Azərbaycanın irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir

 

Prezident İlham ƏLİYEV: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir"

 

Prezident İlham Əliyevin son 11 ildə xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.  Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə diqqəti cəlb edir. Respublikamız hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsinə, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli təmin etməsinə təminat yaradır.

Rəsmi Bakı ötən illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılmas dövlət başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur.  "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, dünyada əsas söz sahibi olan ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Ötən müddətdə xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir.

Azərbaycanın MDB üzvü olan ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirildi. Tədbirdə MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə predmeti oldu. Birlik daxilində ticari-iqtisadi əlaqələrin yeni impuls aldığı və ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulandı.

  Tədbirdə dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd olunması istiqamətində işlərin davam etdirildiyini, MDB çərçivəsində əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinin və daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Dövlət başçıları iclasda elm, təhsil, turizm, təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində də fikir mübadiləsi aparıblar. Dövlət başçıları 2016-cı ilin Birlik çərçivəsində "Təhsil ili" elan olunması, qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəliblər. İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb və sənədlər imzalanıb.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq".

Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. MDB məkanında nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyev beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S.1.