Milli münaqişələr humanitar fəlakətlərin mənbəyidir

 

IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları Dağlıq Qarabağ probleminin həllini regionun təhlükəsizliyində vacib amil olduğunu bəyan etdilər

 

Dünyanın əksər ölkələrini   eyni məqsəd uğrunda bir araya  toplayan IV Bakı Beynəlxalq Humanitar Forumu öz işini iki gün ərzində başa çatdırsa da, onun mahiyyəti, tarixi əhəmiyyəti barədə aparılan təhlil və keçirilən diskussiyalar bir daha göstərdi ki, əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Forumun ayrı-ayrı "dəyirmi masa"larında keçirilən diskussiyalarda xüsusi vurğulandı ki, burada yaşayan xalqların arasındakı dostluq və həmrəylik bu gündavam etdirilməkdədir. Ümumiyyətlə isə dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha böyük diqqət göstərilsin.

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  çıxışında  qeyd etdi ki, humanitar əməkdaşlığa,  bu tipli məsələlərin həllinə həmişə böyük diqqət göstərilməsinə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşib. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib ki, yüzlərlə günahsız insan bunun qurbanı olub: "Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmirbiz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur".

Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanınması və onun qeyd-şərtsiz bərpa edilməsi, işğaldan əziyyət çəkən, öz yer-yurdundan didərgin düşən soydaşlarımızın doğma torpaqlarına qayıtma hüquqları olduğunu forum iştirakçılarının nəzərinə  çatdıran Azərbaycan Prezidenti onu da bildirdi ki, həmin yerlərdə artıq həyat yoxdur, hər şey dağıdılıb: "ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib. Yəni bu, böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir. Çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayır".

Forumda səsləndirilən fikirlərdən bir daha göründü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir.  Münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır. Lakin belə çətin münaqişə şəraitinə baxmayaraq, Azərbaycanın inkişafı dayanıqlıdır, o cümlədən humanitar sahədə də son illər böyük uğurlara imza atılıb. Adıçəkilən sahə Azərbaycan hökuməti üçün prioritetlərdən biridir. Məhz  ona görə də bu sahəyə investisiyalar qoyulur.

Forumun ikinci günü "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzusunda keçirilən "dəyirmi masa"dakı iştirakçıların arasında dünyanın tanınmış  siyasət, elm və mədənəyyət xadimləri vardı.  Maraqlı müzakirələrlə yadda qalan "dəyirmi masa"da Roma Apelyasiya Məhkəməsinin baş vəkili Antonio Marini "Terror qurbanlarının hüquqlarını necə təmin etməli?" mövzusunda məruzəsində qeyd etdi ki, terrorizmlə mübarizədə nəzərdə tutulan bütün tədbirlər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. İtaliyanın terrorizmlə mübarizə sahəsində təcrübəsindən danışan A.Marini bildirdi ki, dünyanın bütün mütərəqqi qüvvələri terror aktlarına qarşı birləşməli, bu bəlanın aradan qaldırılması üçün səfərbər olmalıdır.

Meksika təmsilçisi Qabriela Kveys  isə ölkəsində tolerantlığın təşviqi üçün müvafiq institutların təsis edildiyindən, multikulturalizmin inkişafının vacibliyindən bəhs etdi. O,  əmin olduğunu bildirdi ki, yeni ideyaların ortaya qoyulmasında Bakı Beynəlxalq Humanitar Forumu vacib rol oynayacaq.

ABŞ-ın Hartford Universitetinin fəxri prezidenti, humanitar elmlər üzrə professor Hamfri Tonkinin fikrincə, bu gün humanitar elmlərə tələbə axını xeyli azalıb: "Dili itirmək, əslində, kollektiv düşüncəni  əldən vermək kimi fəlakətdir. Hər bir xalqın yaşaması üçün onun keçmişinə aid dəyərlərin bu günə və gələcəyə daşınması vacibdir".

Polşanın Lodz Universitetinin dosenti Monika Kopitovska çıxışında xüsusi olaraq vurğuladı ki, dünyanın bir çox yerlərində insanlar müxtəlif səbəblərdən əziyyət çəkirlər: "Bu problemlər cəmiyyətə media vasitəsilə çatdırılır. Media bəzi məsələlər barəsində yazmaqla yanaşı, həm də insanlar arasında təşviş yaradır, onlarda maraq oyatmaq, insanları təhlükələrlə bağlı tədbir görməyə motivasiya etmək üçün hər şeyi edir".

İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Maqyarının, Rusiyanın Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universitetinin Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədovun, ADU-nun təmsilçisi Nigar Zeynalovanın, İtaliyanın Florensiya Universitetinin sabiq rektoru, professor Paolo Blazinin, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi Nelyanın, Malta Parlamentinin sabiq sədri Maykl Frendonun  və digərlərinin müxtəlif, eyni  zamanda maraq doğuran məruzələri dinlənildi. Vahid məqsəd ətrafında müxtəlif düşüncələrini bölüşən natiqlər dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri, bunların postmodernizm təfəkkürünə təsiri barədə fikirlərini bölüşüb,  bəşəriyyətdə dostluq və həmrəylik prinsiplərinə əməl  olunmasının vacibliyini vurğuladılar.

IV Bakı Beynəlxalq Humanitar Forumunun qəbul etdiyi Bəyannamə əvvəlkilərindən fərqlənən bəzi cəhətlərlə  tarixə yazılmış oldu. Forum iştirakçıları - müxtəlif ölkələrdən toplaşmış siyasət, elm  mədəniyyət xadimləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və KİV nümayəndələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışladılar. Beynəlxalq tədbirin təmsilçiləri eyni zamanda qlobal əhəmiyyət kəsb edən bu kimi  forumların hər il keçirilməsini zəruri sayaraq Azərbaycan Respublikasının Prezidentinə, Heydər Əliyev Fonduna belə mötəbər və səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlıqlarını  bildirdilər.

Forum iştirakçılarının respublikamızın müxtəlif bölgələrinə səfərləri  isə Azərbaycanı bir daha yaxından tanımaq və dünya arenasında tanıtmaq baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Paytaxt Bakı beynəlxalq birliyin diqqətini çəkməkdə, dünyanın nəzər-diqqətini Azərbaycana yönəltməkdədir. Bu da ölkəmizin hərtərəfli inkişafının təzahürü ilə yanaşı, illərlə öz həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər əsasında  nizamlanmasında vacib məsələlərdən biridir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 4.