Anar Çingiz Aytmatov adına mükafata layiq görülüb

 

MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının oktyabrın 11-12-də Bakıda keçirilən səyyar iclasında görkəmli Azərbaycan yazıçısı Anara MDB PA-nın Çingiz Aytmatov adına mükafatına layiq görülməsi barədə qərar qəbul edilib.

AzərTAc xəbər verir ki, Qırğızıstan nümayəndə heyətinin irəli sürdüyü təşəbbüs komissiyanın bütün üzvləri tərəfindən dəstəklənib. MDB məkanının 7 ölkəsinin deputatlarının təmsil olunduğu komissiyanın üzvləri iclas başa çatandan sonra Azərbaycan Yazıçılar Birliyinə gedərək laureat ilə görüşüblər. Anar qonaqlara Azərbaycanda mədəniyyət sahəsində vəziyyət, böyük qırğız yazıçısı Çingiz Aytmatov ilə dostluq əlaqələri barədə ətraflı söz açıb.

Çingiz Aytmatov adına mükafat yazıçıya bu ilin noyabrında MDB PA-nın üzvü olan ölkələrin Parlament Başçıları Şurasında təqdim ediləcək.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 3.