Görkəmli muğam ustadı

 

Keçəçi oğlu Məhəmməd-150

 

Mədəniyyət yaşayan və yaşanması zəruri olan gerçəklikdir. Çünki mədəniyyət bir cəmiyyətin, bir toplumun tarixini, adət-ənənəsini, birliyini, ruhunu ifadə edən anlamdır. Mədəniyyəti yaşadan isə sənət və sənətkardır. Bu cəhətdən Azərbaycan xalqı çox zəngindir. Onun əvəzolunmaz ustadları, istedadlı şəxsiyyətləri vardır. Belə sənətkarlardan biri də səsi ilə ecazkar duyğulara yol açan, özünün fərdi ifa üslubu ilə seçilən xanəndə, muğam ustadı Keçəçi oğlu Məhəmməddir. Onun adı hələ yaşadığı və fəaliyyət göstərdiyi XX yüzillikdə Azərbaycanın hüdudlarından kənarda da məşhur idi.

Muğam sənəti ilə Qərb dünyasının ilk tanışlığının gözəl nəticəsi olan səsyazılarının həyata keçirilməsi həm Azərbaycan muğamının, həm də sənətkarlarımızın ifasının ölməzliyini təmin edən qrammafon vallarının yazılması oldu. Bu işdə peşəkar xanəndə və sazəndələr sırasında Keçəçi oğlu Məhəmmədin rolu böyük idi. Belə ki, o, 1912-ci ildə "Sport-Rekord" firmasının dəvəti ilə Varşavada "Heyratı", "Rahab", "Kürdü-Şahnaz", "Qarabağ şikəstəsi", "Dəşti", "Çoban bayatısı" muğamları ilə birlikdə "Getdi gəlmədi", "Gülə-gülə", "Xuraman", "Axşam oldu" təsnif və mahnılarını vala yazdırmışdı. 1914-cü ildə isə sənətkar "Ekstrafon" firması tərəfindən təklif almış və Kiyev şəhərində muğamları, el mahnılarını ifa edərək qrammafon vallarına köçürmüşdür. Minillik tarixə malik olan muğamlarımızın yaşadılması üçün bu səsyazılarının mühüm tarixi əhəmiyyətini də qeyd etməliyik. Həmin valların çoxu Azərbaycan Dövlət Səsyazma Arxivində qorunub saxlanılır. Hətta bu materiallar Britaniya kitabxanasının milli səsyazma arxivində də mövcuddur.

Kiçik bir haşiyəyə çıxaraq qeyd edək ki, keçən əsrin qızıl səslərinin lent yazıları kütləvi tirajla çıxarılmayaraq, yalnız bir nüsxədə yazılmışdı. Bunlar isə zaman keçdikcə unudulmağa doğru gedirdi. "Qarabağ xanəndələri" adlı məşhur layihənin həyata keçirilməsi nəticəsində Qarabağ muğam məktəbinin korifeylərinin səsləri ilk dəfə olaraq müasir dinləyicilərə təqdim olundu. Bunlar Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov kimi görkəmli ifaçıların səs yazıları idi. Azərbaycanda köhnə valların bərpası sahəsində təqdirəlayiq aparıldı. UNESCO-nun şifahiqeyri-maddi irsin qorunması üzrə Konvensiyasının qarşıya qoyduğu məqsəd məhz musiqi ənənələrinin qorunması, yaşanması və zənginləşdirilməsi kimi mühüm işlərə xidmət edir. Bu təşəbbüs beynəlxalq mədəni ictimaiyyətin diqqətini muğam kimi nadir sənət incisininonun yaşadıcılarının ifasına cəlb edir.

Keçəçi oğlu Məhəmmədin muğam sənətinə qədəm qoymasının tarixi görkəmli musiqişünas Xarrat Qulunun adı ilə bağlıdır. Atasının keçəçilik sənətini davam etdirən Məhəmmədin bəlkə də nə vaxtsa məşhur xanəndə olacağını belə düşünmədən ürəkdən gələn hislərlə zümzümə etməsi onun gələcək taleyini dəyişdirdi. Bu barədə görkəmli musiqi tədqiqatçısı F.Şuşinskinin kitabında oxuyuruq: "Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bir gün görkəmli musiqişünas Xarrat Qulu keçəçi dükanının yanından keçərkən, ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə zümzümə etdiyini eşidir. O, gəncin kim olduğunu öyrəndikdən sonra, onu öz məktəbinə dəvət edir. Məhəmməd burada Xarrat Quludan, xüsusilə məşhur xanəndə Məşədi İsidən xalq musiqisini mükəmməl surətdə öyrənir".

Şuşada göz açıb səfalı bulaqlarından su içən Keçəçi oğlu Məhəmməd musiqi məclislərində, el şənliklərində çıxış edir, onun ustalıqla oxuduğu muğamlar geniş dinləyici kütləsini valeh edirdi.  Keçəçi oğlunun xüsusilə ustad xanəndə Məşədi İsinin ifa yolunu örnək alması qeyd olunur. Hətta onu görmədən səsini eşidənlər Məşədi İsinin oxuduğunu zənn edərdilər. Öz səsi, zəngulələri, özünəməxsus xalları ilə duyğuları ritmə gətirən xanəndə tədricən Şuşa şəhərində hamının hüsn-rəğbətini qazanır. Musiqi məclislərində püxtələşərək, teatr tamaşaları və musiqi səhnəciklərində iştirak etmək üçün dəvət alır. Bu, əsasən yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında yaranan və fəaliyyət göstərən "Xandəmirovun teatrı"nın təşkil etdiyi tamaşalar idi.

Bakı şəhərində görkəmli xanəndənin çıxışı paytaxt dinləyicilərinin qəlbini fəth edir. Bu önəmli görüş 1902-ci ildə baş verir. Həmin ifaya münasibətini bildirən "Kaspi" qəzeti yazırdı: "Xanəndə Məhəmməd "Şüştər" muğamını incə bir səslə və ürəkdən elə gözəl oxudu ki, dinləyicilərin məhəbbətini daha çox qazandı". Bununla yanaşı, xanəndə Keçəçi oğlu konsertdə Füzulinin "Leyli və Məcnun" poemasından bir hissəni məşhur xanəndə Cabbar Qaryağdıoğlu ilə birlikdə duet şəklində ifa etdilər. Hər iki istedadlı xanəndənin deyişmələri tamaşaçıların böyük marağına səbəb oldu. Onlar ifa etdikləri rollara uyğun olaraq kostyum geyinsələr də, qəhrəmanları canlandırmaq üçün hərəkət etmək bacarıqları nümayiş olunmamışdı. Bu da təbii haldır. O dövrdə milli opera olmadığı üçün xanəndələrin də belə təcrübəyə malik olması mümkün deyildi. Bunları konsert-tamaşalar adlandırırlar. Demək olar ki, gələcək Azərbaycan milli operasının özəyi bu tamaşaların təşkili ilə qoyulmuşdu.

Bakının mədəni həyatını Keçəçi oğlu Məhəmməd yüksək qiymətləndirir, sənət sahəsindəki irəliləyişlərinin sonrakı mərhələsini bu şəhərlə bağlamağa qərar verir. O, 1904-cü ildə təməlli olaraq Bakı şəhərinə köçür. Burada tanınmış tarzənlərdən Məşədi Zeynal, Mərdi Canıbəyov, sonralar isə Qurban Pirimov ilə əməkdaşlıq edir. El şənliklərində, paytaxtın musiqi gecələrində artıq Keçəçi oğlu Məhəmmədin əvəzolunmaz səsi eşidilirdi. Xanəndə öz sənəti ilə dinləyiciləri valeh edirdi. Onun ifa etdiyi "Zəminxarə", "Humayun" muğamları orijinal ifa üslubu ilə seçilirdi.

Klassik muğamlardan "Nəva", "Mahur", "Mani", "Bayatı-Qacar" muğamlarının ifasında xanəndə fərdi ifa xüsusiyyətlərinə riayət edirdi. Onu da qeyd edək ki, Azərbaycan musiqi tarixində Keçəçi oğlu Məhəmməd kimi ritmik muğamları ustalıqla oxuyan xanəndə çox az olmuşdur. Onun yüksək diapazonlu səsi milli alətlərin, xüsusən də kamançanın hər notunun səsinə çatardı. Bakıda keçirilən "Şərq konsert"lərində də Keçəçi oğlu Məhəmmədin müvəffəqiyyətli ifası uzun müddət tamaşaçıların yaddaşından silinməmişdi.

Keçən əsrin 20-ci illərindən sonra xanəndə xalq incəsənəti ilə yaxından məşğul olmağa başlayır. Azərbaycanın musiqi mədəniyyətinin inkişafında vətənpərvər sənətkar kimi əzmlə çalışır, müxtəlif bölgələrdə, rayonlarda konsert proqramları ilə muğam sənətini, eyni zamanda öz ifaçılıq məharətini təbliğ edir.

Pedaqoji fəaliyyətə isə artıq püxtələşmiş, muğam sənətində peşəkar səviyyədə özünə yer almış, yaradıcılığının yetişkin çağında başlayır. 1926-cı ildən dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik sinfində dərs verir. Gənc xanəndələr nəslinə illər boyu yiyələndiyi muğam sənətinə aid biliklərini və onun ifa üsullarını aşılayır, istedadlı musiqiçilərin muğam sənətini inkişaf etdirməsinə yol açır. Konservatoriyada o, Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi görkəmli muğam ustadları ilə çiyin-çiyinə yorulmadan çalışırdı. Zil səsə malik xanəndə kimi o, bütün muğamların ifasını ustalıqla mənimsəmişdi. Şaqraq zəngulələri, şirin xalları, uzun nəfəsi, aydın, rəvan və axıcı səsi onun mahir muğam ifaçısı olduğunu ilk ifasından bəlli edirdi.

Keçəçi oğlu Məhəmməd yaşadığı dövrünondan sonrakı illərin əvəzolunmaz səsləri sırasında Azərbaycanın muğam tarixinə daxil olmuşdur. Onun sənəti həm dövrünün, həm də bugünkü xanəndələrin yaradıcılığına bir örnəkdir. O, bütün varlığı ilə muğama, milli musiqiyə sadiq qalmışdır.

Keçəçi oğlu Məhəmməd 1940-cı ildə Quba şəhərində dünyasını dəyişir.

Bu il məşhur xanəndənin anadan olmasının 150 illik yubileyi qeyd olunur. Onun kimi Azərbaycanın onlarla istedadlı muğam ustadlarının zəhməti nəticəsində bu gün muğam sənəti unudulmaq qorxusundan çox-çox uzaqlardadır. Klassik muğam sənətini təbliğ etmək, qorumaq və gələcək nəsillərə ötürmək məhz ifaçıların xidməti sayəsində baş verir. Bu əvəzolunmaz sənətkarların yaradıcılığı daim diqqət mərkəzində olmalıdır. Onların səs yazılarından ibarət nümunələr həm ifaçılıq sənəti, həm də muğamşünaslıq elmi üçün tədqiqat obyektinə çevrilməlidir.

 

Mənsum İBRAHİMOV,

xalq artisti, professor

Azərbaycan.-2014.-4 oktyabr.-S.14.