Azərbaycanla Rusiya arasında əlaqələrin genişlənməsində

 parlamentlər mühüm rol oynayır

 

Oktyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisi Federal Şurasının Sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sədr qonağı səmimi salamlayaraq bu cür görüşlərin, münasibətlərin dərinləşməsinə töhfə verdiyini söylədi. Qeyd edildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır.

Sədr xalqlarımız arasındakı dostluğun dərin tarixi kökləri olduğunu vurğulayaraq, bu münasibətlərin bu gün də yüksək səviyyədə davam etdiyini söylədi. Bildirdi ki, Azərbaycan xalqı rus mədəniyyətinə və dilinə həmişə böyük hörmətlə yanaşmışdır. Heç də təsadüfi deyil ki, bu gün ölkəmizdə rusdilli orta məktəblərlə yanaşı, Slavyan Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı kimi təhsil ocaqları da fəaliyyət göstərir. Azərbaycan ərazisində rusların məskunlaşdığı yaşayış məntəqələrinin tarixi adları dəyişməz olaraq saxlanılır.

Oqtay Əsədov mütəmadi olaraq Azərbaycan və Rusiya paytaxtlarında mədəniyyət günlərinin keçirilməsini təqdir etdi. O, qonağın bu günlərdə Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda iştirakının geniş spektrli əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından uğurlu olduğunu söylədi.

Görüşdə qeyd olundu ki, rus icmasının üzvləri Azərbaycanın ictimai-siyasi həyatındakı proseslərdə fəal iştirak edir, tarixi vətənləri olan Rusiya ilə əlaqələrin dərinləşməsinə öz töhfələrini verirlər. Bu baxımdan Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti də əhəmiyyətlidir.

Oqtay Əsədov Azərbaycanla Rusiya arasında  yüksək səviyyədə aparılan siyasi dialoqun iqtisadi münasibətlərə də müsbət təsir göstərdiyini bildirdi. Önun sözlərinə görə, parlamentlər də dövlətlərarası münasibətlərin dərinləşməsində mühüm rol oynayır. İki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyəti və parlamentlərarası birgə komissiyanın işi ümumi məqsədlərə xidmət edir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin Sədri problemin həllində Rusiyanın səylərini artıracağına inamını ifadə etdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Rusiya Federal Məclisi Federal Şurasının Sədri xanım Valentina Matviyenko  ölkəmizə səfərindən  və IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnun qaldığını söylədi. Qonaq bildirdi ki, mədəniyyətlər, sivilizasiyalar arasında  zəngin əməkdaşlıq ənənələri olan  Azərbaycan belə tədbirlərin keçirilməsi üçün ən uyğun yerdir. O, Bakı forumunu qlobal çağırışlara cavab axtarmaq, humanitar sahə üzrə ətraflı dialoq  aparmaq üçün beynəlxalq miqyaslı platforma kimi dəyərləndirdi. Tədbirin keçirilməsində Rusiya və Azərbaycan prezidentlərinin rolunu xüsusi qeyd etdi.

V.Matviyenko parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşməsini günün tələbi hesab edərək, deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyətini önəmli hesab etdi. Qonaq vurğuladı ki,  Azərbaycanın nailiyyətləri onları sevindirir. Ölkənin iqtisadi cəhətdən daha da güclənməsi  ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 3 oktyabr.- S.7.