Müasir qlobal çağırışlara mükəmməl politoloji baxış

 

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inametimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir. Respublikamız dünyanın neft ehtiyatlarının cüzi hissəsinə sahiblik etsə də, uğurlu diplomatiyası ilə beynəlxalq iqtisadi münasibətlər sistemində yeni fenomenə çevrilmiş, qitənin əsas enerji təminatçılarından biri olmuş, öz yerini möhkəmləndirmişdir.

Bu gün dünya ölkələri Azərbaycanın təkcə iqtisadi uğurlarını deyil, həm də demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı, etnikdini tolerantlıq, sivilizasiyalararası dialoqmultikulturalizm sahəsində əldə etdiyi uğurları böyük maraqla qarşılayırlar. Avratlantik məkana inteqrasiya kursuna sadiqlik nümayiş etdirən Azərbaycan da, öz növbəsində, Qərb dəyərlərini mənimsəməyə, Avropanın inkişaf etmiş dövlətlərinin mütərəqqi təcrübəsindən bəhrələnməyə çalışır.

Beynəlxalq münasibətlər sisteminin xarakterini, dünyada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslərin mahiyyətini, ümumilikdə qlobal güc mərkəzlərinin toqquşması fonunda formalaşmaqda olan yeni dünya nizamının reallıqlarını təhlil etmək, öyrənmək baxımından respublikamız həm də dünyanın məşhur beyin mərkəzlərinin, nüfuzlu politoloqlarının əsərlərinə, fikir və mülahizələrinə, proqnozlarına istinad edir. Böyük Britaniya parlamentinin üzvü, bu ölkənin müdafiə məsələləri üzrə keçmiş dövlət katibi, nüfuzlu politoloq Liam Foksun "TEAS Press" nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş "Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə" adlı kitabı da məhz müasir dünyada cərəyan edən qlobal proseslərin mahiyyətinin dolğun və hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malik əsər kimi dəyərləndirilməlidir. Müasir dünyanın geosiyasi xəritəsindəki qaynar nöqtələrin, münaqişə ocaqlarının, etnik-dini ziddiyyətlərin, habelə qloballaşma proseslərinin müsbət və mənfi təzahürlərinin mahiyyətini açmağa çalışan əsər problemlərin qoyuluşu, faktların xarakteri və təqdimatı, müəllifin mövqeyinin şərhi baxımından orijinallığı ilə seçilir.

Əsərin sanbalını artıran digər bir mühüm məqam burada dünyanın Con Meycer, Toni Bleyer, Donald Ramsfeld, Kondoliza Rays, Bob Geyts kimi nüfuzlu siyasətçilərinin, dövlət xadimlərinin fikir və mülahizələrinə geniş istinadların olmasıdır. Kitabın ana xəttini təşkil edən ideya bundan ibarətdir ki, lokalregional çağırışlar tək və ya ölkələr qrupunun problemidirsə, qlobal çağırışlar bəşəriyyətin, planetin problemidir.

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsis etdiyi "TEAS Press"in ilk nəşri olan kitab siyasi, sosialpolitoloji xarakteri ilə Böyük Britaniyada böyük nüfuz qazanmış, geniş oxucu auditoriyası toplamışdır. Kifayət qədər səlis və sadə dildə qələmə alınmış kitabda böyük bir mərhələni əhatə edən tarixi proseslər qloballaşma prosesləri fonunda analitik təhlilə cəlb olunmuş, müqayisəli yanaşmalar ortaya qoyulmuşdur. Liam Koksun nəinki Böyük Britaniya, ümumən Avropa geosiyasi arealında rezonans doğuran əsərinin Azərbaycan dilinə tərcümə edilməsi zərurəti də məhz bu reallıqlarla şərtlənmişdir. Dünyada baş verən qlobal hadisələr barədə geniş və maraqlı fikirlərə malik olan müəllifin qlobal problemlərin izahı zamanı standart yanaşmalardan daha çox fərqli, alternativ və diskussiyalı mülahizələrə üstünlük verməsi, ümumiləşdirilmiş nəticələr çıxarması əsərin orijinallığını təmin edən başlıca amillərdən biri kimi qeyd olunmalıdır.

İxtisasca həkim olan Liam Foks əsərdə qərar verməyə məsul şəxslərin nələri dünyada sülhə və sabitliyə təhlükə kimi gördüyünə dair suallar irəli süruröz tibbi təhsilindən irəli gələn üsulları tətbiq edərək diaqnoz qoyur, müalicə yollarını göstərir. "Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə" əsəri mündəricat və girişdən, "Qloballaşma", "Qonşu dərdi", "Körfəz, islamqlobal yolayrıcıları", "Terror zəmanəmizdə", "Qlobal pul: ticarət, yardım, vergiborc", "Əmtəə", "Fərqli bir dünya" adlanan yeddi fəsildən və epiloqdan ibarətdir.

Müəllif məxsusi olaraq Azərbaycan dilinə tərcümə edilmiş kitab üçün yazdığı ön sözdə respublikamızın Cənubi Qafqaz regionundakı mühüm yerirolu, tarixi, müasir vəziyyəti barədə obyektiv fikirlərini ifadə etmişdir: "Zəngin linqvistik, dini, musiqi, ədəbi və rəqs irsi ilə birilkdə Azərbaycanın müasir dünya ilə münasibətlərini formalaşdıran onun təbii ehtiyatlarıdır. Ölkənin yalnız zəngin təbii qaznefti deyil, eyni zamanda kənd təsərrüfatındakı qədim ənənələri, nəqliyyat və kommunikasiya qovşağı kimi sürətli inkişafı gələcəyə nikbin baxmağa imkan verir. Azərbaycan Xəzər qazını  Avropa ölkələrinə çatdıran Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz kəmərləri ilə enerji təhlükəsizliyi arenasında mühüm rol oynamaqdadır. Rusiyanın enerjini getdikcə siyasi vasitə kimi istifadə etdiyi bir şəraitdə regionun əhəmiyyəti daha da artacaqdır".

Kitabın "Qloballaşma" adlanan birinci fəslində qloballaşmaonun doğurduğu problemlərdən, habelə sosiomədəni inteqrasiyaiqtisadi qloballaşmanın səciyyəvi xüsusiyyətlərindən, transmilli şirkətlərin fəaliyyətindən ("McDonalds", "Toyota", BP, "Coca-Cola" və s.) bəhs edilir. Müəllif göstərir ki, qloballaşma dünyanın və insanların universallaşması, həyat tərzi və davranışların vahid standartlarının yaranması, istehsal, istehlak və ticarətin unifikasiyasıdır. Bu proses dünya ölkələrini universal dəyərlər, texnologiya, nəqliyyat-kommunikasiya mexanizmləri, ticarət və maliyyə sistemləri ilə vahid mexanizmə çevirməyə hesablanmışdır. Liam Foks qloballaşmanın müsbət tərəfləri ilə yanaşı, qanunsuz miqrasiya, transmilli terrorçuluq, narkotik vasitələrin qlobal ticarəti, insan alveri, çirkli pulların yuyulması, dini-etnik separatizm kimi problemlərə rəvac verdiyinikonkret faktlar əsasında diqqətə çəkmişdir.

Fikrimizcə, əsərin "Körfəz, islamqlobal yolayrıcıları" adlanan üçüncü fəsli Azərbaycan oxucusunda xüsusilə maraq doğura bilər. Bu fəsildə, əsasən, Qərb ölkələrinin ötən əsrin ikinci yarısından etibarən dünyanın əsas enerji mənbələri üzərində nəzarətin təmin edilməsi uğrunda apardıqları siyasi oyunlardan və körfəz dövlətləri olan İraq, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanının üzləşdiyi problemlərdən bəhs olunur. Müəllif Qərb dünyasının vaxtilə Osmanlı imperiyasının tərkibində olmuş bir sıra ərəb (müsəlman) ölkələrində vəziyyəti qızışdırmaq, süni inqilablar, çevrilişlər yaratmaq niyyətlərini konkret hadisələr əsasında diqqətə çatdırır: "Birinci Dünya müharibəsi zamanı britaniyalılar T.E.Dourens vasitəsilə Hicazda (Qərbi Ərəbistan) ərəb üsyanını qızışdırdılar və bu da osmanlıların məğlubiyyəti və Feysəl ibn əl-Hüseyn qiyamçı qüvvələrinin irəliləyərək getdikcə Dəməşqə çatmasına gətirib çıxardı... 400 illik türk dominantlığından sonra Dəməşq az-çox ərəb monarxına bənzəyən Feysəl ilə ərəb millətçiliyinin mərkəzinə çevrildi".

Ümumilikdə, Liam Foksun təhlilləri bu qənaətə gəlməyə əsas verir ki, təbii sərvətlərin - xüsusilə neftin zənginliyi hər hansı ölkəyə rifah və yüksəliş vəd etmir, daha dəqiqi, bunun üçün milli mənafelərə əsaslanmış, düşünülmüş diplomatiyanın, iqtisadi siyasətin həyata keçirilməsi son dərəcə vacibdir. Ərəb dünyasının hazırda üzləşdiyi qeyri-sabit, xaotik vəziyyət, daxili ziddiyyətlər, aclıq və səfalət mərhələsini müstəqil Azərbaycan hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yaşamış, fəqət 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamız uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Bu gün əksər ərəb ölkələrindən fərqli olaraq, neft amili Azərbaycanda inkişaf və tərəqqinin, sosial rifahın, sabitliyin rəhninə çevrilmişdirbunu politoloq Liam Foks da təhlillərində aydın şəkildə göstərmişdir.

Kitabın "Terror zəmanəmizdə" adlanan dördüncü fəslində beynəlxalq terrorçuluqla mübarizə, terroru doğuran səbəblər, terror təşkilatları, ayrı-ayrı ölkələrin terrorizmlə mübarizəsi, dini ekstremizm və digər məsələlər təhlil süzgəcindən keçirilmişdir. "Qlobal pul: ticarət, yardım, vergiborc" adlanın beşinci fəsildə kapitalvalyuta bazarlarının qarşılıqlı əlaqələri, cari əməliyyatlar hesabının artıqlıq və kəsirləri, ticarət balansları və maliyyə axını, qloballaşmanın maliyyə cəhətləri barədə danışılır. Əsərin "Əmtəə" və "Fərqli bir dünya" adlanan altıncı və yeddinci fəsillərində, habelə epiloqunda da məsələlərə orijinalyenilikçi baxış diqqəti çəkir.

Kitab müəllifin hadisələrə subyektiv baxışlarını, habelə onun mənsub olduğu xalqın, ölkənin maraqlarını dolayısı ilə ifadə etsə də, burada baş vermiş və hazırda cərəyan edən hadisələrə fərqli rakursdan yanaşma da böyük maraq doğurur. Əsər bəzən təfərrüatlarına varmadığımız proseslərə qloballaşmanın hazırkı reallıqları fonunda işıq salır; təhlil edilən proseslər fonunda Azərbaycanın xarici siyasətinin mahiyyəti, habelə respublikanın qloballaşan dünyadakı layiqli yerirolu aydın dərk edilir.

Britaniyalı politoloq Liam Foksun "Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə" kitabının Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə dilimizə tərcüməsi nəfis tərtibatda nəşri Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin daha da möhkəmləndirilməsi ölkəmizin dünyada tanıdılması işinə böyük töhfədir. Əslində, son illər bu missiyanı yüksək səviyyədə həyata keçirərək respublikamızın diaspor lobbi quruculuğu işinə sanballı töhfələr verən Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə "TEAS Press" nəşriyyat evinin yaradılması da təqdirəlayiq hadisədir. Cəmiyyətin sədri Taleh Heydərovun bildirdiyi kimi, "TEAS Press" Azərbaycanda nəşriyyat işinə dəstək verilməsi, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcümə nəşr olunması, həmçinin Azərbaycanın xaricdə tanıdılması məqsədilə yaradılmışdır. Ümumilikdə, Avropa Azərbaycan Cəmiyyəti hələ 2008-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatı kimi Azərbaycanı təbliğ etmək, xaricdəki azərbaycanlıları konkret məqsədlər ətrafında səfərbər etmək, respublikamızla Avropa ölkələri arasında çoxşaxəli əlaqələrə impuls vermək baxımından ötən illərdə mühüm uğurlara imza atmışdır. Cəmiyyət mədəni şəbəkəşəkilli tədbirlər vasitəsilə dünya ictimaiyyətinin Azərbaycan barəsində məlumatlandırılması prosesində diasporumuzun da imkanlarından faydalanır.

Ümidvarıq ki, AAC dünyada böyük maraqla qarşılanan elmi-politoloji nəşrlərin Azərbaycan dilinə tərcüməsi nəşri işində bundan sonra da fəallıq göstərəcək, respublikamız barədə Avropada obyektiv təəssüratların daha da güclənməsinə çalışacaqdır.

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 9 oktyabr.- S.7.