Le Honq Anh: Vyetnam Kommunist Partiyası Yeni

Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verir

 

Vyetnam Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verir.

AzərTAc xəbər verir ki, bu sözləri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh oktyabrın 13-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovla görüşündə deyib.

Le Honq Anh Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu deyib. O, ötən il Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını deyib. Qonaq Azərbaycana səfərin nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.

Le Honq Anhın Azərbaycana ilk səfərini yüksək qiymətləndirən Əli Əhmədov keçiriləcək görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadilələrinin aparılması üçün imkanların yaranacağını bildirib.

Əli Əhmədov səfərin Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından da önəmli olduğunu vurğulayıb.

YAP sədrinin müavini həm ölkələrimiz, həm də hər iki partiya arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib, bunun üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.-2014.- 14 oktyabr.- S.2.