Avtandil Beridze: Naxçıvanın möhtəşəm müalicə-istirahət

 mərkəzləri bu diyarın turizm potensialını gücləndirir

 

 

Forum çox uğurlu keçdi və belə möhtəşəm tədbirlər Azərbaycanın şöhrətini daha da artırır. Bu Forum dünyanın müxtəlif regionlarından olan insanları bir araya topladı. Forum çərçivəsində Naxçıvanda olmaq isə mənim üçün ikiqat əlamətdardır.

Bu fikirləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı sırasında Naxçıvanda olan Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Avtandil Beridze AzərTAc-a müsahibəsində söyləyib. O deyib ki, Azərbaycan Gürcüstan xalqlarının dostluq əlaqələri qədim tarixə malikdir. Naxçıvan-Acarıstan əlaqələrinin əsası isə keçən əsrin 70-ci illərində qoyulub.

Hesab edirəm ki, biz bu ənənələri yaşatmalıyıq. Bunun üçün yaxşı imkanlar mövcuddur. Hazırkı mərhələdə iqtisadi humanitar sahədə mühüm nailiyyətlərimiz, qarşılıqlı tələbə mübadiləmiz, turizm əlaqələrimiz vardır,– deyə Avtandil Beridze bildirib. Qonaq əlavə edib ki, Naxçıvanda fəaliyyət göstərən möhtəşəm müalicə-istirahət mərkəzləri muxtar respublikanın turizm potensialının güclənməsinə xidmət edir. Muxtar respublikaya müalicə üçün gəlmiş acarıstanlı uşaqlar buradakı şəraiti çox bəyəniblər. Biz belə humanitar əlaqələri dəstəkləyirik.

Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Avtandil Beridze belə hesab edir ki, bütün bunlar, ümumilikdə, Gürcüstan-Azərbaycan əlaqələrinin sürətli inkişafına xidmət edən amillərdir.

 

Azərbaycan.-2014.- 9 oktyabr.- S.7.