Xəzərdə beynəlxalq əməkdaşlıq yeni mərhələdə

 

"Cənub" qaz dəhlizi Avropanın enerji xəritəsini dəyişdirəcək

 

Xəzər dənizi tarix boyu qapalı hövzə olub. Dənizin sahillərində yaranmış dövlətlər heç vaxt onun sərvətlərindən birgə istifadə barədə düşünməyib. Neft erası başlayandan,  dənizdə karbohidrogen ehtiyatları kəşf edildikdən sonra da Xəzərin qapıları dünyanın üzünə bağlı qalmışdı. Müasir tarixdə dənizin sahibi cəmi iki dövlət - keçmiş SSRİ və İran idi. Əslində isə hövzə mövcud coğrafi reallığa və ikitərəfli sazişlərə görə daha çox birincinin nəzarətində idi.

Sovet imperiyasının süqutundan sonra Xəzərin "bəxt"i açıldı. Dəniz daha  iki ölkənin deyil, həm də yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın da oldu. Xəzərin karbohidrogen ehtiyatlarını istismar edən və bu sahədə təcrübəsi olan yeganə dövlət isə Azərbaycan idi. Ölkəmizdə dənizin dibindən neft hələ 1949-cu ildən çıxarılırdı. Hövzənin karbohidrogen ehtiyatlarının əksər hissəsi dəniz yataqlarında kəşf edilmişdi. Gənc dövlətin təşəkkül tapması, milli iqtisadiyyatın möhkəmlənməsi birbaşa neft sənayesinin inkişafından asılı idi. Beləliklə, neft adi məhsul, yanacaq deyil, Azərbaycanın tale məsələsi idi.

Lakin Azərbaycan neftinin gələcəyi xeyli maneələrlə qarşılaşmışdı. Ölkəmiz müstəqillik yoluna çıxar-çıxmaz xarici hərbi təcavüzə məruz qalmışdı. Üstəlik, ümummilli böhran cəmiyyət həyatının bütün sahələrini bürümüşdü. Eyni zamanda, iri regional dövlətlər yeni tarixi şəraitdə hər şeydən əvvəl Xəzərin beynəlxalq hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyi məsələsini qaldırır və dənizin Azərbaycana aid sektorunda xarici şirkətlərin iştirakı ilə neft hasilatına başlamağa mane olurdu.

Təcrübəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət tamamilə dəyişdi. Milli iqtisadiyyatın lokomotivi olan neft sənayesinin potensialını reallaşdırmaq, nəticə etibarilə ölkəni düşdüyü iqtisadi böhrandan çıxarmaq üçün çoxistiqamətli tədbirlər görüldü. Prezident Heydər Əliyevin siyasi-diplomatik səyləri ilə düyün çözüldü. 1994-cü il sentyabrın 20-də dünyanın altı ölkəsini təmsil edən 11 neft şirkəti ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı haqqında müqavilə - "Əsrin müqaviləsi" imzalandı. Beləliklə, Xəzər dənizində ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başladı. Bu, Azərbaycan tarixində dönüş nöqtəsi idi.

Sonrakı illərdə Xəzər neftini dünya bazarına nəql etmək üçün kəmərlər şəbəkəsi yaradıldı, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan kəmərləri işə düşdü. Beləliklə, Xəzər Qara dəniz və Aralıq dənizi ilə birləşdirildi, sabit ixrac marşrutu müəyyənləşdi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm addım atıldı.

Eyni zamanda Azərbaycanın təbii qaz ehtiyatlarını istismar etmək üçün iş başladı. Hələ 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağı üzrə saziş imzalandı. Ehtiyatı 1 trilyon kubmetrdən çox olan bu yataq gələcəkdə "Cənub" qaz dəhlizinin resurs mənbəyi olacaqdı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası ilə dəhlizin birinci hissəsi istifadəyə verildi. Bununla Azərbaycan dünya bazarında qaz ixracatçısı kimi tanınmağa başladı.

Qarşıda duran əsas vəzifə isə "Cənub" qaz dəhlizinin genişləndirilməsi, "Şahdəniz" yatağının ikinci mərhələsinin istismarı və nəticə etibarilə Azərbaycan qazının Avropa bazarına çıxarılması idi.  2012-ci ildə Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP)  sisteminə dair saziş imzalandı. TANAP-ın davamı olaraq təbii qazı Avropaya çatdıracaq kəmər - Trans-Adriatik boru kəməri (TAP) əsas ixrac marşrutu kimi seçildi. Beləcə, "Cənub" qaz dəhlizi formalaşması üçün müqavilə bazası yarandı.

Ötən ayın 20-də isə daha bir tarixi hadisə baş verdi: tammiqyaslı "Cənub" qaz dəhlizinin təməli qoyuldu. Bu, milli iqtisadiyyatın inkişafı və şaxələndirilməsi naminə indiyədək görülmüş işlərin yekunu, Azərbaycanın yeni neft strategiyasının təntənəsi idi.

"Cənub" qaz dəhlizi  adi layihə deyil. "Əsrin müqaviləsi" XX əsrin layihəsi olduğu kimi, "Cənub" qaz dəhlizi  XXI yüzilliyin layihəsidir. Yeni layihəyə 45 milyard dollar investisiya qoyulacaq. Boru kəməri sistemi 3600 kilometrlik məsafə qət edərək Xəzər dənizini Avropanın mərkəzi ilə birləşdirəcək. İndiyədək Azərbaycanın neft-qaz layihələrində cəmi üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bundan sonra isə iştirakçı ölkələr çox olacaq, cənub-şərqi Avropanın bir çox ölkələri - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, perspektivdə isə Monteneqro, Bosniya, Xorvatiya və başqaları Xəzərdə başlamış əməkdaşlıq prosesinə qoşulacaq. Yeni qaz kəmərinin inşası Xəzər, Qara dəniz və Aralıq dənizi hövzələrinin ölkələri üçün yeni imkanlar yaradacaq, geniş bir coğrafiyada regional iqtisadi inkişafa böyük töhfə verəcək. Əlavə iş yerləri açılacaq, nəticə etibarilə yoxsulluğun səviyyəsi azalmış olacaq.

Eyni zamanda "Cənub" qaz dəhlizi xalqların bir-birinə yaxınlaşması, qarşılıqlı anlaşmanın dərinləşməsi üçün vasitə olacaq. Söhbət təkcə qaz kəmərlərinin, yaxud dəmir yolu xətlərinin inşasından deyil, həm də çoxtərəfli əməkdaşlıqdan, milli iqtisadiyyatların birləşməsindən, bütövlükdə regional inteqrasiyadan gedir. Qarşılıqlı faydalı əməkdaşlıq isə dostluq şəraitini möhkəmlədən mühüm amillərdəndir.

Başqa sözlə, XXI əsrin layihəsindən hamı faydalanacaq. İlk növbədə Azərbaycan karbohidrogen potensialını reallışdırmaq üçün yeni imkanlar  əldə edir. İndiyədək həyata keçirilmiş neft-qaz layihələri milli iqtisadiyyatın möhkəmlənməsi və onun şaxələndirilməsinə gətirib çıxarmış, formalaşmış maliyyə ehtiyatları yeni layihələrin icrasına şərait yaratmışdır. Vaxtilə Azərbaycan bu və ya digər layihəni reallaşdırmaq üçün xaricdən kredit alırdısa, indi heç bir borca ehtiyac yoxdur. Hazırda Azərbaycan "Şahdəniz", TANAP, TAP və digər layihələrdə öz payını özü maliyyələşdirir. Azərbaycan həm də kredit verən ölkədir. Məsələn, region üçün mühüm inkişaf  layihəsində -  Bakı-Tbilisi-Qars dəmir yolunun inşasında Gürcüstan tərəfi payını maliyyələşdirmək üçün Azərbaycandan kredit almışdır. "Cənub" qaz dəhlizi  ölkəmizin maliyyə imkanlarını daha da artıracaq, onun dünya iqtisadiyyatına inteqrasıyasına güclü təkan verəcək.

Öz növbəsində Avropanın Azərbaycanla energetika sahəsində əməkdaşlığı qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Köhnə dünya enerji tələbatını ödəmək üçün xarici mənbələrə möhtacdır. Avropa İttifaqı (Aİ) enerji təhlükəsizliyini təmin etmək üçün yollar axtarır. İlk növbədə təbii qaz təchizatı xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, Avropa ölkələri müxtəlif mənbələrdən qaz idxal edir. Amma enerjidən asılılıq qitənin ən zəif, həssas tərəfi olaraq qalır. Avropanın, demək olar ki, bütün ölkələri, Rusiya qazından asılıdır.  Hazırda Almaniya kimi iqtisadi nəhəngin Rusiyadan qaz asılılıgı 38 faiz təşkil edir. Bir sıra digər ölkələr üçün bu asılılıq 100 faizə çatır. Qitə ölkələri cəmi bir kəmərdən qaz alır və hələlik alternativ mövcud deyil. Alternativsizlik isə Avropaya baha başa gəlir. 2009-cu ildə Ukrayna ilə Rusiya arasında baş vermiş qaz böhranı qitə ölkələrinin iqtisadiyyatına ağır zərbə vurdu və bir daha göstərdi ki, enerji təchizatının şaxələndirilməsi həyati əhəmiyyət daşıyır. Odur ki, bu problem Aİ-nin  gündəliyində ən başlıca məsələyə çevrilmişdir. Bu mənada Bolqarıstan Prezidenti Rosen Plevneliyevin "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimində dediyi sözlər ibrətamizdir:  "Avropaya yenidən heç bir xəbərdarlıq lazım deyil, biz artıq dərslərimizi öyrənmişik".

Avropa enerji təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif  yollar axtarır. Alternativlərdən biri maye qaz idxalını artırmaq ola bilər. Lakin bu elə də cəlbedici deyil: maye qaz "kəmər qazı"ndan təxminən 30 faiz bahadır. Başqa bir variant daxili hasilatı (qitə təbii qaz ehtiyacının 30 faizini özü ödəyir) artırmaqdır. Bunun üçün şist qazı yataqlarının istismarına başlamaq olar. Qitənin şist qazı ehtiyatları təqribən 600 trilyon kubmetrdir. Avropa bu potensialdan istifadə etmir, çünki şist süxurlarından qaz hasilatı zamanı tətbiq edilən hidropartlayış metodu ciddi ekoloji problemlərə, xüsusilə qrunt sularının çırklənməsinə gətirib çıxara bilər. Ona görə də Avropaya yeni qaz kəmərlərinin çəkilişi prioritet məsələ olaraq önə çıxır.

Xəzər hövzəsinin, ilk növbədə Azərbaycanın təbii qaz ehtiyatları çoxdandır Avropada xüsusi maraq doğurur. Avropalı siyasətçılərin fikrincə, yenicə təməli qoyulmuş "Cənub" qaz dəhlizi qitəni asılılıqdan azad edəcək. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu hesab edir ki, bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji layihə olacaq.

Dünyada enerji mənbələri çoxdur. Avropa ya bu mənbələrdən uzaqdır, ya da enerji təchizatı marşrutları iqtisadi baxımdan sərfəli, yaxud təhlükəsiz deyil. Azərbaycan isə avropalı enerji istehlakçıların istəklərinə, ilk növbədə etibarlı təchizata və ədalətli qiymətlərin təklif edilməsinə cavab verir.

Beləliklə, "Cənub" qaz dəhlizi üçün yol açıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə Avropanın enerji xəritəsini dəyişdirəcək. Layihənin təməlqoyma mərasiminin iştirakçıları bu fikri dönə-dönə təkrarladılar. Çünki söhbət qitənin gələcək taleyindən - enerji təhlükəsizliyindən gedir. Enerji təhlükəsizliyi isə əslində hər bir ölkənin milli təhlükəsizlik məsələsidir.

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2014.- 3 oktyabr.- S.11.