Mədəni irs Azərbaycan dövlətinin prioritetləri arasında xüsusi yer tutur

 

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində oktyabrın 14-də “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutub.

Mərasim iştirakçıları əvvəlcə “İcmalar irsi formalaşdırır: Azərbaycan simaları” mövzusunda hazırlanmış fotosərgi ilə tanış olublar.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin Avropanın bütün beynəlxalq layihələrində, tədbirlərində fəal iştirakından söz açıb.

Bildirilib ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində nəzərdə tutulan silsilə tədbirlər sırasında məhz mədəniyyət və turizm tədbirlərinin keçirilməsi sevindirici haldır. Müvafiq sahədə ilk tədbirin “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” olduğunu diqqətə çatdıran nazir ölkəmizin özünü Avropa ailəsinin ən yaxın üzvü kimi tanıtdıra bildiyini qeyd edib.

Ə.Qarayev deyib: “Mədəni irs Azərbaycan dövlətinin prioritetləri arasında xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq olunub. Bu konsepsiyada mədəni irsin qorunması əsas istiqamətlərdən biri kimi əksini tapıb. Fəxr edirik ki, mədəni irsə marağımız nəinki ölkə daxilində, eyni zamanda bütün qitələrdə də öz əksini tapıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində mədəniyyət obyektlərinin bərpası, yenidən qurulması istiqamətində layihələr həyata keçirilir. Qloballaşan dünyada Azərbaycan bütün mədəniyyətlərə doğru açıq sima, açıq niyyət arzusu ilə gedir”.

Belə möhtəşəm tədbirin Azərbaycanda təşkilinin əhəmiyyətini vurğulayan mədəniyyət və turizm naziri təşkilatçılara dərin təşəkkürünü bildirib.

Tədbirdə “Avropa irs günləri layihəsi və onun Azərbaycanda qeyd olunması”na dair film nümayiş olunub.

Sonra Avropa Şurasının demokratik idarəçilik direktorluğunun rəhbəri Klaudia Luçianinin videomüraciəti nümayiş etdirilib.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Komissiyasının “Yaradıcı Avropa proqramının” rəhbəri Monika Urian de Souza və “Avropa irs günləri” layihəsinin meneceri Madelena Qrosman tədbirin əhəmiyyətindən və təmsil etdikləri ölkədə müvafiq sahə üzrə təcrübələrindən söz açıblar.

Bildirilib ki, layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

Tədbir işini sessiyalarla davam etdirib.

 

Azərbaycan.-2014.- 15 oktyabr.- S.6.