Azərbaycanın yürütdüyü siyasət əlaqələrin

güclənməsinə mühüm töhfələr verir

 

Beynəlxalq aləmdə, eləcə də regional müstəvidə əməkdaşlığa və təhlükəsizliyə töhfə verən nüfuzlu təşkilatların işində yaxından iştirak etmək hər bir ölkənin beynəlxalq münasibətlər sistemində oynadığı rola təsir edən vacib komponentlərdən sayılır. Azərbaycan Respublikası da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək hər zaman xarici siyasətdə qlobal proseslərə əsaslı təsir imkanları olan aparıcı və nüfuzlu təşkilatlarla əməkdaşlığa daim mühüm önəm verib.

Belə təşkilatlarla əməkdaşlıq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursunun mühüm cəhətini təşkil edir. Çünki Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasında və ayrı-ayrı dövlətlərlə əlaqələrinin qurulmasında və inkişafında beynəlxalq təşkilatlarla münasibətlər olduqca vacib rol oynayır. Bu mənada ölkəmizin yürütdüyü xarici siyasət kursu beynəlxalq təşkilatlara münasibətdə pozitiv məcraya yönəlib. Beynəlxalq təşkilatlarda da Azərbaycana böyük rəğbət var. Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində bu barədə deyib: "Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi".

Azərbaycanın üzvü olduğu və işində yaxından iştirak etdiyi təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir. MDB-nin əsas məqsədi siyasi, iqtisadi, ekoloji, humanitar, elmi, mədəni, cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və digər sahələrdə əməkdaşlıqdan ibarətdir. Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyəti ilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar verir.

Azərbaycan MDB-də iştirakı ilə üzv olduğu dövrdə onun işinə böyük töhfələr verib. Bu təşkilat çərçivəsində həm də mehriban qonşuluq zonası yaratmaq məqsədi güdən ölkəmizin yürütdüyü siyasi xətt təhlükəsizliyin təmin olunmasına, siyasiiqtisadi əlaqələrin güclənməsinə xidmət edir. Ermənistanı çıxmaq şərti ilə bu gün Azərbaycanın digər MDB dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu münasibətlər həm ikitərəfli, həm də kollektiv tərəfdaşlıq formasında uğurla həyata keçirilir. Azərbaycanın MDB-nin digər üzvləri ilə xüsusən iqtisadi əlaqələri ildən-ilə yüksələn xətt üzrə inkişaf edir, əmtəə dövriyyəsi, qarşılıqlı investisiyaların qoyulması artır. O cümlədən hüquq-mühafizə, sərhədlərin mühafizəsi, cinayətkarlıqla, terrorçuluqla mübarizə sahəsində Azərbaycan ayrı-ayrı MDB dövlətləri ilə sıx əməkdaşlıq edir. MDB üzvü olan ölkələrin rəhbər şəxsləri müntəzəm görüşür, səfərlər edirlər ki, bu da postsovet məkanında yüksək səviyyəli qarşılıqlı fəaliyyətə  təkan verir. Bu mənada əldə edilən ən böyük nailiyyətlərdən biri Sovet İttifaqının süqutundan sonra ölkələr arasında münasibətlərin qorunub saxlanılmasıdır.

MDB çərçivəsində keçirilən müxtəlif görüşlər və tədbirlər də üzv ölkələr arasında əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlər yaradır. İndiyədək ölkəmizdə MDB-nin çoxsaylı tədbirləri keçirilib. Bunlarla yanaşı, Bakı Beynəlxalq Humanitar Forumu həm MDB üzvləri arasında, həm də beynəlxalq səviyyədə ölkələrin yaxınlaşmasına, gələcək əməkdaşlıq formalarının yaranmasına xidmət edən uğurlu platformadır.

Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti iclasında MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə edildi. Çıxışında MDB-nin potensialının tükənmədiyini bildirən və onu əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanı adlandıran Prezident İlham Əliyev deyib: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq".

Tədbirdə dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd olunması istiqamətində işlərin davam etdirildiyini, MDB çərçivəsində əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinin və bundan sonra daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Qeyd edilib ki, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir və iclasda müzakirə olunan məsələlər Birlik ölkələri arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Dövlət başçıları iclasda elm, təhsil, turizm, təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi, Ukraynada vəziyyət və digər məsələlər ətrafında da  fikir mübadiləsi aparıblar.

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda bildirilib ki, dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər. İclas iştirakçıları MDB ölkələrinin elmi təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, 2016-cı ilin Birlik çərçivəsində "Təhsil ili" elan olunması, qanunsuz miqrasiya, insan alveri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərinə dair razılığa gəliblər.

MDB üzvü olan ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq və dialoq mövcuddur. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində isə Azərbaycan MDB-nin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda əsas söz sahibi  lider kimi qəbul edilir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 14 oktyabr.- S.5.