Milli Məclisdə MDB Parlament

Assambleyası komissiyasının iclası keçirilib

 

Oktyabrın 10-da Milli Məclisdə MDB Parlament Assambleyasının mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası keçirilib.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Tacikistanın qurumda təmsil olunan deputatları, həmçinin MDB-yə üzv dövlətlərdən dəvət olunan şəxslər iştirak ediblər. 

İclası komissiyanın sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası komitəsinin üzvü Yevgeni Tarlo açaraq son dövrlərdə Azərbaycanın iqtisadi, sosial, mədəniyyət, turizm və idman sahələrində əldə etdiyi uğurlardan danışıb. O, sürətlə inkişaf edən ölkəmizlə əməkdaşlığın faydalı olduğunu vurğulayıb.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən danışıb. V.Ələsgərov ölkəmizin artan iqtisadi inkişaf tempi, İKT, qanunvericilik sahələrindəki uğurları barədə məlumat verib. Bildirilib ki, artıq dünyada tolerant ölkə kimi tanınan Azərbaycan son dövrlərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu gün Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, dostluq şəraitində yaşayırlar.

V.Ələsgərov MDB PA-nın mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının işinə uğurlar diləyib, müzakirələrin məhsuldar keçəcəyinə əminliyini ifadə edib. 

İclasda Azərbaycan hökumətinin müvafiq sahələrdəki fəaliyyəti barədə məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycanda idmanla bağlı bir sıra dövlət proqramları, qanunlar qəbul olunub. Bölgələrdə 41 olimpiya idman kompleksi tikilib istifadəyə verilib. Ötən il idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı 780-i keçib. Bakı gələn il birinci Avropa Oyunlarına, 2016-cı ildə şahmat üzrə dünya kuboku yarışlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Tədbirdə, həmçinin Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərdən, MDB məkanında bu sahədə həyata keçirilən əməkdaşlıqdan, Bakı Turizm Filmləri Festivalının nəticələrindən danışılıb. Bildirilib ki, 2013-cü ildə ölkəmizə 2,5 milyon xarici vətəndaş gəlib. Onların 40 faizi MDB ölkələrindən gələn turistlərdir. Diqqətə çatdırılıb ki, qarşıdakı 10 ildə Azərbaycanda turizmin inkişafı üçün nazirlik tərəfindən yeni konsepsiya hazırlanır.

Sonra iclasda təşkilati məsələlərə baxılıb.

Yevgeni Tarlo yenidən MDB PA-nın mədəniyyət, informasiya, turizmidman üzrə daimi komissiyasının sədri, Milli Məclisin deputatı Elmira Axundova komissiya sədrinin müavini seçiliblər.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. İclasdaElektron hökumət haqqında”, “Elektron sənədlərlə transsərhəd informasiya mübadiləsi haqqında”, “Xüsusi rabitə göndərişləri ilə əlaqədar dövlətlərarası mübadilə haqqında”, “Könüllülük (volontyorluq) haqqında”, “Turizm fəaliyyəti haqqında”, “Vicdan azadlığı, dini etiqaddini təşkilatlar (birliklər) haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanunların layihələri barədə məruzələr dinlənilib.

Komissiya üzvləri həmin layihələrə dair rəylərini, irad və təkliflərini bildiriblər. Sənədlərə baxılaraq təkmilləşdirilməsi üçün milli parlamentlərə göndərilməsi qərara alınıb.

Komissiyada MDB-yə üzv dövlətlərin mədəni irsinin qorunmasına dair Konvensiyanın layihəsinin hazırlanması, MDB məkanında məktəblilərin idman turnirlərinin və festivallarının keçirilməsində MDB PA-nın iştirakı, qurumun təltifləri və digər məsələlərə də baxılıb.

İclasda mədəniyyət, informasiya, turizmidman üzrə daimi komissiyanın növbəti iclasının 2015-ci ilin yaz aylarında Belarusda keçirilməsi qərara alınıb. Sonra həmin iclasın gündəliyi təsdiqlənib.

Bununla da MDB PA-nın mədəniyyət, informasiya, turizmidman üzrə daimi komissiyasının Bakıda keçirilən iclası başa çatıb.

 

Azərbaycan.-2014.- 11 oktyabr.- S.3.