SABAH qrupları yüksək səviyyəli, rəqabətədavamlı

 mütəxəssislərin hazırlanmasına xidmət edir

 

Müsahibimiz Təhsil Nazirliyinin Aparat rəhbərinin

 müavini, "SABAH" layihəsinin İdarəetmə Şurasının katibi Yaqub Piriyevdir

 

- Yaqub müəllim, ali məktəblərdə təhsil alan savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qruplarının yaradılması hansı məqsədlərə xidmət edir?

- Yüksək intellektə malik insan kapitalının formalaşmasında və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bu, qloballaşan dünyada bilik iqtisadiyyatının daha geniş təşəkkül tapması ilə bağlıdır. Ali təhsil müəssisələri ilə işəgötürənlərin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, tələbələrin praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu baxından Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 24 oktyabr 2013-cü il tarixində təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çox böyük əhəmiyyət kəsb edirali təhsil sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.

Təhsil Nazirliyi təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialının inkişaf etdirilməsini nəzərdə tutur. Müasir dünyanın yeni tələbləri və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi garşısında tamamilə yeni tələblər qoyur. Bu tələblər ali təhsil sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı, öyrənməyə böyük marağı olan tələbə və müasir tədris üsullarını mənimsəmiş müəllim amilini aktuallaşdırır.

Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması zərurəti bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırıb. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil sahəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin olunması və ali təhsil sistemində yeni mühitin yaradılması məsələləri qarşıda duran əsas vəzifələrdəndir. Bunun reallaşdırılması məqsədilə Təhsil Nazirliyi nazir Mikayıl Cabbarovun təşəbbüsü və dövlətin dəstəyi ilə 2014-2015-ci tədris ilindən başlayaraq ali təhsilin bakalavriat səviyyəsində SABAH qrupları, yəni savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili layihəsini həyata keçirməyə başlamışdır.

- SABAH qruplarına tələbələrin seçimi prosesi necə təşkil edilib?

- SABAH qruplarına tələbələrin seçimi təhsil nazirinin əmri ilə təsdiq olunmuş "SABAH qruplarına qəbul qaydaları"na müvafiq olaraq üç mərhələdən - elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub. SABAH qruplarına müsabiqənin mütəşəkkil aparılması məqsədilə ali təhsil müəssisələrinin tələbələri və həmçinin respublika cəmiyyəti televiziya, dövri mətbuat və internet vasitəsi ilə məlumatlandırılmış, SABAH qruplarının rəsmi saytı sabah.edu.az yaradılmışdır. 2014-2015-ci tədris ili üçün SABAH qruplarına 2500-ə qədər tələbə elektron ərizə ilə müraciət etmişdir. Test imtahanında tələbələr iki fənn üzrə - xarici dil və məntiqdən hər birindən 25 sual olmaqla, cəmi 50 test sualını cavablandırmışdılar. Uğurlu nəticələr qazanmış 860-a yaxın tələbə seçimin müsahibə mərhələsində iştirak etmişdir. Müsahibə mərhələsi təhsil nazirinin əmri ilə təsdiq olunmuş komissiyalar tərəfindən tələbələrin fəaliyyətinin müxtəlif aspektlərini nəzərə alan xüsusi metodikaya uyğun aparılmışdır.

SABAH qruplarına müsahibədən sonra hər bir ixtisas üzrə 15-30 nəfər tələbə olmaqla qruplar formalaşdırılmışdır. Tələbələr cari ildən 7 baza ali təhsil müəssəsində öz təhsilini ikinci kursdan davam etdirirlər.

- Sizcə, SABAH qruplarının yaradılması ölkənin ali təhsil sistemində aparılan islahatlarakimi fayda verəcəkdir?

- Təhsil Nazirliyi Dövlət Strategiyasında müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə cari ilin əvvəlində ali təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlayıb. Qeyd olunan islahatların əsas məqsədi ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılmasından, təhsilin keyfiyyətinin yüksəldilməsindən və ali məktəblərin idarəolunmasının müasir tələblər səviyyəsində təşkil edilməsindən ibarətdir.

Bu baxımdan savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil edilən SABAH qrupları layihəsi Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərindən biridir.

- SABAH qrupları neçə ali məktəbdə fəaliyyət göstərir?

- SABAH qrupları 34 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyamaddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs aparır.

- SABAH qruplarında təhsil alan tələbələrə hansı əlavə üstünlüklər verilir?

- SABAH qruplarında təhsil alan tələbələr ilk olaraq mükəmməl şəkildə xarici dilə yiyələnəcəklər. Həmçinin yeni texnologiyaları, peşə ixtisasını daha dərindən mənimsəyəcəklər. Eyni zamanda, tələbələr üçün müxtəlif mübadilə proqramları nəzərdə tutulur. Xariciyerli şirkətlərlə sıx əlaqələr yaradılacaq. Bundan başqa, təhsil müddəti ərzində tələbələrin istər yerli, istərsə də dünyada məşhur olan elm, təhsil, biznes, istehsalat sahələrinin tanınmış adamları ilə görüşləri keçiriləcək.

SABAH qrupunda tədris aparan müəllimlər də müəyyən meyarlar əsasında seçilmişdir. Tədris həm yerli professor-müəllim heyəti, həm də xaricdən dəvət olunmuş müəllimlər tərəfindən aparılır. SABAH qruplarının tədris prosesində, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış gənc kadrların potensialından da istifadə olunur. Bu qruplarda tədris aparan müəllimlər üçün stimullaşdırıcı tədbirlər müəyyən edilmişdir. Onlara əsas əməkhaqları ilə yanaşı, SABAH qruplarında keçdiyi dərslərin saatından asılı olaraq əlavə əməkhaqqı da nəzərdə tutulmuşdur.

SABAH qruplarında tələbələr ödənişli və ya dövlət sifarişi ilə təhsil almasından asılı olmayaraq, əlavə təqaüd alacaqlar. Aztəminatlı ailələrdən olanlar yataqxana və gündə üç dəfə yeməklə təmin olunublar.

Qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcəkdir. Xüsusilə qeyd olunmalıdır ki, SABAH-ın fərqlənən tələbələri öz ixtisasları üzrə xarici ölkələrə təcrübəyə göndəriləcəklər.

- Yeri gəlmişkən, bu günlərdə Təhsil Nazirliyi tərəfindən SABAH Forumu keçirildi. Bu tədbirdə əsasən hansı hədəflər haqqında söhbət açıldı?

- Məlum olduğu kimi, 10-11 oktyabr 2014-cü il tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq I SABAH Forumu keçirilib. Forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsindən, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsindən, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.

Tədbirdə qeyd olunub ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri də gənclərin potensialının inkişaf etdirilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili xarici ölkələrlə yanaşı, öz ali təhsil müəssisələrimizdə də ala bilər. Bu gün müasir təhsili qloballaşan dünyanın dəyişən tələblərindən olan çeviklik, peşəkarlıq, yeni texnologiyalar olmadan, xarici dillərin öyrənilməsindən kənar təsəvvür etmək çox çətindir. Bu aspektlərin hər biri SABAH qruplarında özünü əks etdirir.

Forum çərçivəsində, həmçinin tələbələr üçün "ustad dərsləri" keçirilib. Tanınmış ictimaiyyət nümayəndələri "Karyera inkişafı", "Liderliyə layiqsənmi?", "Sən də bir brendsən" və "Vaxtına sahib çıx" mövzularında məruzələrlə çıxış ediblər.

Forumda təhsil naziri Mikayıl Cabbarovun, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanovun, UNİ bankın idarə heyəti sədrinin birinci müavini Xalid Əhədovun, BDU-nun dekan müavini Gündüz Kərimovun, tanınmış şoumen Murad Dadaşovun iştirakı ilə müzakirələr başlayıb. Tələbələri daha çox maraqlandıran məsələlər səsvermə yolu ilə müəyyənləşdirirlib və müzakirələr konkret istiqamətdə aparılıb. Bu istiqamətlər liderlik keyfiyyəti, qərar qəbuletmə, karyera inkişafı, məsuliyyətin bölüşdürülməsi, bilik, bacarıq və qabiliyyət formulunda təhsil konsepti mövzularını əhatə edib.

Yekunda qeyd etmək istəyirəm ki, SABAH layihəsinin miqyası gələcəkdə daha da genişlənəcək və onun məzunları Azərbaycanın inkişafına öz layiqli töhfələrini verəcəklər.

 

Müsahibəni apardı:

İ.HÜSEYNLİ,

Azərbaycan.-2014.- 15 oktyabr.- S.4.