dedi. Bildirdi ki, həmin görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili barədə söhbət olub: "Yenidən Azərbaycana gəlişinizlə verdiyiniz sözə sadiq qaldınız. Təəssüf ki, Azərbaycan parlamentinin nümayəndə heyəti müəyyən səbəblərdən hələ ki, İspaniyaya gedə bilməyib. Amma ümidvaram ki, bu ay ərzində bizimİspaniyaya səfərimiz reallaşacaq". F.Ağamalı qeyd etdi ki, daha öncə İspaniyanın xarici işlər nazirinin Azərbaycana səfəri olub. Bu səfərlər ümumilikdə qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verir. Bu gün İspaniya parlamenti nümayəndələrinin də IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsi bunu bir daha sübut edir.

İspaniya parlamentinin İspaniya-Azərbaycan dostluq qrupunun rəhbəri Xose Maria Çikio yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, o, Azərbaycanda beynəlxalq forumda iştirak edəcəyini eşidəndə çox sevinib: "Çünki Azərbaycanı yenidən görmək istəyirdim. Azərbaycan mənim üçün qardaş ölkədir. Buraya gələndə özümü yad yerdə hiss etmirəm. Azərbaycana ilk səfərimdə çoxşaxəli görüşlərimiz oldu. Həmin vaxt ölkəniz barədə çox əhəmiyyətli məlumatlar topladıq". Qonaq daha sonra vurğuladı ki, Azərbaycanda artıq ispaniya səfirliyi açılıb. Bunun özü ölkələrarası əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcək.

Qonaq Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumundan danışaraq bildirdi ki, orada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verdi: "Cənab Prezidentin bu çıxışından sonra düşündüm ki, həqiqətən də Azərbaycan xalqının böyük ağrı-acısı var. Bildirmək istəyirəm ki, həm İspaniya hökuməti, həm də parlamenti bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ümid edirəm ki, bu problem tezliklə ədalət prinsipi çərçivəsində öz həllini tapacaqbir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına qaytarılacaq. Çalışmaq lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qəbul etdikləri qətnamələr kağız üzərində qalmasın.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu. Bildirildi ki, ölkələrarası əlaqələri inkişaf etdirmək üçün birgə fəaliyyəti daha da gücləndirmək lazımdır.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 3 oktyabr.- S.8.