Azərbaycan Qırğızıstan ilə hüquqi sahədə əlaqələri genişləndirir

 

Oktyabrın 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının nümayəndə heyəti ilə görüşüb.

 Görüşdə Ziyafət Əsgərov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, istər dövlət başçıları, istərsə də parlament nümayəndələri arasında ayrı-ayrı vaxtlarda baş tutan ikitərəfli görüşlər ölkələrimiz arasındakı əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır.

Azərbaycan və Qırğızıstan parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladan Z.Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin də genişləndiyini diqqətə çatdırıb. Milli Məclis Sədrinin birinci müavini Azərbaycanın hüquq sahəsində əldə etdiyi nailiyyətlər barədə qonağa məlumat verib. Bildirib ki, bu gün ölkəmizdə müxtəlif məhkəmə instansiyaları fəaliyyət göstərir.

Azərbaycanın Avropa İttifaqı ilə yaxından əməkdaşlıq etdiyini deyən Z.Əsgərov ölkəmizdə hüquq sahəsinin Avropa standartlarına uyğunlaşdırıldığını bildirib.  Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatası arasında əməkdaşlıq haqqında imzalanmış memorandum ölkələrimiz arasında bu sahədə əməkdaşlığa yeni töhfə verəcək.

Səfərin iki ölkə arasında hüquq sahəsində əlaqələrin genişlənməsinə xidmət etdiyini deyən Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev imzalanmış memorandumun bu istiqamətdə əməkdaşlıq üçün hüquqi baza yaratdığını bildirib. Qonaq ölkəsinin hüquq sistemi barəsində də ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 11 oktyabr.- S.3.