Azərbaycan-Çexiya əlaqələrinin inkişafında

 parlamentlərarası əməkdaşlığın böyük rolu var

 

Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın böyük rolu var. Bu baxımdan hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının üzərinə mühüm vəzifələr düşür.

AzərTAc xəbər verir ki, bu fikirləri Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filip oktyabrın 14-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdə səsləndirib.

V.Filip Çexiyanın və Azərbaycanın oxşar tarixə malik ölkələr olduqlarını söyləyib. O, Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin, xüsusilə parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Milli Məclisin sədr müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərov ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad əsasında qurulduğunu və hər iki ölkənin eyni dəyərləri bölüşdüyünü deyib.

V.Ələsgərov ikitərəfli münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycan ilə Çexiya arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsinin önəmini qeyd edib.

Milli Məclisin sədr müavini, həmçinin qonaqlara son illərdə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər, həyata keçirilən böyük layihələr barədə məlumat verib.

 

Azərbaycan.-2014.- 15 oktyabr.- S.4.