Dövlət Sosial Müdafiə Fondunun sədri

 Lənkəranda vətəndaşları qəbul edib

 

Vətəndaşların qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin edilməsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib. Ayrı-ayrı bölgə sakinlərinin yerlərdə qəbul edilməsi, onların müraciətlərinə baxılaraq, dərhal konkret qərarların qəbul olunması ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev oktyabrın 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin qurumun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının, qurumun Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon şöbələri müdirlərinin iştirakı ilə keçirilən qəbulda 35-dək vətəndaşın müraciətlərinə baxılıb.

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və DSMF-nin sədri Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.

DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulda iştirak edən pensiyaçılar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini vurğulayaraq bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2014.- 10 oktyabr.- S. 5.