«Status-kvo»nun dəyişdirilməsi işğalda

 olan torpaqların azad edilməsi deməkdir

 

Prezident İlham ƏLİYEV: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır"

 

Ötən 11 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 11 ildə respublikamızın diplomatik mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunur.

Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Bu ağır vəziyyət işğalçı dövlətdə ciddi kataklizmlərin yaşandığından xəbər verir. Azərbaycanın artan iqtisadi, siyasi, hərbi gücü qarşısında işğalçı Ermənistan gündən-günə zəifləyərək səfillər ölkəsinə çevrilməkdədir. Ermənistan əhalisinin sürətlə ölkəni tərk etməsi burada sosial durumun fəlakət həddinə çatdığını təsdiqləməkdədir.   

Prezident İlham Əliyev 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlərə də toxunub: "Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amilaz rol oynamır. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyil ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da, öz növbəsində, gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır".

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə "status-kvo"nu qoruyub saxlamağa çalışır. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaqdır. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

Prezident İlham Əliyev bildirib: "Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur".

Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bir neçə fakt Azərbaycan diplomatiyasının son illərdəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, türkislam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilmişdir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 15 oktyabr.- S.2.