Azərbaycanın bütün bölgələri davamlı inkişaf edir

 

Prezident İlham Əliyevin İsmayıllı və Qəbələ rayonlarına

 səfəri mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu

 

Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamız sosial-iqtisadi sahədə yüksək dinamizmlə inkişaf edir. Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilməsi ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını göstərir. İqtisadiyyatda liberallaşdırma Prezident  İlham Əliyevin ötən 10 ildə xüsusi diqqət yetirdiyi məsələlərdəndir. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından "Avropa ailəsi"nin nüfuzlu üzvü kimi tanınan Azərbaycan ötən müddətdə Avropa dövlətlərinin enerji təhlükəsizliyində də mühüm rol oynamaqdadır.

Respublikamızda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir. Yeni neft strategiyası çərçivəsində böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılması, qeyri-neft sektoruna diqqətin artırılması hesabına iqtisadi inkişafdakı yüksək dinamizmin neftdən asılılıq dərəcəsinin azaldılması, regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpası yolu ilə yeni yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ötən 10 ildə cənab İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdən olmuşdur.

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin son 10 ildə imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur. İnkişaf prosesində ahəngdarlıq, yüksək dinamizm təmin edilmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəldilmişdir. İnkişaf, sosial təminat və strukturyönümlü bu layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

Dövlət başçısının praqmatizmə və real əməli işə söykənən siyasətinin əsasında məhz insan və şəxsiyyət amili dayanmışdır. Cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. Dövlət başçısı ötən 10 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Dövlət başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini də təmin etmişdir.

Regionların qeyri-proporsional inkişafının qarşısının alınması, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə ötən dövrdə imzaladığı sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılıması istiqamətində ardıcıl tədbirlər görülür.

Prezident İlham Əliyevin bu günlərdə İsmayıllı və Qəbələ rayonlarına səfəri də mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Ölkə başçısı səfəri çərçivəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu, eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi. Bu səfər zamanı dövlət başçısı İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işləri və uşaq istirahət və əyləncə parkında yaradılan şərait ilə də tanış oldu.

Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və yerlərinin açılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir. Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuşdur. Bölgələrdə sahibkarlığın inkişafı aparılan işlərin uğurlarından xəbər verir.

Prezident İlham Əliyevin Qəbələyə səfəri zamanı "Qafqaz Yengicə Termal Hotel və SPA" Kompleksinin və "Gilan" Qida Şəhərciyinin açılışı ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi diqqətin daha bir nümunəsi hesab oluna bilər. Bölgələrimizdə rəqabətədavamlı və müasir standartlara cavab verən sənaye müəssisələrinin yaradılması aparılan işlərin məqsədyönlülüyündən xəbər verir. Ölkə başçısının səfəri Daxili Qoşunların Qəbələdəki "N" saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışına da təsadüf etdi. Qeyd edək ki, 5,5 hektar ərazidə salınan hərbi şəhərcikdə tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxanası, nəzarət-buraxılış məntəqəsi və zabit yataqxanası tikilib. Ərazidə geniş sıra meydanı yaradılıb, daxili kommunikasiya xətləri çəkilib, yaşıllaşdırma işləri görülüb. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub. Həmçinin burada qarovul məntəqəsi, hamam və camaşırxana, qazanxanatransformator yarımstansiyası, gözətçi qüllələri tikilib istifadəyə verilib.

Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışı da mühüm hadisə oldu. Bu yolun əhəmiyyətini artıran ən mühüm amil onun 8 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə gətirib çıxarır. Bölgələrin davamlı inkişafına hesablanmış dövlət proqramlarının uğurlu icrası daha böyük nəticələrin əldə ediləcəyinə əminlik yaradır.

Əldə olunan nəticələr bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 3 oktyabr.- S.12.