Avstriyanın APA agentliyinin baş direktoru Bakı Beynəlxalq

 Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib

 

 

Vyana, 10 oktyabr (AzərTAc). Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş direktoru Peter Kropş IV Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı təəssüratlarını AzərTAc ilə bölüşüb.

Forumda ilk dəfə iştirak etdiyini bildirən P.Kropş bu mötəbər beynəlxalq tədbirə yüksək peşəkarlıqla təşkilati hazırlıq işləri görüldüyünü xüsusi vurğulayıb. Baş direktor Forumun gedişini, eləcə də müzakirəyə çıxarılan mövzuların məzmun və aktuallığını yüksək dəyərləndirərək deyib: “Təşkilatçılar sözün həqiqi mənasında ən müxtəlif qurumların nümayəndələrindən ibarət geniş spektri “dəyirmi masa” ətrafında bir araya gətirməyə nail oldular. Mənim medianın gələcək roluna həsr edilmiş “dəyirmi masa”da iştirak və çıxış etmək imkanım oldu. Məruzəçilərin kulturoloji və real ictimai yanaşmasından asılı olaraq, məruzələr böyük bir müstəvini əhatə edirdi. Mətbuat və sosial mediaların təsirinin fərqli tərzdə və üsulda qiymətləndirilməsi və buradan necə də çoxşaxəli fəaliyyət imkanlarının yarandığını müşahidə etmək çox xoş idi. Forumun təşkilatçılarını uğurlu tədbirə görə təbrik edirəm”.

 

Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Vyana

Azərbaycan.-2014.- 11 oktyabr.- S.6.