Saxta erməni təbliğatına həqiqi
tarixlə sarsıdıcı zərbə
Akademik Ramiz
Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabı Azərbaycanın tarix elminin son
illərdəki ən böyük nailiyyətlərindəndir
"Prezident İlham Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət, Azərbaycan reallıqlarını dünya məkanına yayımlayan müasir kanalların yaradılması və daim təkmilləşdirilməsi, ölkədə KİV sektorunun və İnternet məkanının inkişafı çox qısa müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində özünü göstərmişdir. Lakin hazırda informasiya məkanında uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün iş aparılmalı, ermənilərin mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli və konkret tarixi sübutlar təqdim edilməlidir".
Akademik Ramiz MEHDİYEV
Özünəməxsus milli inkişaf modeli ilə regionun yeni iqtisadi fenomeninə çevrilən, siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində inamlı addımlar atan Azərbaycan son illər həm də sabitləşdirici xarici siyasəti ilə milli mənafelərini təmin etmək əzmində olduğunu təsdiqləmişdir. Diplomatik sahədə qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən respublikamız Cənubi Qafqaz bölgəsindəki iqtisadi və geosiyasi üstünlüklərindən bəhrələnməklə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil xarici siyasət yürüdür.
"İkili standartlara" qarşı informasiya savaşı
Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini beynəlxalq aləmə çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən respublikamız diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Dünya siyasətinə əsaslı təsir imkanları olan fövqəlgüc dövlətləri indi respublikamızla hesablaşır, mövqeyimizi nəzərə alırlar.
Dövlət başçısının xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü "hücum diplomatiyası"nın effektiv nəticələri göz önündədir. Bu gün əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Sivil birgəyaşayış normalarına uyğun xarici siyasət yürüdən respublikamız indi həm də bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini darmadağın edir. Rəsmi Bakının hücumçu diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır.
Ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyi "informasiya blokada"sı mərhələsini çoxdan geridə qoymuş Azərbaycan son illər Ermənistanı nəinki iqtisadi və siyasi, habelə ideoloji-təbliğati müstəvidə də əhəmiyyətli dərəcədə üstələmişdir. Hazırda dünyada geniş müşahidə edilən "ikili standartlar"a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ən müxtəlif rəsmi səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə milli elmi elitanın fəallığı da son illərdə nəzərəçarpacaq dərəcədə güclənmişdir.
Prezident İlham Əliyev ölkənin elmi elitasını uydurma erməni təbliğatına qarşı mübarizədə daha fəal və prinsipial olmağa çağıraraq demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar".
70 il imperiya buxovları ilə yaşamağa məhkum olmuş Azərbaycan yalnız müstəqillik qazandıqdan sonra öz tarixini obyektiv şəkildə araşdırmaq və sanballı elmi tədqiqatlar aparmaq imkanı qazanmışdır. Xüsusən də son illərdə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə ölkə tarixçiləri bu istiqamətdə dərin elmi araşdırmalar aparmış, xüsusən də erməni qəsbkarlarının azərbaycanlılara və türklərə qarşı son iki əsrdə törətdikləri soyqırımı, terror və deportasiya faktları ilə bağlı xeyli sənədlər aşkara çıxarmışlar.
Lakin etiraf etmək lazımdır ki, bunların heç biri sistemlilik, mövzu əhatəliliyi, faktların orijinallığı və məzmun baxımından Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri akademik Ramiz Mehdiyevin qələmə aldığı tarixi əsərlərlə müqayisəyə gələ bilmir. Ümumiyyətlə, görkəmli filosofun son illərdə gərgin zəhmət, dərin analitik təhlil və elmi düşüncə əsasında qələmə aldığı sanballı əsərlər konseptual əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının mahiyyətinin, habelə milli demokratik tranzitin, modernləşmə prosesində qarşıda duran hədəflərin adekvat dərkinə imkan yaradır. Çağdaş siyasi-fəlsəfi düşüncəni düzgün məcrada istiqamətləndirən, respublikanın keçdiyi mütərəqqi inkişaf yoluna mükəmməl elmi-fəlsəfi yanaşma olan bu əsərlərin ictimai dəyəri həm də onların cəmiyyətdə böyük maraqla qarşılanması, səmərəli polemikalara, diskussiyalara yol açması, yeni elmi araşdırmalar üçün konseptual metodoloji baza rolunu oynaması ilə ölçülür.
"Hücum
diplomatiyasına" fundamental tarixi-ideoloji dəstək
45 ildir
ki, Heydər Əliyev siyasi kursunun ən sadiq
davamçılarından olan, bilavasitə içərisində
yaşadığı siyasi hadisə və proseslərin, idarəetmə
metodlarının peşəkar planda fəlsəfi-politoloji və
iqtisadi təsvirini yaradan akademik Ramiz Mehdiyev gərgin əmək
bahasına ərsəyə gətirdiyi əsərlərdə
həm də dövlət quruculuğu prosesinin tarixi salnaməsini
də yaradır. Bu şərəfli salnamədə
ən yeni tariximizin ziddiyyətli məqamları, ictimai-siyasi
prosesləri, keçid mərhələləri, transformasiya,
inkişaf və sabitlik dövrü fundamental şəkildə
araşdırılır. Bu əsərlər
konseptual əhəmiyyəti ilə həm də Azərbaycanın
müstəqillik illərində keçdiyi çətin və
şərəfli yola nəzər salır, yürüdülən
siyasətin mahiyyətini elmi cəhətdən əsaslandırır.
Əminliklə demək olar ki, gələcək
nəsil tədqiqatçılar müstəqillik
dövrünü araşdırarkən məhz akademik Ramiz
Mehdiyevin dəyərli əsərlərinə dönə-dönə
istinad edəcəklər.
Akademik Ramiz Mehdiyev cəsarətli alim və milli təəssübkeş
kimi son illərdə Azərbaycanın tarixinin yalnız
müasir deyil, digər mərhələlərini də
araşdırmış, həqiqətlərə işıq
salmışdır. Bu əsərlərdə Azərbaycanın
tarixinin müxtəlif mərhələləri, o cümlədən
xalqın görkəmli tarixi şəxsiyyətləri ilə
bağlı tədqiqatlar geniş əksini tapmış, bəzi
ziddiyyətli, mübahisəli məqamlara obyektiv münasibət
ifadə olunmuşdur. Bu baxımdan görkəmli alimin
Azərbaycanın böyük tarixi şəxsiyyəti
Şah İsmayıl Xətaiyə həsr olunmuş
"Şah İsmayıl Xətai ali məramlı şəxsiyyət
kimi" və "Tarixi idrakın elmiliyinə dair" əsərləri
özünün elmi sanbalı, ensiklopedik səciyyə
daşıması, məzmunu baxımından nəinki
tarixçi alimlərdə, ümumilikdə elmi ictimaiyyətdə
böyük marağa səbəb olmuşdur.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin tarixi-politoloji mövzuda qələmə
aldığı əsərlərdə Azərbaycan həqiqətlərinin,
xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin yaranma səbəbləri, ermənilərin
tarixən Qarabağda məskunlaşdırılmaları, Azərbaycan
torpaqları hesabına özlərinə dövlət yaratmaq
cəhdləri, ümumilikdə, xalqımızın başına
gətirdikləri böyük faciə və müsibətlər
dolğun əksini tapmışdır. Münaqişənin
həlli ilə bağlı aparılan
danışıqların birbaşa
iştirakçılarından olan, Prezident İlham
Əliyevin bu istiqamətdəki diplomatik fəaliyyətinə
elmi-nəzəri cəhətdən hərtərəfli
töhfə verən akademik həm də görkəmli
dövlət xadimi və filosof kimi fövqəlgüc dövlətlərin
Azərbaycanın zorla cəlb olunduğu ədalətsiz
münaqişəyə ikili standartdan qaynaqlanan münasibətini
konkret faktlar əsasında diqqətə çəkmişdir.
Xarici auditoriya - istər KİV, istər ictimai, istərsə
də elmi dairələrlə sıx təmasda olan akademik
Ramiz Mehdiyev haqlı olaraq müasir dünyanın bu problemin
tarixi kökləri və yaranma səbəblərindən
kifayət qədər məlumatlı olmamasını qeyd
etmişdir. Bu baxımdan alimin elmi tədqiqatlarında Qarabağ
mövzusu ilə bağlı yer alan
maraqlı faktlar, mühakimələr, elmi istinadlar erməni
ideoloqlarının təbliğ etdikləri miflərin
dağıdılması, saxta təbliğatın ifşa
edilməsi, tarixi həqiqətlərin dünyaya
çatdırılması baxımından müstəsna əhəmiyyətə
malikdir. Prezident İlham Əliyevin yürütdüyü
hücum diplomatiyasına əyani dəstəyin ifadəsi olan
bu əsərləri nüfuzlu tədqiqatçının ali dövlətçilik və yüksək vətənpərvərlik
missiyası kontekstində tam təbii qəbul etmək
lazımdır.
Hər
zaman aktuallığı və məzmunu ilə cəmiyyətdə
ictimai fikrin pozitiv məcrada inkişafına
çalışan akademik Ramiz Mehdiyevin hələ 2010-cu ildə
işıq üzü görmüş "Gorus 2010: absurd
teatrı mövsümü" əsəri bu baxımdan
mühüm əhəmiyyətə malikdir. Son
dərəcə səhih tarixi mənbələrə, ciddi
arqumentlərə əsaslanan alim gərgin zəhmət
bahasına ərsəyə gətirdiyi bu tarixi əsərində
ermənilərin indiyə qədər səsləndirdikləri
iddiaların əsassızlığını sübuta
yetirmiş, ələlxüsus da Ermənistan prezidenti Serj
Sarkisyanın saxtakarlıqlarına sarkazm ruhunda elmi münasibətini
ifadə etmişdir. Əsərlə
tanışlıq zamanı Ermənistan prezidentinin Gorusda
verdiyi açıqlamalarının reallıqdan tamamilə
uzaq olduğu, populist xarakter daşıdığı, tarixi həqiqətləri
saxtalaşdırmaq niyyəti güddüyü bir daha
aydın görünmüşdür. "Gorus
2010: absurd teatrı mövsümü" əsərinin elmi
siqləti, ictimai əhəmiyyəti, ideoloji-siyasi dəyəri
həm də onunla səciyyələnir ki, burada ermənilərin
cəfəng iddialarına ilk dəfə olaraq sistemli,
ardıcıl yanaşma ilə tutarlı cavab verilmişdir.
Eyni zamanda bədnam qonşularımızın
Azərbaycana qarşı ərazi iddialarının təkcə
tarixi, siyasi, coğrafi, antropoloji baxımdan deyil, müasir
geosiyasət və beynəlxalq hüquq normaları
baxımından da əsassızlığı sübuta
yetirilmişdir.
Əsərdə
toxunulan məsələlərin elmi siqlətini, ideoloji-təbliğati
təsir effektivini artıran digər nüans bundan ibarətdir
ki, akademik Ramiz Mehdiyev Azərbaycanın haqlı mövqeyini əsaslandırmaq
üçün, ilk növbədə, dünyanın
nüfuzlu alimlərinə, eləcə də rus və erməni
tarixçilərinin əsərlərinə istinad etmiş,
açıq elmi polemika yolu ilə Serj Sarkisyanın Gorusda nə
qədər qeyri-ciddi, yalan və iftira xarakterli fikirlər səsləndirdiyini
göstərmiş, ermənilərin tarixi faktları təhrif
etmək, saxtalaşdırmaq cəhdlərini açıq
ifşa etmişdir. Əsərdə haqlı
olaraq vurğulanmışdır ki, Ermənistan prezidenti elmi
ictimaiyyətə tarixi faktları tanınmaz dərəcədə
təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən
yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək,
əvəzində isə mif və uydurmalara əsaslanmağı
təklif etmişdir. Ermənistanda
böyük təlaşla qarşılanan, erməni
ideoloqlarını və tarixçilərini
çıxılmaz duruma salan bu əsərə bədnam
qonşularımızın tutarlı elmi cavab vermək cəhdləri
isə fiaskoya uğramışdır.
"Gorus 2010: absurd teatrı mövsümü" əsəri
həqiqətən də Qarabağ probleminin mahiyyətinin
öyrənilməsi, münaqişə ilə bağlı həqiqətlərin
dünyaya çatdırılması istiqamətində
dövlətimizin apardığı diplomatik fəaliyyətə
böyük dəstək, elmi təbliğatda
dönüş mərhələsi olmuşdur. Beləliklə,
akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin
ölkə tarixinin obyektiv araşdırılması ilə
bağlı dəyərli tövsiyələrinə ilk
reaksiya verən, erməni mifomaniyasına böyük zərbə
vuran nüfuzlu alim kimi sonrakı elmi tədqiqatların da ərsəyə
gəlməsini bir növ stimullaşdırmışdır.
Erməni
milli düşüncəsi yalnız mif
yaradıcılığına əsaslanır
Bu istiqamətdə
tarixi tədqiqatlarını davam etdirən Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü Ramiz
Mehdiyevin son aylarda ictimaiyyətə təqdim olunan
"Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" kitabı, həmçinin bu günlərdə
dərc edilən "Ermənilərin mif
yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində"
əsəri də məzmunu, elmi səviyyəsi, faktların
yeniliyi və orijinallığı, istinad mənbələrinin
mötəbərliyi ilə ölkəmizdə və onun
hüdudlarından kənarda böyük rezonans
doğurmuşdur.
Tədqiqatçı
alimin Moskvada nəşr olunan, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən
bəhs edən "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" əsəri Azərbaycanın zorla cəlb
olunduğu münaqişə ilə bağlı tarixi həqiqətlərin
araşdırılması və dünya ictimaiyyətinə
çatdırılması baxımından müstəsna əhəmiyyətə
malikdir. Əsərdə qədim dövrlərdən indiyədək
münaqişə ilə bağlı həqiqətləri əks
etdirən faktlar, ermənilərin Dağlıq Qarabağ və
digər Azərbaycan torpaqlarında məskunlaşmaları
prosesi, onların bu məqsədlə törətdikləri
vandalizm aktları konkret tarixi elmi mənbələr əsasında
diqqətə çəkilmişdir.
Ensiklopedik
səciyyə daşıyan bu əsər gərgin
axtarışların, mükəmməl elmi təhlillərin,
mahir tədqiqatçılığın, eyni zamanda, yüksək
vətənpərvərliyin və ali vətəndaşlıq
duyğusunun təcəssümüdür. Görkəmli
akademik böyük zəhmət hesabına ərsəyə gətirdiyi
bu əsəri ilə tarixçi alimlərə belə bir
mesaj vermişdir ki, Qarabağ mövzusunda sanballı elmi təqdiqatların
davam etdirilməsi Azərbaycanın milli mənafelərinin,
dövlətçilik maraqlarının diktə etdiyi obyektiv
zərurətdir; bu məqsədlə daha da böyük səylər
göstərilməli, müxtəlif ölkələrin arxiv
materialları tədqiq olunmalı, erməni tarixçilərinin
saxtakarlıqları konkret məxəzlər əsasında
sübuta yetirilməlidir.
Moskvada nəşr olunmuş monoqrafiyada əsasən
xarici dillərdə, o cümlədən erməni dilində
olan ilk mənbələrə və elmi əsərlərə
istinad edilir, iqtibaslar gətirilir. Beləliklə,
görkəmli akademik xarici ölkələrin alimlərinə
tarixi həqiqətin ünvanını elə onların
öz dillərində olan ilk mənbələrdə və
elmi ədəbiyyatda olduğunu göstərir. Əsərdə bədnam
qonşularımızın Azərbaycana qarşı ərazi
iddialarının təkcə tarixi, siyasi, coğrafi,
antropoloji baxımdan deyil, həm də müasir geosiyasət və
beynəlxalq hüquq normaları baxımından əsassızlığı
sübuta yetirilir. Müəllif əsərin
giriş hissəsində göstərir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin elmi və tədris
ədəbiyyatlarında geniş
işıqlandırılması zəruridir. Qeyd olunur
ki, regionda uzunmüddətli silahlı münaqişəyə
gətirib çıxaran motivlərə dair ən müxtəlif,
bəzi hallarda isə diametral ziddiyyətli nöqteyi-nəzərləri
əks etdirən çoxsaylı tədqiqat işləri
işıq üzü görmüşdür: "Hər bir
fakt, element, hər bir detal problemin təkamül prosesini müəyyənləşdirir
və özündə məntiqi yük daşıyır. Postsovet məkanında ən qanlı münaqişə
olan Ermənistan-Azərbaycan münaqişəsinin ilkin təbiətini,
səbəblərini və hazırkı konyunkturunu dərk
etmək üçün akademik yanaşma
labüddür".
Əsərdə müxtəlif dillərdə olan ilk məxəzlərə,
o cümlədən erməni mənbələrindəki
çoxsaylı faktlara əsasən ermənilərin guya Cənubi
Qafqazın "aborigen əhalisi" olmaları barədəki
saxta uydurmaları alt-üst edilir. Tarixi yaddaşda qanlı izlər
buraxan erməni vandalizmini "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" əsərində bir daha xatırladan
akademik Ramiz Mehdiyev əsas diqqəti elmə məlum olan
faktların sadalanmasına yox, özünü bu faktların
düzümündə reallaşdıran erməni milli
düşüncəsinin yalnız mif sözü ilə dəyərləndirilə
biləcək mahiyyətinə yönəltmişdir. Əsərdə
göstərilir ki, qədim tarixi kökləri aşkara
çıxarmaqla özünütəsdiqə canatma hər
bir xalqın milli özünüyaşatma üsullarından
biri olduğu halda, bu humanitar yaşam formulu "erməni"
etnofakturasının nümunəsində öz etnik
varlığını hər cəhdlə qədimləşdirmək
yolu ilə etnik üstünlüyə canatma kimi irqçi
yaşam üsuluna qədər inkişaf etdirilmişdir.
Zamanla erməni xalqını mədəni dünya ilə
münasibətlərdə faciəvi duruma salan bu
özünüifadə formulu təkcə çağdaş
erməni siyasəti üçün xarakterik olmayıb, erməni
"tarixinin" bütün dönəmləri
üçün aktuallıq kəsb etmiş, həm də
sivil dünyanı zaman-zaman erməni antihumanitar yaşam
formulunun onun milli sistemi səviyyəsində hərəkətə
gəlməsindən özünü qorumağa məcbur
etmişdir.
Sanballı tarixi əsər həm də ermənilərin
Cənubi Qafqazda yeritdikləri milli siyasətin doğurduğu
fəsadları dərindən dərk etməyə imkan verir. Bir daha təsdiqlənir
ki, ermənilər regionda (ümumən qovularaq gəldikləri
bütün məkanlarda) "göründükləri"
andan onun mənəvi mədəniyyət tarixini
düşünülmüş şəkildə dəyişdirmək
- erməniləşdirmək üçün var gücləri
ilə çalışmışlar. Bunun
başlıca səbəbi isə onların qədəm
qoyduqları hər bir yeni məkanda, o cümlədən Cənubi
Qafqazda yad etnos olmalarıdır. Bütün bunlara təkzibolunmaz
elmi dəlillərlə münasibətini açıqlayan
akademik Ramiz Mehdiyev yazır: "Ermənilər praktiki olaraq yeganə
millətdir ki, onlar Cənubi Qafqaz xalqları üçün
xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış tədqiqatlara əsasən deyə
bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi
bütün dövrlərdə (eneolitdən
başlamış müasir dövrə qədər) Azərbaycanın
qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə
bağlı aşkar edilmiş ən qədim antropoloji
tapıntılar yalnız XVII əsrə aiddir və yalnız
Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir.
Onlar bir sıra əlamətlərə (kəllə
qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki
paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir
və yeni etnik komponentdirlər. Ermənilərin
diş-çənə sisteminin təhlili də onların
Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət
edir".
Utopik
ideyalar Ermənistanın tam iflasını tezləşdirir
Əsərdə erməni etnik elementi Qafqaz milli
landşaft sistemi üçün tamamilə yad element kimi
xarakterizə edilir. Məhz yadlığın doğurduğu
bu həqiqət ermənilərdən Qafqazın avtoxton
türk milli yaddaşına hər zaman total-sistemli müdaxilə
tələb edir. Akademik Ramiz Mehdiyevin "Dağlıq
Qarabağ: məxəzlərdən oxunmuş tarix" əsəri,
əslində, ermənilərə hər bir etnosun milli genetik
sxemlərinin bir ilahi yazı olduğunu,
pozulmazlığını sübut edir, tarixin "qalan
vaxtını" antihumanitar erməni formulu əsasında
deyil, ümumbəşəri normalara uyğun yaşamaq, nəticə
çıxarmaq üçün bir şans olduğunu
göstərir. Əsərdə haqlı olaraq
vurğulanır ki, ermənilər heç vaxt Cənubi
Qafqazda avtoxton (yerli) əhali olmamışlar. Həmçinin vurğulanır ki, ermənilərin
tarix elmi mifləşdirilmiş yalana, böhtana, iftiraya və
faktların saxtalaşdırılmasına yer
olmadığı tarixi prosesin obyektivliyini üzə
çıxarır.
Kitabın ən maraqlı cəhəti burada ermənilərin
Dağlıq Qarabağ və Azərbaycan ərazilərində
tarixən məskunlaşmaları prosesinin konkret elmi məxəzlər,
dəlil və sübutlar əsasında isbata yetirilməsidir. Hazırda da
davam edən bu təcavüzkar siyasətin məqsədi azərbaycanlıları
qədim torpaqlarından sıxışdırıb
çıxarmaq, bu ərazilərdə erməni tarixçiləri
və ideoloqlarının uydurduğu "dənizdən-dənizə
böyük Ermənistan" dövləti qurmaqdır. Əsərdə bütövlükdə türk
dünyasına qarşı yönəlmiş bu iftira
kampaniyasının əsassızlığı tarixi faktlar əsasında
təsdiqlənir. Müəllif qeyd edir ki, ermənilərin
Cənubi Qafqazda peyda olmaları IV əsrdə Bizansla Sasanilər
imperiyası arasında müharibələrlə əlaqədardır:
"Həmin vaxt Kiçik Asiyanın qəbilələrinin
növbəti miqrasiyası baş vermişdir. Bundan
sonra ermənilər iri transformasiyalar dövründə,
monqolların hücumu nəticəsində Səfəvilərlə
Osmanlı imperiyaları arasında müharibələr
zamanı kiçik qruplarla Cənubi Qafqaza gəlmişlər".
Əsərdə
vurğulanır ki, hələ 1813-cü və 1828-ci illərdə
Rusiya və İran arasında imzalanmış
"Gülüstan" və "Türkmənçay"
müqavilələrındən sonra - 1849-cu ildə İrəvan
quberniyası yaradılmış, ermənilərin İrandan
və Türkiyədən kütləvi surətdə Azərbaycan
torpaqlarına, Dağlıq Qarabağa
köçürülmələrinə
başlanılmışdır. Beləliklə,
soyqırımı, deportasiya və terrorizm Azərbaycan
torpaqlarının işğalı üçün istifadə
edilən əsas vasitələrdən birinə
çevrilmişdir. Təkcə 1828-ci ildən
1830-cu ilədək Cənubi Qafqaza İran və Osmanlı
imperiyasından 57226 nəfər erməni
köçürülmüşdür. Kitabda göstərilir
ki, bu köçürmə siyasəti ilə ermənilərin
ön Asiyada uzun əsrlər sürən miqrasiya prosesinə
özünəməxsus nöqtə qoyulmuşdur: "Bu,
Qafqazın və əsasən Şimali Azərbaycanın
xristian etnosu ilə zəbt olunması planını rəhbər
tutan Rusiya imperiyasının həyata keçirdiyi məqsədyönlü
və sistemli şəkildə təşkil olunmuş
köçürülmə siyasəti sayəsində baş
vermişdir. Bu minvalla 1825-1926-cı illərdə
Rusiya-İran müharibəsi zamanı 18 min erməni ailəsi
Qarabağa köçürülür və qədim Azərbaycan-türk
torpaqlarında yeni kəndlər - Marağalı, Canyataq,
Yuxarı Çaylı, Aşağı Çaylı və
digərləri yaranır".
Kitabda, həmçinin qeyd olunur ki, ötən əsrin
80-ci illərinin sonlarında SSRİ-nin süqutu zəminində
cərəyan edən proseslərdən öz maraqlarına
uyğun bəhrələnən erməni ideoloqları Azərbaycana
qarşı ərazi iddialarını yenidən gündəmə
gətirmişlər. Vətənpərvər və milli
ideallara bağlı bir şəxsiyyətin - ulu öndər
Heydər Əliyevin SSRİ rəhbərliyindən
uzaqlaşdırılmasından dərhal sonra erməni
separatizmi ilk hücumuna, informasiya savaşına
başlamışdır. Azərbaycana qarşı əsassız
ərazi iddialarını irəli sürməsi və qondarma
"Dağlıq Qarabağ problemi"nin
ortaya atılması azərbaycanlıların növbəti dəfə
kütləvi qırğını və əsrlər boyu
yaşadığı tarixi ərazilərdən
deportasiyası ilə nəticələnmişdir. 1988-ci il
noyabrın 22-dən 28-dək Ermənistanın 22 rayonunda
sırf soydaşlarımızın yaşadığı 170,
habelə ermənilərlə qarışıq 94
yaşayış məntəqələri azərbaycanlılardan
tam təmizlənmişdir. Nəticədə
250 minədək azərbaycanlı Ermənistandan
qovulmuşdur.
Akademik
Ramiz Mehdiyev "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" əsərində bütün bunlarla
yanaşı, Ermənistanın ötən 25 ildə heç
nəyə nail olmadığını da xüsusi
vurğulayır. Ermənistanın dəstəklədiyi
Dağlıq Qarabağ separatçı rejimini ötən illərdə
heç bir dövlət tanımamışdır. Əksinə, bu gün aparıcı dövlətlər,
o cümlədən beynəlxalq təşkilatlar belə nəzarətsiz
zonaların sivil dünyanın təhlükəsizliyi
üçün ciddi problemə çevrildiyini açıq
etiraf edirlər. İqtisadi və hərbi
cəhətdən güclənən Azərbaycanın
danışıqları imitasiya xatirinə
aparmadığını, prosesdə pozitiv
dönüşün yaranmayacağı halda rəsmi
Bakının hərbi varianta əl ata biləcəyini Ermənistan
rəhbərliyi də yaxşı dərk edir. Hələliksə
Prezident İlham Əliyevin son illərdə münaqişənin
həlli istiqamətində yeritdiyi siyasət Ermənistanın
mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını
sübuta yetirməyə, təcavüzkar ölkəni Cənubi
Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal
enerji-kommunikasiya layihələrindən təcrid etməyə,
ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini
artırmaqla qarşı tərəfin mövqeyinə təsir
göstərməyə yönəlmişdir.
Təcavüzkar ölkə özünü Cənubi
Qafqazda gerçəkləşən bütün strateji layihələrdən
kənarda saxlamışdır. Ermənistanın
xarici borcları getdikcə artır, ölkədə
sosial-iqtisadi tənəzzülün qarşısının
alınmaması əhalinin vəziyyətinin pisləşməsi
ilə müşahidə olunur. Rusiyaya olan
borclarını ödəmək iqtidarında olmayan Ermənistan
getdikcə bu ölkənin for-postuna çevrilir, bütün
strateji əhəmiyyətli müəssisələrini itirir.
Yoxsulluğun səviyyəsinə görə
MDB-də liderliyi əldən verməyən Ermənistan siyasi
sahədə də ciddi problemlərlə üz-üzədir.
Hakimiyyətə gəlmiş erməni elitası
"böyük Ermənistan" barədə utopik layihəni
reallaşdırmaq naminə sosial qrupların əksəriyyətinə,
demokratik quruluşa deyil, millətin birliyini təmin etmək və
onun mənafelərini reallaşdırmaq vəzifəsindən
üz döndərərək güc
rıçaqlarını və resurs bazasını öz əllərində
cəmləşdirmiş bir ovuc işbazın və siyasətbazın
maraqlarına arxalanır.
Dəqiq
tarixin mükəmməl istinadı
Akademik
Ramiz Mehdiyev "Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix" əsərində vurğulayır ki, Ermənistan
prezidenti indi daha çox öz hakimiyyətinin hayında
olduğu üçün münaqişə ilə
bağlı mövcud "status-kvo"nun saxlanılmasına
səy göstərir. Lakin bu vəziyyətin
özü işğalçı ölkəni iflic vəziyyətindən
çıxmağa qoymur. İqtisadiyyata
yönəldilməli olan xərclər
işğalçı ordunun, separatçı rejimin
saxlanılmasına sərf edilir. Ermənistanda
sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişmədiyini,
insanların aclıq və səfalət içində
yaşadığını müxtəlif beynəlxalq təşkilatların
hesabatları da təsdiqləyir. Hakim
rejimin bütün səylərinə rəğmən,
ölkədən köçüb-gedənlərin sayı
durmadan artır.
Müəllif
Ermənistanın yaşamaq üçün perspektivsiz
ölkə olmasını da konkret faktlar əsasında
vurğulayır: "Yerevanın seçdiyi model müasir
dövrün tələblərinə və
bütövlükdə Ermənistan əhalisinin istəyinə
uyğun gəlmir, özü də təkcə ona görə
yox ki, o öz mahiyyətinə və mənasına görə
aktual deyildir. Bu model cari ictimai reallıqlardan
uzaq olmaqdan əlavə, həm də hakimiyyət ilə
xalqın həmrəyliyini təmin etmir. Məntiqi
nəticə ölkənin demoqrafik cılızlaşması
oldu. BMT-nin və Ermənistan Səhiyyə
Nazirliyinin statistikasına görə 2013-cü ildə bu
respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət
göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə
müqayisədə iki dəfədən çox azalıb.
Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda
87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi
41.906 uşaq doğulub. Bu göstəriciyə əsasən,
Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə
çıxarmaq olar".
Kitabda, həmçinin Dağlıq Qarabağ ermənilərinin
milli "özünütəyinetmə" hüququnun əsassız
olduğu konkret faktlarla göstərilmişdir. Ermənistan Respublikası
bütün beynəlxalq hüquqi sənədləri,
xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində,
eləcə də 1975-ci il 1 avqust tarixli
ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq
hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Ermənistan tərəfi ermənilərin öz
müqəddəratını təyinetmə hüququnu əsas
gətirərək Dağlıq Qarabağın müstəqil
dövlət kimi tanınmasına çalışır.
Ancaq ermənilər öz müqəddəratını
təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində
ən yüksək səviyyədə istifadə edərək
özlərinin müstəqil dövlətini - Ermənistan
Respublikasını yaratmışlar. Dövlət
başçısı İlham Əliyev də
çıxışlarında dəfələrlə bəyan
etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci
ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan
xanlığı və Zəngəzur mahalı ərazilərində
yaradılmışdır.
Əsərdə ermənilərin Azərbaycana
qarşı ərazi iddialarının beynəlxalq hüquq
baxımından əsassızlığı da sübuta
yetirilir.
Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, hazırda
mövcud olan dövlətlərin sərhədləri "kim əzəldən harada
yaşamışdır və kim haraya
köçmüşdür" prinsipi ilə müəyyənləşmir.
Eyni zamanda, başqa dövlətin beynəlxalq
birlik tərəfindən tanınan ərazi
bütövlüyünə qəsd etmək, işğal yolu
ilə gedərək onu özününküləşdirmək
dövrü çoxdan geridə qalmışdır.
Dövlətin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı millətlərin öz müqəddəratını təyin etməsində başlıca şərtdir. Heç bir dövlətin hazırkı siyasi birliyi və ərazi bütövlüyü separatçılıqla bölüşdürülə bilməz. Eyni zamanda, unutmaq olmaz ki, Dağlıq Qarabağda separatçı erməni rejimi formalaşanadək burada əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil ediblər. Həmin muxtar vilayətdə rusların və digər millətlərin nümayəndələri də yaşayıblar. Belə olan halda, həmin ərazidə yalnız ermənilərin öz müqəddəratını təyin etmək kimi iddia ilə çıxış etməsi yolverilməzdir. Eyni zamanda, oradakı ermənilərin "Dağlıq Qarabağ xalqı" kimi qələmə verilməsi tamamilə absurddur. Azərbaycan Prezidenti bu reallıqdan çıxış edərək gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı erməni icması ilə yanaşı, azərbaycanlı icmasının da maraqlarının və təhlükəsizliyinin əsas götürülməsini vacib sayır.
Ümumilikdə, kitabda o da vurğulanır ki, sülh danışıqlarını görüntü xatirinə davam etdirmək niyyətində olmadığını dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı hələlik prosesləri təmkinlə izləyir və nizamlanma prosesinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan yaranmış fürsəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcəkdir. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır.
Əsərin sonunda müəllif ümidvar olduğunu bildirir ki, erməni milli elitası bu millətin ən savadlı hissəsi kimi perspektivdə qarşılarına barbar vəzifələr deyil, səmərə, xeyir gətirən, öz xalqının daha yaxşı gələcəyinə ümid doğuran məqsədlər qoymaq üçün özündə qüvvə tapacaqdır. Çünki 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanandan sonra yaranmış ayırıcı xətt heç vaxt Azərbaycan tərəfindən yeni dövlətlərarası sərhəd kimi tanınmayacaq! Buna görə Ermənistan elə özünün mənafeyi üçün ilkin mövqelərə qayıtmalı, kompromis yanaşmalara razılıq verməlidir. Əks halda, vəziyyət daha da radikallaşacaq və regionda sabitliyi pozan tərəf sülhə məcbur ediləcəkdir.
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2014.- 15 oktyabr.- S.3.