Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə Ş. Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə V. Lastauskası təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Nazir mövcud hüquqi bazanın, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin, keçirilən müxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaratdığını bildirib.

Mövcud iqtisadi əlaqələrin perspektivlərinin müzakirə edildiyi görüşdə bu il Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının növbəti iclasının və biznes forumun ölkəmizin regionlarından birində keçiriləcəyi açıqlanıb, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

V. Lastauskas ölkəmizdə diplomatik fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib, Litva və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinə səy göstərəcəyini bildirib. Litva iqtisadiyyatı barədə məlumat verən Lastauskas səhiyyə, texnologiyalar sahəsində əlaqələrin inkişafı imkanlarına dair fikirlərini bölüşüb.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 4.